“Bəzi beynəlxalq maliyyə institutları neft-qaz sahəsini maliyyələşdirməyi dayandırıb”. Bunu Prezident İlham Əliyev Bakı Enerji Həftəsi çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin açılış mərasimindəki çıxışı zamanı deyib.
Ölkə başçısının sözlərinə görə, sözügedən məsələdə realist olmaq lazımdır: “Son il yarım ərzində bizə 10-dan artıq ölkə müraciət edib ki, təchizatın həcmini artıraq və ya həmin ölkələrə təchizata başlayaq. Əlbəttə, biz bütün dostlarımızın ehtiyaclarını ödəməyə çalışırıq. Sərmayələri də əlaqələndirməliyik ki, bazar imkanları nəzərə alınsın. Onu da vurğulayım ki, bu işdə beynəlxalq maliyyə institutlarının dəstəyinə ehtiyacımız var. Bilirik ki, bu gün “yaşıl enerjiyə” gəldikdə, bəzi beynəlxalq maliyyə institutları neft-qaz sahəsini maliyyələşdirməyi dayandırıb. Amma mən hesab edirəm ki, biz bir balaca realist olmalıyıq. Çünki qaz və neft təchizatı olmadan enerji təhlükəsizliyi tam olaraq təmin edilə bilməz”.
“Xüsusən də mavi qaz strateji əhəmiyyətini qoruyub saxlayacaq”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən millət vəkili Vüqar Bayramov hesab edir ki, neft-qaza hələ uzun illər ehtiyac olacaq: “Çünki ənənəvi enerji təminatı aktual olaraq qalmaqdadır. Bundan yaxın perspektivdə imtina etmək mümkün görünmür. İstəsələr belə, bu real görünmür. Ona görə ki, bu məhsullara tələbat var. Tələbat varsa, deməli həmin məhsullar hasil edilməlidir. Azərbaycan özünün mavi qaz və neft ixracatı ilə Avropanın enerji təhlükəsizliyinə xüsusi töhfə verir. Bu gün Avropa İttifaqı alternativ enerji mənbələrindən istifadə faizini artırmağa çalışır. Ancaq yenə də Avroittifaq daxilində ən çox istifadə olunan enerji məhsulları neft-qazdır. Avropa İttifaqının əsas iqtisadi lokomotivi hesab olunan Almaniya enerjiyə olan tələbatının 50 faizini ənənəvi enerji hesabına təmin edir. Ona görə də hələ uzun müddət bu enerji məhsullarına ehtiyac olacaq. Xüsusən də mavi qaz strateji əhəmiyyətini qoruyub saxlayacaq. O cümlədən bu, birmənalı şəkildə region bazarı üçün vacib istiqamətlərdən biri olacaq. Digər mühüm məqamlardan biri ondan ibarətdir ki, Azərbaycanın yalnız ənənəvi deyil, həm də innovativ məhsullar üzrə yaxın illərdə ixracatçıya çevrilməsi qaçılmazdır. Yəni alternativ enerji mənbələrindən əldə etdiyi enerjini Avropa bazarına ixrac edəcək. Bunun özü olduqca vacib məqamdır. Ona görə də Azərbaycan həm ənənəvi, həm də innovativ enerji təminatında regionda xüsusi paya malik olacaq. İnnovativ enerji məhsullarının ixracı ilə bağlı Azərbaycanın payı artacaq”.
Vidadi ORDAHALLI