Uzun əsrlərdir xalq məsəlinə çevrilən "sağ əlin verdiyini sol əl bilməməlidir" deyimi, bildiyimiz qədər, Həzrəti Əlidən yadigar qalıb. O Həzrət Əlidən ki, islamın əsas dayaqlarından biri olub, dinimiz, haqq-ədalət uğrunda mücadilə verib, canından keçib.
1979-u ildən özünü İran İslam Respublikası elan edən molla rejimi özünü şiəliyin "bayraqdarı" kimi qələmə versə də, amma heç zaman nə Həzrət Əli, nə də Əhli-beyt məktəbinə bir addım da olsa yaxınlaşa bilib. Yeganə əldə etdiyi o müqəddəslərin adının kölgəsinə sığınıb öz məkrli niyyətlərini həyata keçirmək olub ki, biz onu hər an müşahidə edə bilirik. "Sağ əlin verdiyini sol əl bilməməlidir" deyimini boşuna söyləmədik, səbəbi var. Son zamanlar, xüsusən də 44 günlük Vətən müharibəsindən sonra molla rejiminin təmsilçiləri əllərində olan informasiya kanallarında mütəmadi olaraq Birinci Qarabağ müharibəsi zamanı qaçqın düşən azərbaycanlılara İranın göstərdiyi yardımlar barədə danışır, onlar üçün saldıqları çadır şəhərciklərin fotolarını yayırlar. Demə ki, mollaların qaçqınlarımıza yardım edərkən məqsədi onlar arasında özlərini "humanist" kimi göstərmək olub. Xomeyniçiliyi yaymaq, qondarma "Hilali-Əhmər"i qaçqınlar arasında təbliğ etmək niyyəti ilə əməlli-başlı kampaniya aparıblar. O acı günləri əks etdirən foto və videoları əsasən "Azərbaycan tarixi" teleqram kanalında yayırlar. Özləri də qeyd edirlər ki, fotolar ilk dəfə yayılır, mütəmadi olaraq fotolar yayılacaq. Yəni Azərbaycan seqmentində ilk dəfə yayıldığını yazırlar. İranın azərbaycanlı qaçqınlar üçün saldığı şəhərciklərin şəkilləri boyaboy yayılır.
Molla rejimi, nəinki "sağ əlin verdiyini sol əl bilməməlidir" deyiminə əməl edir, əksinə, etdiklərini faş edir, özünü reklam edib yardımlarını gözə soxub bizə minnət qoyur. Yenə də Həzrət Əlinin kəlamına diqqət yetirək, görək bu barədə nə deyib?
“Minnət gözəl əməli dəyərsiz və yüngül edər. Öz gözəl əməlinə minnət qoyan alicənablığa zülm etmişdir”. Bunu da Həzrət Əli deyib.
"Ola bilsin, o dövrdə özünü reklam etmək üçün nəsə edib, amma indi onu şişirdib təqdim edir və bu da xoşagəlməz şəkil alır"
AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə doktoru, BAO sədrinin müavini, siyasi şərhçi Faiq Ələkbərli "Bakı-Xəbər"ə şərhində bildirdi ki, molla rejiminin Azərbaycana münasibəti məlumdur və o heç cür Azərbaycanın müstəqilliyini, eləcə də öz torpaqlarını işğaldan azad etmə faktını həzm edə bilmir.
"Azərbaycanın varlığı, onun dövlətçilik ənənəsi, tarixi, min illər boyu mövcudluğu çox məsələləri ortaya qoyur. İran adlanan ölkənin bunu inkar etməsi, tarixi saxtalaşdırması, müxtəlif ittihamlar irəli sürməsi heç nəyi dəyişmir. Bu baxımdan, guya İran adlanan ölkə hansısa şəkildə vaxtilə qaçqınlara yardımlar edib, şəhərciklər salıb, bunlar əsasən şişirtmələrdir. Molla rejiminin "qaçqınlar üçün şəhərciklər salmışıq" deyib fotolar yayması onun özünü şişirtməsindən başqa bir şey deyil.
Əlbəttə, o zaman qaçqınlarımıza müxtəlif ölkələrdən yardımlar edilirdi, onların içində İran da ola bilərdi, başqaları da. Heç bir ölkə göstərdiyi dəstəyi dilə gətirib başa qaxmır, amma molla rejimi etdiyi kiçik yardıma görə belə edir. O zaman müəyyən kiçik yardımlar edə bilərdi, amma burada söhbət hansısa şəhərciklərdən, geniş maddi yardımlardan gedə bilməz. Əksinə, biz bilirik ki, İran adlanan ölkə Birinci və İkinci Qarabağ müharibələrində Ermənistana dayaq olub. Ermənistana dayaq olan Tehran rejimi azərbaycanlı qaçqınlara necə səmimi ola bilərdi ki? Ola bilsin, o dövrdə özünü reklam etmək üçün nəsə edib, amma indi onu şişirdib təqdim edir və bu da xoşagəlməz şəkil alır.
O, Ermənistanı hər cür dəstəkləyib, indi də dəstəkləyir, hər cür maddi yardımlar edib, etməkdə də davam edir. İndi molla rejiminin və uzantılarının hansısa sosial şəbəkələrdə, instaqram, teleqram kanallarında Azərbaycanla bağlı səhifələr yaradıb. Bu səhifələrdə şantaj və böhtanlara davam etməsi təsadüfi deyil. Burada əsas məqsəd Azərbaycan insanını çaşdırmaqdır, onları doğru bilgilərdən şübhələndirməkdir. Molla rejiminin əsas hədəfi tamamilə saxta məlumatlar yayıb insanlarımızı yanlış bilgiləndirməkdir. Bununla da İran adlanan ölkəni "haqlı" çıxarmağa və onun "doğru yolda" olduğunu ortaya qoymağa çalışırlar. Ancaq bununla heç nəyə nail ola bilməyəcəklər. Çünki bu kimi saxta məlumatlar əsas gerçəyi dəyişmir, dəyişməyəcək də. Bunlar artıq ciddi şəkildə Azərbaycan tarixini, mədəniyyətini, onun varlığını saxtalaşdırmaq üçün hər cür uydurmalara əl atırlar" - deyə bildirən F.Ələkbərli hesab edir ki, molla rejimi bu yanlış informasiyalarla heç nəyə nail ola bilməyəcək.
Əli TURABOV