Prezident İlham Əliyevin mayın 28-də Laçın sakinləri ilə görüşdə Xankəndidəki oyuncaq rejimin “prezident”inə, “parlament”inə, “məmurlar”ına verdiyi mesajlar oradakı quldur dəstəsini narahat etsə də, beynəlxalq aləmdə müsbət qarşılanıb.
Qarabağın ermənilər yaşayan ərazisində olan “məmur”lara hansı hallarda aministiya tətbiq ediləcəyini açıqlayan Prezident Əliyev şərtləri çox aydın izah edib. Bildirib ki, orada özlərini “prezident”. “parlament sədri” və “parlament üzvü” elan etmiş ünsürlər “vəzifələri”ni tərk etməli, oyuncaq qurumlar öz “fəaliyyət”ini dayandırmalı və iddialarından əl çəkib düz yola qayıtmalıdırlar, yalnız bundan sonra onların vəziyyəti normal ola bilər. Yəni İlham Əliyev Qarabağ separatçıları istefa verdiyi və Azərbaycan qanunlarını tanıdığı təqdirdə onların amnistiyasına baxıla biləcəyini bəyan etdi. Məlum olduğu kimi, ABŞ Dövlət Departamenti Prezident İlham Əliyevin amnistiya ilə bağlı son açıqlamalarını alqışlayıb. Məlumdur ki, ABŞ-ın bu mövqeyi Ermənistanda bəzi siyasi tənqidçilərin narazılığına səbəb olub. Separatçılar da həmişə özlərinə arxa-dayaq saydıqları ABŞ Dövlət Departamentinin addımından narazı qalıb, məyus olublar. Bir sözlə, seraratçıların güvəndiyi dağlara qar yağıb.
Oyuncaq qanunsuz rejimin qondarma “Xarici İşlər Nazirliyi” ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsinin bəyanatı ilə bağlı “şərh” verib. Bu barədə oyuncaq qurumun “mətbuat xidmətindən” Armenpress-ə bildirilib. ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsinin Azərbaycan Prezidentinin amnistiya məsələsinə baxmağa hazır olması barədə 28 may 2023-cü il tarixli son bəyanatlarını alqışlaması separatçılarda “dərin məyusluq və çaşqınlıq yaradıb”.
“Onlar hesab edirdilər ki, havadarlarının arxasına sığınmaqla "fəaliyyətlərini" davam etdirəcəklər”
Məsələyə şərh verən AMEA Qafqazşünaslıq İnstitutunun Ermənişünaslıq şöbəsinin müdiri Elnur Kəlbizadə “Bakı-Xəbər”ə “Azərbaycan Respublikasının Prezidenti özünün bütün çıxışlarında, müharibədən sonrakı dövrdə vəziyyətin tənzimlənməsi üçün səsləndirdiyi bütün fikirlərdə beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanır. Faktiki olaraq, dünyadakı güc mərkəzləri Azərbaycanın əsaslandırılmış və konstruktiv mövqeyini qəbul edir. Başqa sözlə desək, İlham Əliyevin lideri olduğu Azərbaycan təkcə Ermənistanı hərb meydanında məğlub etməyib, dünyadaki erməni lobbisi üzərində, onların havadarlarının üzərində ardıcıl və parlaq qələbələr qazanıb. Qarabağdakı terrorçular başa düşürlər ki, labüd sonları çatıb. Qorxunun əcələ faydası olmadığı kimi, terrorçu tör-töküntülərinin çığır-bağırının da heç bir faydası olmayacaq. Onlar hesab edirdilər ki, havadarlarının arxasına sığınmaqla "fəaliyyətlərini" davam etdirəcəklər”-deyə bildirdi.
E.Kəlbizadə əlavə etdi ki, indi onların xilas olmaq üçün sadəcə bir yolu var: Azərbaycandan imdad diləmək, Azərbaycan Bayrağının altında, onun qanunları ilə yaşamaq...
İradə SARIYEVA