Görünən budur ki, erməni separatçıları Qarabağda təxribat hücumlarını intensivləşdirib. Son iki gündə qanunsuz erməni silahlı dəstələri Ordumuzun mövqelərinə təxribat atəşi açır.
Bununla yanaşı, Rusiya sülhməramlılarının müşayiəti ilə yenidən silah-sursat daşınmasına cəhdlər edilir. Prezident İlham Əliyevin təslim olmaq və amnistiyadan yararlanmaq imkanı ilə bağlı son çağırışından imtina edən separatçıların üç variant üzərində düşündüyü bildirilir:
1. Əliyevin tələbini qəbul etmək və anlaşmaq: buna müvəqqəti həll yolu kimi baxılır və anlayırlar ki, maksimum 1 ildən sonra ermənilərin hamısı ərazini tərk edə bilər.
2. Bütün təklifləri rədd etmək və müharibəyə hazırlaşmaq.
3. Qarabağı tamamilə tərk etmək.
Separatçıların bu variantlardan hansını qəbul edəcəyi gözlənilir?
Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Ermənistan-Azərbaycan münaqişəsi Qərbin vasitəçiliyi ilə müzakirəyə çıxarılan kimi, mütləq mənada bir təxribat olur: “Bunu da ermənilərlə ruslar müştərək şəkildə həyata keçirir. Moldovada görüş yaxınlaşan kimi bu təxribatların sayı daha da artmağa başladı. Həm Qarabağdan, həm də Ermənistanın özündən Azərbaycan mövqeləri atəşə tutuldu. Bundan əvvəl də İlham Əliyev Qarabağdakı ermənilərlə bağlı mövqeyini ifadə etdi. Burada amnistiya məsələsi də gündəmə gəlmişdi. Bu addım ABŞ tərəfindən də təqdir edildi. Dövlət rəsmilərinin bu addımı Ermənistanda böyük qıcıq yaratdı. Azərbaycan beynəlxalq hüquqa uyğun şəkildə öz istəklərini reallaşdırır. Ermənilər bu variantlardan hər birini edə bilər. Bu toplumun içərisində revanşistllər var. Onlar yerli əhalinin beynini zəhərləməklə məşğuldur. Qarabağda yaşayan ermənilərin böyük əksəriyyəti separatçıdır. Orada az bir qisim dinc əhali qalıb. Düşünmürəm ki, onlar sakit yolla təslim olacaq. Mütləq mənada antiterror əməliyyarı həyata keçirməliyik. Yalnız bundan sonra onlar sülh sazişi bağlamağa meyl edəcək. Hətta sənəddə nəyə imza atsalar da, əməldə başqa cür davranacaqlar.
Ermənistanın sülh sazişi ilə bağlı səsləndirdiyi müxtəlif formatlı bəyanatlar sadəcə beynəlxalq ictimaiyyətin fikrini azdırmaq üçün verilən bəyanatlardır. Hazırda Ermənistan 30 illik işğal dövründən sonra müharibədə dizi üstə çöküb məğlub olmasına baxmayaraq, yenə də bütün dünyanın gözü qarşısında silahlanmağa davam edir. Hindistanla, İranla və digər dövlətlərlə yeni silahların alınması üçün aktiv fəaliyyət göstərir. Xatırladıram ki, dünyada işğalçı ölkələrin silahsızlaşdırılması üzrə fəaliyyətlər həyata keçirməli olduğu halda, bu proseslərdə növbə Ermənistana çatanda bir çox ölkələr bu məsələyə göz yumur”.
Partiya sədri hesab edir ki, həqiqətən də Ermənistan ölkəmizin ərazi bütövlüyünü tanısaydı, Qarabağdan erməni silahlı dəstələrini çıxardardı: “O cümlədən, Ermənistana 370 milyon dollar büdcə vəsaiti verilməzdi. İndiki halda da danışıqlar gedir, ancaq Paşinyan sadəcə vaxtı uzatmaq üçün bu addımları atır. Üzərimizə düşən odur ki, biz öz istədiklərimizi reallaşdıraq. Çünki Ermənistan sülh müqaviləsi imzalamaqda maraqlı deyil.
Qərbin əsas mövqeyi ondan ibarətdir ki, Rusiyanı regiondan çıxartsın. Ermənistan isə indiki halda Rusiya ilə birgə hərəkət edir. Əlbəttə ki, biz sülh istiqamətində danışıqlara getməliyik, danışıqlardan qaçmaq olmaz. Amma danışıqların nə ilə nəticələnəcəyini də bilmək lazımdır”.
Məhəmmədəli QƏRİBLİ