Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda keçirilən “Demokratiya Uğrunda Ermənistan Forumu”nda çıxışı zamanı bəyan edib ki, onlar Qarabağla bağlı həqiqətləri bilməyib:
“Biz Qarabağ məsələsi ilə bağlı həqiqəti bilmirdik. Ermənistanda demokratiyanın olmaması və ya ona olan münasibət bizim hamımıza Qarabağ məsələsində həqiqəti bilməyə mane olub. Bu, çox vacib işdir. Siyasi müzakirəyə başlamaq istəmirəm. Amma elə bir model var ki, ekspertlər səviyyəsində Qarabağ məsələsindən yalnız bir neçə nəfər xəbərdardır. Bu da dediklərimə açıq-aydın sübutdur”.
Nikol onu da qeyd edib ki, bu onun üzləşdiyi ən böyük problemdir: “Bu səbəbdən indi biz demokratiya şəraitində Qarabağ məsələsi ilə bağlı yeni məlumatlar öyrənirik. Məlum bəyanatların yeni mənaları, kontekstləri və təfərrüatları üzə çıxır”.
Maraqlıdır, bununla Paşinyan nə demək istəyir? Demək istəyir ki, Ermənistanda əvvəlki hakimiyyətlərin dövründə demokratiya olmadığı üçün Qarabağ probleminin mahiyyətindən xəbərsizlik var idi?
“Yəqin bütün bunları Paşinyan anlayır və cəmiyyəti köhnə iddialardan əl çəkməyə hazırlayır”
Sözügedən məsələ ilə bağlı “Bakı-Xəbər”ə açıqlama verən Demokratik Dəyişim Partiyası Təşkilat Komitəsinin sədri Əli Mustafayev hesab edir ki, Paşinyanın fikirlərində həqiqət var: “Məsələ ondadır ki, 2018-ci ilə qədər Ermənistanda mövcud olan avtoritar hakimiyyətlər bir çox həqiqətləri erməni cəmiyyətindən gizlədib. Xüsusən də Köçəryan-Sarkisyan cütlüyündən ibarət olan “Qarabağ klanı”nın 20 illik hakimiyyəti dönəmində bu daha qabarıq və ifrat formada özünü göstərdi. Ola bilsin, Paşinyan indi anlamağa başlayır ki, heç də vəziyyət ermənilərin düşündüyü, arzuladığı kimi deyil. Bunlar anlamağa başlayırlar ki, əslində Qarabağın ermənilərə, Ermənistana heç bir dəxli yoxdur. Qarabağ Azərbaycan torpağıdır. Ortada real tarix var. Tarix ondan ibarətdir ki, ermənilər Qarabağa 19-cu əsrdə İrandan, Türkiyədən köçürülüb. Ermənilər Qarabağın yerli aborigen əhalisi deyil və o üzdən, onların iddiaları əsassızdır, perspektivsizdir. Ancaq Qarabağ münaqişəsi əslində Cənubi Qafqazda Rusiyanın qalma mexanizmidir. Qarabağ münaqişəsinin diri saxlanılması Ermənistan-Azərbaycan münasibətlərinin korlanması, iki ölkənin inkişafının qarşısının alınması deməkdir. Qarabağ məsələsi Rusiyanın Ermənistandakı proseslərə müdaxilə imkanıdır. Yəqin bütün bunları Paşinyan anlayır və cəmiyyəti köhnə iddialardan əl çəkməyə hazırlayır. Çünki bu məsələ qaldıqca, həm Ermənistan daxilində, həm də bütövlükdə Cənubi Qafqazda siyasi sabitlik olmayacaq. Bu da imkan verəcək ki, Rusiya regionu təzyiq altında saxlaya bilsin. Əslində Paşinyan bir az da ağıllı olsa anlayar ki, vaxtilə Baltikyanı dövlətlərin sağlam siyasət yeritməsi hər üç ölkənin inkişafına səbəb oldu. Baltik ölkələri NATO-nun, Avropa İttifaqının üzvü oldular. Nəticədə həmin ölkələrdə əhalinin rifah halı daha da yüksəldi. Ermənistan və erməni milləti Rusiyanın əlində bir maşaya, vasitəyə çevrilməsəydi, indi Cənubi Qafqaz da bənzər şəkildə inkişaf edərdi. Əhalinin rifah halı yüksələrdi. Bütün bunların olmamasının səbəbi ermənilərin maşa kimi istifadə olunması və həqiqətləri bilmək istəməmələridir”.
Vidadi ORDAHALLI