Azərbaycan Bayrağını təhqir edən erməni stilist işdən azad edilib. Bu barədə İctimai Televiziya Şirkətinin direktoru Ovannes Movsisyan parlamentdə jurnalistlərlə söhbətində bildirib.
O, dizayner Aram Nikolyanın, guya “öz ərizəsinə əsasən” işindən azad edildiyini deyib:
“Aram Nikolyan bir müddət əvvəl öz ərizəsinə əsasən işdən azad edilib, qalan suallar isə cənab Nikolyana ünvanlanmalıdır”. Onun iş yerinə girişə qadağa qoyulduqdan əvvəl işdən çıxarılıb-çıxarılmadığını soruşduqda, o belə cavab verib: “İndi xronoloji olaraq xatırlaya bilmirəm”.
Qeyd edək ki, Aram Nikolyan İctimai Televiziya Şirkətinin stilistik studiyasının rəhbəri olub.
Xatırladaq ki, İrəvanda aprelin 15-23-də ağır atletika üzrə Avropa çempionatı keçirilib. Çempionatın açılış mərasimində dizayner Aram Nikolyan birbaşa səhnədə Azərbaycan Bayrağını yandıraraq səhnədən aparıb. Bundan sonra o, saxlanılıb, sonra sərbəst buraxılıb.
Bu təxribatçının işdən azad edilməyində Azərbaycanın və beynəlxalq ictimaiyyətin təpkilərinin rolu nə dərəcədə olub?
Media eksperti Müşfiq Ələsgərli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bayrağımızı təhqir edən erməni dizaynerlə bağlı xəbərin niyə indi müzakirəyə çıxarıldığının səbəbini bilmir: “Hadisə aprel ayında baş verib. İrəvanda keçirilən beynəlxalq idman yarışında baş verən bu biabırçılıqdan sonra Ermənistanın rəsmi şəxsləri ən yüksək səviyyədə həm Azərbaycan, həm də beynəlxalq ictimaiyyət qarşısında üzrxahlıq ifadə etdilər. Elə həmin vaxt Aram Nikolyanın işdən azad edildiyi barədə məlumat vermişdilər. Mövzunun yenidən gündəmə gəlməsi çox maraqlıdır. Hadisədən sonra baş verənlər erməni riyakarlığının daha bir sübutudur. Həm günah edirlər, ardınca da üzrxahlıqla məsələni yoluna qoyurlar. Hesab etmirəm ki, həmin hadisə birdən-birə əmələ gəldi. Bu, heç Nikolyanın öz ağlının da məhsulu deyildi. Həmin addım erməni cəmiyyətində bir ruh yüksəkliyi yaratmağa hesablanmışdı. Müharibədən sonrakı əzginliyi oyatmaq istəyindən irəli gəlirdi. Onlar bu işi etdilər, ancaq gözləndiyindən daha çox qınağa tuş gəldilər. Bütün dünya ictimaiyyəti, idman aləmi həmin addımı sərt qınadı. Erməni tərəfi bu pressinqlərə görə üzrxahlıq etməyə və Aramı işdən qovmağa getdi. Bu, bir erməni hiyləsidir. Həm işlərini görürlər, həm də belə addımlar atırlar. Belə gedişləri ilə həm də Ermənistanın necə “demokratik” ölkə olduğuna dair rəy yaratmağa çalışırlar. Azərbaycan və dünya ictimaiyyəti ermənilərin necə cılız olduqlarını gözəl bilir. Belə informasiyalar vəziyyətdən çıxmaq üçün effektiv sayıla bilməz”.
Məhəmmədəli QƏRİBLİ