İran Rusiyaya silah tədarükü üçün birbaşa marşrutdan istifadə edir, Qərb dövlətləri buna qarşı heç nə edə bilmirlər. Bu barədə CNN məlumat yayıb.
Məlumata görə, Tehrandan Moskvaya hərbi yüklər əsasən Xəzər dənizi vasitəsilə daşınır. Bu marşrut Rusiyanın Ukraynadakı müharibə üçün aldığı pilotsuz təyyarələr, sursatlar və minaatanların daşınması üçün istifadə olunur. Rusiya və İranın yükləri daşıyan gəmiləri radarlardan gizlətməyə çalışdığı bildirilir.
Ötən il “Lloyd's List Intelligence” Xəzərdə gəmilərin izlənilməsi ilə bağlı məlumatlarda boşluqların sayında sentyabrda artım olduğunu aşkar edib. Bu, Tehranın Moskvaya PUA satmaqda ittiham edilməsindən az sonra baş verib. Rusiya ötən ilin payızından Ukrayna ərazisində İran dronlarından daha çox istifadə etməyə başlayıb. Amerikalı analitiklər hesab edirlər ki, Ukraynanın Qərbdəki müttəfiqlərinin bunun qarşısını almaq imkanları məhduddur. EOS Risk Qrupunun analitiki Martin Kelli deyib: “İranın Xəzər dənizində həmsərhəd ölkələr üzərindən ixracı üçün heç bir risq yoxdur, onların bu cür mübadilələrə mane olmaq üçün nə imkanları, nə də motivləri var”.
O da məlumdur ki, 2018-ci ildə Xəzərin statusu ilə bağlı sahilyanı ölkələr arasında Konvensiya qəbul olunub. Konvensiyada dənizin hərbi məqsədlər üçün istifadəsi qadağan olunub. O baxımdan, sözügedən gizli silah ticarəti Xəzər Konvensiyasına uyğundurmu?
“Sözügedən məsələ ilə bağlı daha tutarlı faktlar əldə edib, məsələni beynəlxalq müstəviyə çıxarmaq olar”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən sabiq millət vəkili, hüquqşünas Qulamhüseyn Əlibəylinin fikrincə, İranın bu addımı Xəzər konvensiyasına birbaşa ziddir: “Bu, birbaşa olaraq Konvensiyanın İran tərəfindən pozulması anlamına gəlir. Çünki o zaman doğrudan da Xəzəryanı dövlətlər arasında imzalanan sənəd dənizin hərbi məqsədlər üçün istifadəsini qadağan edirdi. Sənəd Xəzəri qeyri-hərbi məqsədlər üçün bir su hövzəsi kimi özündə əks etdirir. Bu o deməkdir ki, ora kənar dövlətlərin hərbu gəmilərinin daxil olması, dəniz vasitəsilə silah daşınması qadağandır. Ümumiyyətlə, Xəzər kimi su hövzələrində gizli formada silah daşınması beynəlxalq hüquqa ziddir. Düzdür, ölkələr arasında silah ticarətinə icazə verilir, amma Xəzərin bu məqsədlər üçün istifadə olunması yolverilməzdir. Bu, Xəzərlə bağlı Konvensiyanın İran tərəfindən kobudcasına pozulması deməkdir. İran bununla növbəti dəfə beynəlxalq hüquqa, qonşuluq münasibətlərinə və əldə olunan razılaşmalara zidd addım atmış oldu. Tehran göstərdi ki, bu ölkə imzaladığı sənədlərə etimadsız yanaşır. Bu ölkə üçün hansısa beynəlxalq sənəd əhəmiyyət kəsb etmir. Bununla terrorçu dövlət olduğunu bir daha təsdiqləmiş oldu. Ona görə də hesab edirəm ki, sözügedən məsələ bir daha ciddi müzakirə olunmalıdır. Beynəlxalq hüquq normalarına görə, İrana qarşı növbəti sanksiyaların qəbul olunması gündəmə gətirilməlidir. Onsuz da İrana qarşı bir sıra sanksiyalar mövcuddur. Bu sanksiyaları bir az da genişləndirmək lazımdır. Xəzərlə bağlı Konvensiyanı pozduğuna görə növbəti sanksiyalar tətbiq olunmalıdır. Fikrimcə, sözügedən məsələ ilə bağlı daha tutarlı faktlar əldə edib məsələni beynəlxalq müstəviyə çıxarmaq olar. Ən azından, İrana bununla bağlı xəbərdarlıq edilməlidir”.
Vidadi ORDAHALLI