Azərbaycan Prezidenti İlham Əliyev mayın 28-də Laçında bu rayondan olan sakinlərlə görüşdə bir müddət əvvəl yolu azaraq Ermənistan ərazisinə keçən və orada işgəncələrə məruz qalan iki hərbçimizdən danışıb.
“İkinci Qarabağ müharibəsi başa çatandan sonra Ermənistanla Azərbaycan nümayəndələri belə bir razılığa gəliblər, əgər kimsə yolu azsa, əgər belə bir hal baş verərsə, maksimum iki günə o adamlar qaytarılmalıdır. Biz buna əməl edirdik. Onları maksimum iki gün saxlayıb, sorğu-suala tutub qaytarırdıq, mülki vətəndaşları da, hərbçiləri də. Görün, onlar nə etdilər?! Onlar, birincisi, yolu azmış hərbçilərimizi vəhşicəsinə döyüblər, qandallayıblar, ləyaqətini alçaldıblar, döyülmə anlarını videoya çəkiblər. Ondan sonra həbs ediblər və artıq məhkum ediblər. Bu harada görünüb?”-deyə Prezident Əliyev bildirib.
Mayın 14-də Brüsseldə keçirilən üçtərəfli görüşdə bunun dözülməz olduğunu bildirdiyini deyən Prezident İlham Əliyev qeyd edib:
“Əgər siz bu razılaşmanı pozursunuzsa, bunun acısını siz özünüz çəkəcəksiniz”.
Azərbaycan yolu azmış hərbçilərlə və mülkü şəxslərlə bağlı razılığa əməl etsə də, lakin Paşinyan hökuməti buna əməl etmək istəmir, onlar razılığı pozurlar.
Paşinyan niyə verdiyi vədi pozur?
"Əldə olunan razılığın Ermənistan tərəfindən pozulması bizi daha sərt addımlar atmağa vadar edir"
Mövzuya şərh verən ehtiyatda olan zabit, hərbi ekspert Abuzər Əbilov "Bakı-Xəbər”ə bildirdi ki, Paşinyan və Ermənistan heç zaman verdikləri sözün üstündə durmayıb. "Bu bir az ritorik sual oldu, Paşinyan niyə verdiyi vədə əməl etmədi, yaxud da razılaşmanı pozdu? Sual olunur, Paşinyan nə vaxt verdiyi vədlərə əməl edib? Yəni bunun bir səbəbi var ki, Paşinyan hələ də Ermənistanın bütün strukturlarına, bütün dövlət atributlarına, dövlət idarələrinə bütövlükdə nəzarət edə bilmir. Daha diqqətçəkəni odur ki, bu strukturlar Paşinyanı dövlət başçısı, yaxud siyasətçi saymır. Bundan əvvəlki dövrlərdə də Paşinyan Azərbaycan Prezidentinə bir çox vədlər verib, lakin sonradan bu sözlərin arxasından qaçıb. Yəni o heç vaxt verdiyi sözün üstündə durmayıb. Çünki Paşinyan hazırkı dönəmdə özünü vəzifədə saxlamaq üçün bir çox tərəflərin maraqlarına oynamağa məcburdur. Çox gözəl anlayırıq ki, bu tərəflər də 44 günlük müharibədən sonrakı dönəmlərdə yenidən münaqişənin alovlanmasına, revanşizmin güclənməsinə və Ermənistanın özü üçün ziyanlı ola bilən bir çox hərəkətlərə start verməkdədirlər".
A.Əbilov hesab edir ki, o qüvvələrin Paşinyan üzərində təsiri həddən artıq böyükdür. Onun vurğuladığına görə, sərhəddəki münaqişələrin bir çoxunda görsənir ki, bugünkü gün Paşinyan Ermənistan silahlı qüvvələrinə tam olaraq nəzarət edə bilmir. Bundan əlavə də, regionda bir çox maraqlı dövlətlərin və onların siyasətinin olduğunu deyən Əbilovun sözlərinə görə, bu siyasətlərin içində böyük əksəriyyət Qafqazlarda Azərbaycanla Ermənistan arasında yeni müharibə ocağının yaranmasında çox maraqlıdır. "Paşinyan da həm Rusiyanın, həm Qərbin, həm İranın siyasətinə oynayaraq verdiyi sözlərin, demək olar ki, əksəriyyətini üstündən çox vaxt keçmədən danıb, onlara əməl etməyib. Bu da ki, Ermənistan üçün yaxşı heç nə vəd etmir. Çünki fakt ortadadır ki, artıq Qafqazlarda öz iqtisadiyyayına, öz silahlı qüvvələrinə, öz inkişafına, geosiyasi addımlarına görə dominantlıq edən Azərbaycandır. Yəni ki, güc, qüvvə, siyasi iradə, iqtisadi yüksəliş hansı dövlətdədirsə, sözsüz ki, dünya da onu qəbul edir. Bundan əlavə, Paşinyanın öz sözündən qaçması Azərbaycan üçün heç bir çətin situasiya yaratmır. Çox gözəl bilirik ki, hazırkı dönəmdə separatçıların məskunlaşdığı ərazimizdə Ermənistanın hərbiçiləri var. Onlar bizim ərazimizdə qanunsuz olaraq fəaliyyət göstərirlər. Yəni Azərbaycan hər bir zaman antiterror əməliyyatı keçirib, onları həbs edib cinayətkar kimi məhkəmə qarşısına çıxara bilər. Bundan sonrakı dövrdə isə onların ailələri, anaları sözsüz ki, Paşinyana "çox sağ ol" deməyəcəklər. Bu da Paşinyanın özünün siyasi iradəsinin olmamasının və öz başına açdığı oyunların nəticəsi kimi görsənir. Bizim itirdiyimiz heç bir şey yoxdur. İkinci bir tərəfdən, əldə olunan razılığın Ermənistan tərəfindən pozulması bizi daha sərt addımlar atmağa vadar edir. Hər bir sərhəd zolağında hərbiçilərin yolu azması problemi var, bu bütün dünyada mövcud olan bir haldır. Bütün bunlar da sivil yolla həll olunur. Əgər Ermənistan qeyri - sivil yolla gedirsə, bu onun özü üçün həddindən artıq böyük və keçilməz problemlər yaradacaq"-deyə A. Əbilov vurğuladı.
İradə SARIYEVA