“İndi Bakı ilə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində yaşayan ermənilər arasında onların hüquqları və təhlükəsizliyi ilə bağlı dialoq mühüm əhəmiyyət kəsb edir. Maksimalist mövqelərdən çəkinmək və dialoqa çalışmaq vacibdir. 30 ildən çox davam edən münaqişədən sonra yaraların sağalması vaxt alır. Cəsarətli qərarlar lazımdır”.
Bu barədə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel “Tvitter” hesabında yazıb.
O, həmçinin, öz hesabında Kişinyovda Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına dair müzakirələrin davam etdirilməsini səbrsizliklə gözlədiyini, müzakirələrin tərəflərin bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörməti yenidən təsdiqləməsi, sərhədlərin delimitasiyası məsələsi üzrə irəliləməsi, həmçinin sərhəd bölgələrində risqlərin azaldılması üçün vacib olduğunu qeyd edib.
Aİ prezidentinin məlum fikirləri erməniləri çox ciddi xəyal qırıqlığına uğradıb, həm İrəvanda, həm də Xankəndidə yaşayan ermənilər gerçək şok yaşayıblar. Separatçı ünsürlər və onlara başçılıq edən terrorçular Şarl Mişelin son açıqlamasında “keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində yaşayan ermənilər” ifadəsini işlətməsindən çox pərt olublar.
Pərtliklərini və şok vəziyyət yaşadıqlarını Xankəndidəki separatçı nəşrlərə müsahibəsində separatçıların qondarma, oyuncaq və əldəqayərma “hüquq müdafiəçisi” Geqam Stepanyan açıqlayıb: “Avropa İttifaqını təmsil edən Aİ Şurasının prezidenti Şarl Mişelin onilliklər boyu mövcud olan faktlara məhəl qoymadan Artsax xalqına “keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində yaşayan ermənilər” kimi müraciət etməsi çox məyusedicidir”.
G.Stepanyan, guya bu faktın “Brüsselin moderatorluğu ilə aparılan sülh danışıqlarına əngəl olacağı”nı iddia edib.
Ermənistan Respublika Partiyasının (ERP) nümayəndəsi, Ermənistan Respublikası Milli Assambleyasının keçmiş vitse-spikeri Eduard Şarmazanov da Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin bəyanatından narahat olduqlarını ifadə edib. O, belə bir terminin istifadəsinin qəbuledilməz olduğunu və tənqidlə qarşılandığını yazıb: “Şarl Mişelin işlətdiyi “keçmiş DQMV-də yaşayan ermənilər” ifadəsi pislənməlidir. “DQMV-də yaşayan ermənilər” ifadəsi haradan yaranıb? Belə bir terminin istifadəsi qəbuledilməzdir və tənqidə məruz qalır ki, bu da ATƏT-in Minsk Qrupunun elan etdiyi fundamental prinsiplərə ziddir. Amma bunda yenə də Paşinyan günahkardır. Əgər o, “Artsaxı” Azərbaycanın hesab edirsə, Şarl Mişel də “Artsax”ı DQMV hesab etməyə başlayacaq”.
Ş.Mişel düzgün mövqedədir. Əvvəla, Azərbaycanın indiki inzibati ərazi bölgüsünü qəbul edir və “Dağlıq Qarabağ” deyilən bir ərazi yoxdur, Qarabağ İqtisadi zonası var. İkincisi də ki, nə “Artsax xalqı”? “Artsax” var ki, “Artsax xalqı”da ola? Keçmiş “Dağlıq Qarabağ ərazisində yaşayan ermənilər” deyimi uyğundur. Ora da ki, Azərbaycan ərazisidir.
Ş.Mişelin son açıqlamasından ermənilər niyə bu qədər qıcıqlanıb?
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı məsləhətçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru Mətin Məmmədli “Bakı-Xəbər”ə şərhində “həqiqətən də Aİ prezidentinin bu açıqlaması erməni cəmiyyətində, erməni millətçilərində ciddi narazılıq yaradıb, onları məyus edib. Ancaq onu da əlavə etmək istərdim ki, Şarl Mişelin açıqlaması yalnız Avropa İttifaqı tərəfindən istifadə olunan termin deyil, artıq son zamanlar ABŞ rəsmiləri də verdikləri bəyanat və açıqlamalarda “Dağlıq Qarabağda yaşayan əhali” sözünü işlədirlər. Əvvəllər isə onlar “Dağlıq Qarabağ xalqı” deyirdilər” - deyə bildirdi. M.Məmmədli qeyd etdi ki, indi isə termini dəyişiblər və “Dağlıq Qarabağda yaşayan əhali” formasında ifadə edirlər. “Bu da ondan xəbər verir ki, kollektiv Qərb artıq mövcud reallıqları, həqiqətləri, Azərbaycanın ortaya qoyduğu mövqeni qəbul edir. Bütövlükdə, belə bir mövqenin olması, hesab edirəm ki, sülh prosesinə pozitiv təsir göstərəcək. Həqiqətən də Xankəndidə yaşayan erməniləri necə “Dağlıq Qarabağ” xalqı kimi qəbul etmək olar? Bunun heç bir hüquqi, siyasi, mənəvi bir əsası yoxdur. Ermənilərin artıq Qərbdə formalaşan belə bir mövqeyə qarşı narazılıq ifadə etməsi, düşünürəm ki, Qərbin mövqeyinə hər hansı formadasa təsir etməyəcək” - deyə müsahibimiz vurğuladı.
İradə SARIYEVA