Hərbi əməliyyatlar zamanı həlak olduğu güman edilən şəxslərin həlak olduğunu elan etmək üçün müəyyən edilən vaxt məhdudiyyəti azaldılır. Qeyd edək ki, bununla bağlı Mülki Məcəlləyə dəyişiklik edilir.
Dəyişikliyə əsasən, məhkəmə şəxsin hərbi əməliyyatlarda həlak olduğunu güman etməyə əsas verən halları nəzərə alaraq, onu bu müddət bitməzdən əvvəl, lakin hərbi əməliyyatların qurtardığı gündən altı aydan tez olmayaraq ölmüş elan edə bilər.
Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.
“Hərbi əməliyyatlar bitdikdən sonra taleyi məlum olmayan soydaşlarımızın, hərbi qulluqçuların ailələri üçün bu qərar bir təsəlli olacaq”
Məsələ ilə bağlı fikir bildirən siyasi şərhçi Tural İsmayılov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, hərbi əməliyyatlar zamanı həlak olması guman edilən şəxslərin ailələri bu məsələni uzun müddətdir müzakirə edirdilər. Vaxtın 2 ildən 6 aya qədər endirilməsi çox önəmli bir dəyişiklikdir: “Son zamanlar Milli Məclisdə ictimai rəydə tələb doğuran bir çox məsələlərin qaldırılması və bu kontekstdə müzakirələrin aparılması olduqca əhəmiyyətlidir. Hesab edirəm ki, hərbi əməliyyatlar bitdikdən sonra taleyi məlum olmayan soydaşlarımızın, hərbi qulluqçuların ailələri üçün bu qərar bir təsəlli olacaq. Bu baxımdan hesab edirəm ki, qanuna edilən dəyişiklik vətən uğrunda döyüşən, canını fəda etmiş insanların ailələrinin təskinliyinə səbəb olacaq. Məlumdur ki, son zamanlar ictimaiyyət arasında itkin düşmüş hərbçilərlə bağlı müxtəlif fikirlər səslənirdi. Həmin söz-söhbətlərə son qoymaq üçün qanunvericiliyə edilən məlum dəyişiklik təqdir olunmalıdır. Əvvəllər hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçu və ya digər şəxs hərbi əməliyyatların qurtardığı gündən azı iki il keçdikdən sonra məhkəmə qaydasında ölmüş elan edilirdi. İndi qanuna edilən dəyişikliyə əsasən isə, məhkəmə şəxsin hərbi əməliyyatlarda həlak olduğunu güman etməyə əsas verən halları nəzərə alaraq, onu bu müddət bitməzdən əvvəl, lakin hərbi əməliyyatların qurtardığı gündən 6 aydan tez olmayaraq ölmüş elan edə bilər. Bu olduqca əhəmiyyətlidir”.
Günel CƏLİLOVA