Bu günlərdə Bratislavada beynəlxalq tədbirdə bizim Prezidentin köməkçisi Hikmət Hacıyevin və Ermənistan Təhlükəsizlik Şurasının katibi Qriqoryanın iştirak edəcəkləri öncədən bilinirdi. Tədbir çərçivəsində onların ikitərəfli, ya üçtərəfli görüşüb-görüşmədikləri barədə konkret məlumatım yoxdur. Ancaq Qriqoryan tədbirdən artıq yalanını sızdırıb.
Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.
A.Quliyev daha sonra yazır:
Erməni mediası onun dilindən xəbər yayıb ki, Qriqoryan Bratislavada Azərbaycan-Ermənistan normallaşmasından danışıb və guya Azərbaycanı konstruktivliyə, maksimalist olmamağa çağırıb. Xəbər elə təqdim olunub ki, Hikmət Hacıyevin bu çağırışa (əgər həqiqətən çağırış olubsa) reaksiyası görünmür.
Necə ola bilər ki, Hikmət Hacıyev bütün dünyanın bildiyi həqiqətlərlə bağlı Qriqoryanın cavabını verməsin? Kim bilmir ki, yeganə qeyri-konstruktiv tərəf Ermənistandır? Həm də bu yanlış "xəbər sızdırıcılığı" Qriqoryanda ilk yox, sıra ilə 2-cidir. Yəqin maraqlananlar bilir. Ötən il Vaşinqtonda Hikmət Hacıyevlə Qriqoryanın rəsmi danışıqları olmuşdu. Görüşdən sonra Qriqoryana istinadən yalan xəbər yayıldı ki, guya Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi üzrə beynəlxalq müzakirə formatının yaradılması ilə Hikmət Hacıyev də razılaşıb...
Təbii ki, Bakı-Xəbər resursu olaraq biz dərhal Azərbaycan dövlətinin prinsipial siyasətinə və mənafelərinə zidd olan bu yalanın üstünə düşdük, izahlı xəbər yaydıq. Azərbaycanın rəsmi təkzibi yayıldı və bir daha bəyan edildi ki, Azərbaycan bu məsələ üzrə heç bir beynəlxalq format tanımır və onu daxili ölkəmizin məsələsi saymaq kimi dəyişməz kurs aparır...
Yəqin ki, Qriqoryanın ikinci yanlışına da ciddi rəsmi reaksiya olacaq.
Tahir TAĞIYEV