“Regional təhlükəsizlik və inkişaf məsələlərində Azərbaycanın razılığı olmadan heç bir təşəbbüs həyata keçirilə bilməz”. Bunu Prezident İlham Əliyev Laçında bu rayondan olan sakinlərlə görüşdə bildirib.
Ölkə başçısının sözlərinə görə, ötən müddət ərzində iqtisadiyyatımızı gücləndirdik: “Danışıqlar aparılan müddətdə iqtisadiyyatımızı gücləndirdik və bu gün heç kimdən asılı deyilik. Dünya miqyasında nadir ölkələrdənik ki, iqtisadi cəhətdən tam müstəqilik. Siyasi gücümüzü artırdıq, bu gün Azərbaycanla hesablaşırlar. Ən azı regional təhlükəsizlik və inkişaf məsələlərində Azərbaycanın razılığı olmadan heç bir təşəbbüs həyata keçirilə bilməz. Deyirəm, ən azı regional, amma, eyni zamanda, bu gün dünya miqyasında bir çox məsələlərdə Azərbaycanın mövqeyi önəmli mövqe kimi sayılır”.
Görünən odur ki, regionda inkişaf və təhlükəsizlik məsələlərində Azərbaycan arbitr rolunda çıxış edir.
“Bütün bu meqa tranzit layihələrin tam gücü ilə işləməsi ölkəmizin həm iqtisadi, həm də geosiyasi əhəmiyyətini daha da artıracaq”
Məsələ ilə bağlı “Bakı-Xəbər”ə açıqlamasında millət vəkili Aydın Hüseynov qeyd etdi ki, Azərbaycanın regional güc olmasını şərtləndirən faktorlar müxtəlifdir: “Azərbaycan regionun lider dövlətidir. Bölgədə böyük iqtisadi imkanlara malikdir. Üç il əvvəl Azərbaycan işğal altında olan ərazilərini güc yolu ilə azad etməklə, hərbi-siyasi baxımdan da təşəbbüsü ələ aldı. Bəli, bu gün regionda heç bir layihə Azərbaycanın iştirakı olmadan uğur qazana bilməz. Erməni işğalından azad edilən yaşayış məntəqələrində bərpa-quruculuq və sakinlərin geri düönüşü işləri sürətlə davam etdirilir. Artıq əhalinin həmin ərazilərə köçürülməsi prosesi həlledici mərhələyə daxil olub. Bu və digər amillər Azərbaycanın dünyadakı önəmini daha da artırır. Prezident İlham Əliyevin rəhbərliyi altında sürətlə geniş quruculuq işləri daha da genişlənib. Laçın və ümumilikdə, Şərqi-Zəngəzur bölgəsi böyük sənaye və aqrar potensila malikdir. İşğaldan öncə rayonda əsas inkişaf etmiş sahə kənd təsərrüfatı, xüsusilə də heyvandarlıq idi. Bununla yanaşı, meyvəçilik, tütünçülük, üzümçülük, taxılçılıq, arıçılıq inkişaf etmiş sahələrdən hesab olunurdu. İşğaldan öncə Laçın rayonunda fəaliyyət göstərən sənaye müəssisələri daha çox xammal növlərinin emalına əsaslanıb. Bundan sonra isə nəinki emal, həm də istehsal yönümlü olacaq. Azərbaycan Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinin mərkəzində yerləşir. Təkcə bunun özü çox vacib və önəmli faktordur. Bu günlərdə biləvasitə Rusiyanın maliyyə yardımı ilə Rəşt-Astara dəmir yolunun tikilməsinə qərar verildi. Layihə tamamlanandan sonra “Şimal-Cənub” Nəqliyyat Dəhlizi tam gücü ilə işləyəcək. Sankt-Peterburqdan Hindistana qədər yüklər 10 günə çatdırılacaq. O cümlədən, Çindən Avropaya Azərbaycan üzərindən yüklərin daşınması ilbəil artır. Bütün bu meqa tranzit layihələrin tam gücü ilə işləməsi Azərbaycanın həm iqtisadi, həm də geosiyasi əhəmiyyətini daha da artıracaq”.
Vidadi ORDAHALLI