Prezident İlham Əliyevin mayın 28-də Laçında bu rayondan olan sakinlərlə görüşdə bəyan etdiyi “Hər kəs yaxşı bilir ki, bu gün o bölgədə (Qarabağ – red.) istənilən əməliyyatı keçirmək üçün hər bir imkanımız var.
Ona görə “parlament” buraxılmalıdır, özünü “prezident” adlandıran ünsür təslim olmalıdır, bütün “nazirlər”, “deputatlar” və digərləri öz vəzifələrini artıq kənara qoymalıdırlar” fikri Azərbaycan ərazisində qanunsuz məskunlaşan və burada separatçılıqla məşğul olub “dövlət-dövlət”, “parlament-parlament” oyunu oynayan separatçıları yerindən oynadıb. Prezidentin mesajından nəticə çıxarmaq əvəzinə, bu dəfə də başlarından böyük danışıblar.
Ermənistan rəsmilərinin bu barədə hər hansı bir açıqlaması olmasa da, separatçılar yenə də öz obrazlarında çıxış ediblər. Aysor.am yazır ki,
“Arsax Respublikasının Milli Assambleyası” Azərbaycan prezidenti İlham Əliyevin mayın 28-də səsləndirdiyi fikirlərlə bağlı “ bəyanat yayıb”. Guya bunlar orada “legitim”, “demokratik” seçki keçiriblər və “hakimiyyətləri qanunidir”. Əsassız olaraq Azərbaycanı “etnik təmizləmə” və “anti-erməni” siyasəti yürütməkdə ittiham edən separatçılar bir sıra uydurmalarla çıxış ediblər. Qondarma bəyanatlarında yer alan iddialar, təbii ki, tamamilə yalandır və bundan sadə ermənilər narahat deyil, narahat olanlar isə əlləri qana batıb cinayət işlədənlərdir. Bu gün Xankəndidəki qondarma “parlamet”də oturanların hamısı cani və separatçıdır.
Əndişəyə düşən separatçı “parlament” üzvləri yenə də beynəlxalq aləmdəki havadarlarından dəstək istəyiblər, yenə də haqsız yerə Azərbaycanı suçlayıblar.
“Oyuncaq parlament dərhal “bəyanat” yayıb ki...”
Mövzu ilə bağlı “Bakı-Xəbər”ə şərh verən SƏS Media Qrupunun rəhbəri Bəhruz Quliyev “Hər kəs bu mesajdan öz payını götürməlidir. İstər Ermənistan, istərsə də ona havadarlıq edən İran, Fransa, Rusiya, ABŞ, Aİ - hər kəs hesabını almalıdır. Artıq sözün əsl mənasında proses dünya güclərinin maraqları kontekstində getməyəcək”-deyə bildirdi. O qeyd etdi ki, Azərbaycan Prezidenti İlham Əliyev Laçın rayonunda olarkən Xankəndi və ətraf bölgədə tezliklə antiterror əməliyyatlarının başlaya biləcəyinin anonsunu verib.
Bəhruz Quliyev Prezident İlham Əliyevin Laçın şəhərinə qayıdan əhali ilə görüşündəki çıxışı zamanı səsləndirdiyi bu fikirləri xatırladıb: “Biz, sadəcə olaraq, dözüm göstəririk. Halbuki, hər kəs yaxşı bilir ki, bu gün o bölgədə istənilən əməliyyatı keçirmək üçün hər bir imkanımız var. Ona görə “parlament” buraxılmalıdır, özünü “prezident” adlandıran ünsür təslim olmalıdır, bütün “nazirlər”, “deputatlar” və digərləri öz vəzifələrini artıq kənara qoymalıdırlar.
Azərbaycan Prezidentinin bu xəbərdarlığına qondarma Xankəndi rejiminin "parlamenti” reaksiya verib. Oyuncaq parlament dərhal “bəyanat” yayıb ki, "biz yerimizdəyik və mübarizəni davam etdiririk”.
B.Quliyev vurğulayıb ki, artıq üç ildir dövlət başçısı İlham Əliyev tarixi günləri, bayramları işğaldan azad edilmiş ərazilərimizdə qeyd edir: “Laçın şəhərinə qayıdan əhali ilə görüşündə 30 illik işğal və postmünaqişə dövrünün reallıqlarından geniş bəhs edən dövlət başçısı bildirdi ki, delimitasiya, sülh müqaviləsi beynəlxalq şərtlər əsasında olmalıdır, Naxçıvana yolumuz açılmalıdır. Qarabağda hələ də kök salmış Ermənistan ordusunun nümayəndələri oradan çıxarılmalıdır. Müzəffər Ali Baş Komandanın “Bu bizim şərtlərimizdir. Mən bu şərtləri, bax, burada, Laçın şəhərində deyirəm ki, hər kəs görsün ki, biz bu gün buradayıq və burada əbədi olacağıq. Onu da bilsinlər ki, Ermənistan kəndləri buradan görünür. Biz də görürük o kəndləri, yəni onu da unutmasınlar” çağırışı qarşı tərəfi ciddi düşündürməlidir”.
B.Quliyev qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev mayın 28-də Laçında olarkən Qarabağ ermənilərinə səslənib: "Buradan - uzun illər istismar etdikləri, qanunsuz məskunlaşdıqları Laçın diyarından onlara bir daha deyirəm ki, sizin kitabınız bağlandı. "Miatsum” kitabı bağlandı, separatizmin kitabı bağlandı. Müstəqillik xülyası statusun dalınca getdi. Statusu isə biz hələ İkinci Qarabağ müharibəsi zamanı göndərmişik lazım olan yerə.
Prezident onlar üçün qalan yeganə yolu da açıqlayıb. Bu, Azərbaycan qanunlarına tabe olmaq, Azərbaycanın loyal normal vətəndaşı olmaq, öz dıqnaqarası saxta dövlət atributlarını zibil yeşiyinə atmaq və "parlament”i buraxmaqdır”.
Əli TURABOV