Kişinyov görüşü hələ olmamış Ermənistan baş naziri Nikol Paşinyan verdiyi açıqlamalarla sanki bu görüşü şantaj edir. Eyni zamanda, buna görə Azərbaycanı günahlandırır.
Paşinyan iyunun 1-də Kişinyovda Avropa İttifaqı, Fransa, Almaniya, Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə keçiriləcək görüşdə Azərbaycanla sülh müqaviləsinin imzalanmasını mümkün hesab etmir və bunu belə əsaslandırmağa çalışır: “İrəvan və Bakı arasında razılaşdırılmış və imzalanmağa hazır sülh müqaviləsi yoxdur. Ermənistan tərəfi Vaşinqton görüşündən əvvəl verdiyi təkliflərə hələ də Azərbaycandan cavab almayıb. Ona görə də hazırda deyə bilərəm ki, imzalanması mümkün olan razılaşdırılmış layihə yoxdur. Bu, sənədin dördüncü nəşridir, lakin hələlik heç bir cavab yoxdur. Azərbaycan prezidentinin dünən (mayın 28-də) verdiyi bir sıra bəyanatlar başa düşülmür. Mən hesab edirəm ki, həm Azərbaycan, həm də beynəlxalq partnyorlar bunun Brüsseldə əldə olunmuş razılaşamalardan imtina olub-olmamasını ən azı izah etməlidirlər”.
“O, Rusiyanın müəyyən vasitələrlə onu terror yolu ilə devirəcəyindən qorxur”
Məsələ ilə bağlı “Bakı-Xəbər”ə açıqlama verən AMİP funksioneri Əli Orucov hesab edir ki, Paşinyanın belə ziddiyətli açıqlamalarla çıxış etməsi danışıqlar prosesinin uzanacağından xəbər verir: “Ən azından ona görə ki, Paşinyan verdiyi sözləri tutmur. Bir tərəfdən deyir ki, Brüsseldə tərəflər bir-birinin 29 800 kvadrat kilometr və 86 600 kvadrat kilometrdə ərazi bütövlüyünü tanımaq barədə razılığa gəliblər. O biri tərəfdən Azərbaycanın Qarabağda öz suveren hüquqlarını bərpa etmək fəaliyyətini Bakının razılaşmalardan imtina etməsi kimi təqdim etməyə çalışır. Açıq çəkildə deyir ki, iyunun 1-də sülh sazişi imzalanmayacaq. Bu isə o deməkdir ki, Moskvada olduğu kimi, Kişinyovda da keçirilən danışıqlarda Ermənistan destruktiv mövqedən çıxış edəcək və heç bir nəticə əldə olunmayacaq. Onsuz da Paşinyan Moskva görüşünü qənaətbəxş hesab etmir. Baxmayaraq ki, kommunikasiyaların açılması ilə bağlı tərəflərin mövqeyində müəyyən yaxınlaşma var. Paşinyanın belə ziddiyətli açıqlamalarla çıxış etməsi həm də daxildəki təzyiqləri azaltmağa yönəlib. Bununla həm revanşistlərə, həm də Kilsəyə göstərmək istəyir ki, bütün təkliflərlə necə gəldi razılaşmır və müqavimət göstərir. Hesab edirəm ki, bir-birini inkar edən açıqlamalar həm də bununla əlaqədardır. Bu minvalla Nikol ictimai rəyi sakitləşdirmək istəyir. Qorxur ki, onu zor gücü ilə devirəcəklər. Düzdür, revanşistlərin dünyaya car çəkməsinə rəğmən, erməni cəmiyyəti Qarabağ separatçılarından bezib. Cəmiyyət 30 əvvəl olduğu kimi, Qarabağ separatçılarının girovu olmaq istəmir. Çünki 30 illik işğal dönəmi Ermənistana xoşbəxtlik gətirmədi. Əksinə, ölkə yoxsullaşdı və əhalinin miqrasiyası gücləndi. Paşinyan bütün bunların fərqindədir. Ancaq o, Rusiyanın müəyyən vasitələrlə onu terror yolu ilə devirəcəyindən qorxur. Ona görə də mümkün olduğu qədər prosesi uzatmağa çalışır. Ancaq bu da çıxış yolu deyil. Çünki geosiyasi vəziyyətin 180 dərəcə Ermənistanın xeyrinə dəyişməsi mümkün deyil”.
Vidadi ORDAHALLI