Prezident İlham Əliyev mayın 28-də Laçında bu rayondan olan sakinlərlə görüşdə Qarabağ ermənilərinə səslənib.
Prezident deyib: “Buradan - uzun illər istismar etdikləri, qanunsuz məskunlaşdıqları Laçın diyarından onlara bir daha deyirəm ki, sizin kitabınız bağlandı. “Miatsum” kitabı bağlandı, separatizmin kitabı bağlandı. Müstəqillik xülyası statusun dalınca getdi. Statusu isə biz hələ İkinci Qarabağ müharibəsi zamanı göndərmişik lazım olan yerə”.
Dövlət başçısı onlar üçün qalan yeganə yolu da açıqlayıb. Bu, Azərbaycan qanunlarına tabe olmaq, Azərbaycanın loyal normal vətəndaşı olmaq, öz dıqnaqarası saxta dövlət atributlarını zibil yeşiyinə atmaq və “parlament”i buraxmaqdır.
Maraqlıdır, uzun müddət münaqişənin tənzimlənməsi adı ilə baş aldadan, fəaliyyətlərinə xitam verilmiş ATƏT-in Minsk qrupunun həmsədr ölkələri: Rusiya, ABŞ, Fransa və yeni vasitəçilik səyləri göstərən Avropa İttifaqı bu bəyanatı necə qarşılayacaq?
Siyasi şərçi Sahil Kərimli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev Laçında səsləndirdiyi sərt və qətiyyətli bəyanatlarla Ermənistana, Qarabağda fəaliyyət göstərən separatçılara və onlara himayədarlıq etmək istəyən bəzi ölkələrə tutarlı xəbərdarlıq etdi: “Dövlət başçımız bir daha göstərdi ki, heç bir ölkə, heç bir beynəlxalq dairə Azərbaycanın daxili işlərinə qarışa, ölkəmizin ərazi bütövlüyünə hörmətsizlik nümayiş etdirə bilməz. Qarabağ məsələsi, orda yaşayan etnik ermənilərin taleyi, gələcək hüquqları və təhlükəsizlikləri Azərbaycan dövlətinin qanunları ilə tənzimlənəcək. Prezident İlham Əliyevin çıxışı eyni zamanda separatçılara da tutarlı xəbərdarlıq idi. Baxmayaraq ki, həmin qruplaşmalar uzun illərdir hərbi cinayətlərlə məşğul olublar, terror-təxribat planları həyata keçiriblər, özləri üçün qondarma “respublika” , saxta idarəçilik mexanizmləri formalaşdırıblar. Azərbaycan dövləti hələ də onlar üçün müəyyən qədər şans tanıyır. Əgər cinayətlərini etiraf edib Azərbaycan dövlətinə sığınsalar, bəlkə də onların bağışlanması mümkün olar. Amma görünən odur ki, separatçıların murdar əməllərdən əl çəkmək niyyəti yoxdur. Düşünürəm ki, Qarabağdakı qanunsuz silahlı dəstələrin layiq olduğu aqibət onların daramadağın edilməsi olardı. ABŞ, Rusiya, Fransa kimi ölkələrin mövqeinə gəldikdə isə, kimin necə düşünməsindən asılı olmayaraq, Azərbaycan dövləti qarşıya qoyduğu bütün hədəflərə nail olmaqda qərarlıdır. Buna həm siyasi, həm də hərbi gücümüz kifayət qədərdir. Prezident İlham Əliyevin də dediyi kimi, Azərbaycan dövləti istənilən an hərbi əməliyyatlara başlaya və bir ovuc separatçını zərərsizləşdirə bilər. Bu zaman suveren ərazilərimizdə yerləşən terrorçuları heç bir qüvvə xilas edə bilməyəcək. Ermənipərəst ölkələrin isə yeganə çıxış yolu Azərbaycanın mövqeyini dəstəkləməkdir. Çünki Azərbaycanın mövqeyi haqlıdır, ədalətlidir. Hər bir müstəqil ölkə kimi Azərbaycanın da suveren hüququ öz ərazilərinə tam hakim olmaq, sülhü və təhlükəsiziliyi bərpa etmək və vətəndaşlarının hüquqlarını qorumaqdır. Əminəm ki, dövlət başçımızın etdiyi son xəbərdarlıqlar hamı üçün dərs olacaq, lazımi ünvanlar bundan düzgün nəticə çıxaracaqlar”.
Məhəmmədəli QƏRİBLİ