“Qarabağda Rusiya sülhməramlı missiyasının nəzarətində olan ərazilərdə istədiyimizə nail olmuşuq”. Bunu Prezident İlham Əliyev Laçında bu rayondan olan sakinlərlə görüşdə bildirib.
Ölkə başçısının sözlərinə görə, Azərbaycanla Ermənistan arasında ərazi bütövlüyü prinsipi əsas tutularaq sülh müqaviləsi imzalanmalıdır: “Biz lazımi addımlar ataraq bu gün Qarabağda Rusiya sülhməramlı missiyasının nəzarətində olan ərazilərdə istədiyimizə nail olmuşuq. Biz 23 aprel tarixində Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsini qoyaraq məsələni birdəfəlik həll etdik, ərazi bütövlüyü məsələlərini birdəfəlik həll etdik. Onsuz da İkinci Qarabağ müharibəsi nəticəsində ərazi bütövlüyümüz bərpa edilmişdir. Ancaq sərhəd-buraxılış məntəqəsi son məntəqə idi ki, Ermənistandan Azərbaycanın Qarabağ bölgəsinə və əks istiqamətə oradan nəzarətsiz hərəkət var idi. Hərəkət indi də var, amma tam nəzarət altındadır”.
Görünən odur ki, Ermənistandan Xankəndiyə gələn yol tam nəzarətdədir.
“Proseslər Azərbaycanın xeyrinə inkişaf edir və heç bir qüvvə bunun qarşısını ala bilməz”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən siyasi ekspert Elşad Həsənov hesab edir ki, Azərbaycan Ermənistanla sərhəddə Laçın yolunun başlanğıcında nəzarət-buraxılış məntəqəsi qurandan sonra ermənilərin və xarici emissarların Xankəndiyə sərbəst şəkildə getməsinin qarşısı alındı: “Eyni zamanda Qarbağdakı erməni silahlı birləşmələrinə silah aparılmasının qarşısı alındı. Bu ilin fevralında Blinkenin vasitəçiliyi ilə Münhendə keçirilən üçtərəfli görüşdən sonra Prezident İlham Əliyev bəyan etdi ki, biz Laçında sərhəd-buraxılış məntəqəsini qurmalıyıq. Ona görə ki, oradan nəzarətsiz keçidlərin qarşısı alınsın. Ölkə başçısı tərəfindən deyilən bu söz aprelin 23-də praktiki olaraq həyata keçirildi. Bununla da ölkəmizin ərazi bütövlüyü tam təmin edildi. Qarabağa gedən ermənilər bizim nəzarət-buraxılış məntəqəsində yoxlanılır, yüklər skaynerdən keçirilir. Bununla da Qarabağa həm silah-sursatın, həm də silahlı birləşmələrin daşınmasının qarşısı alındı. Bu da beynəlxalq hüquqa, qanunlara tam uyğun bir hərəkətdir. Sözügedən məsələ ilə bağlı ermənilər nə qədər hay-küy qaldırsalar da, heç nəyə nail ola bilmədilər. Beynəlxalq müstəvidə bəzi formal və növbətçi bəyanatların verilməsindən o tərəfə keçə bilmədilər. Çünki erməni tərəfinin etirazlarının hüquqi əsası yox idi. İstənilən dövlətlər arasında sərhəddə buraxılış məntəqələri var. Azərbaycan da Laçın dəhlizində məhz bunu təmin etdi. Ermənistanın Moskva görüşündən sonra atəşkəsi pozması vəziyyəti gərginləşdirməyə yönəlik addımlardır. Ancaq nə etsələr də Azərbaycan geri addım atmayacaq. Biz sərhədlərimizi tam nəzarətdə saxlayırıq. Bundan sonra hansısa geri addımın atılması mümkün deyil. Lakin görünən odur ki, Azərbaycan Prezidentinin Laçından səsləndirdiyi fikirlər Ermənistan siyasi rəhbərliyində düzgün anlaşılmır. Xüsusən də Xankəndidə bir ovuc separatçı müqavimət göstərir və Azərbaycana tabe olmayacaqlarını bildirirlər. Bütün bunlar vəziyyətin yenidən gərginləşməsinə yönələn addımlardır. Ancaq istənilən halda bu, nəyisə dəyişə bilməyəcək. Həm də ona görə ki, 2025-ci ildə Qarabağdakı Rusiya sülhməramlılarının müddəti başa çatır. Biz öz haqq yolumuzla addım-addım irəliləyirik. Fevralın 18-də Azərbaycan rəsmən bəyan etdi ki, nəzarət-buraxılış məntəqəsi qurulmalıdır. Aprelin 23-də bu həyata keçdi. Mayın 28-də ölkə başçısı bəyan etdi ki, bu gün o bölgədə istənilən əməliyyatı keçirmək üçün hər bir imkanımız var. Bu, separatçılara konkret xəbərdarlıqdır. Bu baxımdan hesab edirəm ki, proseslər Azərbaycanın xeyrinə inkişaf edir və heç bir qüvvə bunun qarşısını ala bilməz”.
Vidadi ORDAHALLI