28 May 2023-cü ildə Türkiyə Cumhuriyyətində keçirilən Prezident seçkilərinin ikinci turunu izləmək üçün Türkiyə Xarici İşlər Nazirliyinin dəvətilə Türkiyədə olan Türk Dövlətləri Parlamentləri Assambleyasının (TÜRKPA) Seçki Müşahidə Missiyası yekun mətbuat konfransı keçirərək seçki prosesində apardıqları müşahidələrlə bağlı məlumatı media nümayəndələrinə açıqlayıblar.
Mətbuat konfransında TÜRKPA Müşahidə Missiyasının rəhbəri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, akademik Əhliman Əmiraslanov, Missiyanın üzvləri deputat Anar Məmmədov, Qazaxstan və Qırğızıstan parlamentinin üzvləri iştirak ediblər. TÜRKPA Missiyasının rəhbəri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov mətbuat konfransını açaraq bildirib ki, "TÜRKPA Seçki Müşahidə Missiyası, 11 May 2023-cü il tarixində Türkiyədə vəzifəsinə başlamış və işlərini 15 May 2023-cü ilə qədər aparmışdır. Növbəti 2-ci turda isə 26 May 2023-cü ildən Seçki Müşahidə Missiyası Ali Seçki Şurasının rəhbərliyi, Seçki komissiyasının rəsmiləri ilə görüşmüş, bu görüşlərdə, seçki məntəqlərinin fəaliyyəti, seçici və namizədlərin qeydiyyatı, seçki hazırlıqları haqqında detallı məlumatlar əldə etmişdir. Eyni zamanda Müşahidə Missiyamız, seçki günü müxtəlif Seçki Məntəqələrini ziyaret ederek, seçki qutularının açılmasından səslərin sayılmasına qədər olan bütün prosesləri müşahidə edib. Missiya üzvləri səsvermənin gedişini izləyib və yerlərdə seçki məntəqələrinin rəsmiləri və yerli müşahidəçilərlə görüşüblər.Müşhaidə etdiyimiz məntəqələrdə səsvermə prosesi sakit və demokratik şəraitdə keçib. Missiya baş çəkdiyi seçki məntəqələrində ümumi səsvermə prosesini müsbət qiymətləndirib. Səsvermə prosesi mütəşəkkil və nizamlı şəkildə təşkil olunmuşdur. TÜRKPA Missiyası Türkiyə Cumhuriyyətində keçirilən seçkilərin beynəlxalq müşahidəsi üçün nəzərdə tutulmuş hüquqi və logistik şəraiti yüksək qiymətləndirir. Beləliklə, Türk Dövlətləri Parlamentləri Assambleyasının (TÜRKPA) Seçki Müşahidə Missiyası, Türkiyə Cumhuriyyətində 28 may 2023-cü ildə keçirilmiş Prezident seçkilərinin 2-ci turunu Türkiyə Cumhuriyyətinin milli qanunvericiliyinə və beynəlxalq seçki standartlarına uyğun keçirildiyi qənaətinə gəlib. Demokratik və şəffaf keçirilən seçki prosesinin nəticəsi olaraq "Cumhuriyyət" İttifaqının namizəfi cənab Rəcəb Tayyib Ərdoğan səs çoxluğu ilə yenidən Türkiyə Respublikasının prezidenti seçilmişdir. Cənab Ərdoğanı və Türk xalqını təbrik edirik."