Mayın 26-da Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupu tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədinin pozulması cəhdinin qarşısı alınıb.
Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.
Bildirilib ki, sərhəd-döyüş məntəqəsində xidmətdə olan hərbi qulluqçuların sayıqlığı nəticəsində təxribat-diversiya qrupunun hərəkəti vaxtında aşkarlanaraq zəruri tədbirlər görülüb və nəticədə Ermənistan Silahlı Qüvvələrinin 2 hərbi qulluqçusu saxlanılıb. Diversiya qrupunun digər üzvləri ərazinin mürəkkəb relyefə malik olmasından istifadə edərək geri qaçıblar.
Məlumatda qeyd olunub ki, əməliyyat şəraiti nəzarətdə saxlanılır.
İrəvanın uzun müddət sonra təxribat fəaliyyətini açıq müstəviyə keçirməsində hansı hərbi və siyasi hədəfləri ola bilər?
Hərbi-siyasi ekspert, ehtiyatda olan polkovnik-leytenant Daşdəmir Əliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, görünür, Paşinyan mayın 25-də Ali Avrasiya İqtisadi Şurasının geniştərkibli iclasında gülünc vəziyyətə düşməyinin, müxalifətin hədəfinə çevrilməyinin əvəzini bu cür təxribatlarla çıxmaq istəyir: “ Əslində, 44 günlük müharibədən sonra Ermənistanın bu cür təxribatları dəfələrlə olub. Məqsəd bəllidir, ordumuzun işğaldan azad edilmiş ərazilərdə mövqeləri ilə bağlı kəşfiyyat məlumatları toplamaq və bu, mümkün təxribat hücumunda Ermənistanın zərbə endirmək planının tərkib hissəsidir.
Ermənistan hər dəfə sülh danışıqlarının qızğın çağında bu cür təxribatlara əl atır. Paşinyan sülh müqaviləsi ilə bağlı yola yaxın danışsa da, baş verən təxribatlar erməni hiyləgərliyindən xəbər verir.
Kişinyovda Azərbaycanla Ermənistan arasında mümkün sülh müqaviləsinin imzalanması, yaxud bir həftə sonra Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinlərinin Moskvada kommunikasiya və sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı görüşü ərəfəsində baş verən bu təxribat Ermənistanın sülh müqaviləsinə, Azərbaycanla münasibətlərin normallaşmasına yanaşmasının göstəricisidir. Ermənistan yenə də təxribat etməklə danışıqlardan yayınır.
Azərbaycan ordusu güclüdür və istənilən təxribatın qarşısını almağa qadirdi. Ermənilərin bu tip təxribatları heç bir fayda verən deyil”.
Məhəmmədəli QƏRİBLİ