"Mina təhlükəsi ilə mübarizə - dayanıqlı inkişafa gedən yol" adlı beynəlxalq konfransdakı müzakirə və mülahizələr Azərbaycanın bəşəriyyətə müstəsna əhəmiyyətli yeni strategiya təqdim etdiyini bir daha göstərdi.
Prezident İlham Əliyevin konfrans iştirakçılarına müraciətində "tək Azərbaycan üçün yox, bütün bəşəriyyət üçün müstəsna əhəmiyyət kəsb edən məsələnin" müzakirəyə çıxarıldığını qeyd etməsi təsadüf deyil, Azərbaycanın təhlükəsiz və humanist dünya konsepsiyasına həqiqətən böyük töhfələr vermək gücündə və istəyində olduğunu təsdiqləyir. Konfrans iştirakçılarının fikir və təhlilləri qəti nəticəyə əsas verdi ki, Ermənistanın Azərbaycana qarşı hələ davam edən mina təcavüzü beynəlxalq diplomatik və ictimai rəydə konkret bir mövzu kimi artıq özünə möhkəm yer tutub.
Prezident İlham Əliyevin konfransa müraciəti həm konfransın işinə daha konkret yönüm vermək baxımından, həm də dünyanın mina təhlükələri ilə mübarizə tarixində əhəmiyyətli faktdır.
Prezidentin məktubunda Ermənistanın ölkəmizə hücum tarixi boyu apardığı "mina təcavüzünün" bütün anatomiyası açıldı. Konfrans iştirakçıları və dünya dairələri Ermənistanın 90-cı illərdən bəri ərazilərimizdə 1.5 milyondan çox mina basdırdığını, azı 3500 vətəndaşımızın mina qurbanına çevrilməsini bir daha eşitdilər. Ermənistanın mina təcavüzü faktlarının dünyaya təqdim edilməsi təkcə Azərbaycanın probleminin beynəlmiləlləşdirilməsi baxımından əhəmiyyətli deyil. Bu həm də dünyaya o mesajı verir ki, Azərbaycan bu problemlə ən çox təsirlənmiş ölkə olaraq dünyanın mina təhlükəsindən sığorta edilməsinə ciddi cəhdlər göstərir və töhfələr verməyə çalışır.
Prezidentin məktubu Ermənistanın mina təcavüzünün mahiyyətini və hədəflərini ifşa etməkdə də böyük əhəmiyyətli rola malikdir. Daha çox azərbaycanlının mina qurbanına çevrilməsi, məcburi köçkün azərbaycanlıların qayıdışının əngəllənməsi və azad rayonların böyük potensiallarından istifadənin ləngidilməsi Ermənistanın mina strateqlərinin əsas hədəfləridir. Prezident bu aspektdə Ermənistanın hətta Vətən müharibəsindən sonra da ərazilərimizə mina basdırmağı davam etdirməsini konkret hədəflərə baxaraq xatırlatdı. Ermənistanın 10 noyabr razılaşmasından sonra ərazilərimizə özünün 2021-ci il istehsalı olan əlavə 2700 ədəd mina basdırması planlaşdırılmış və davam etdirilən təcavüz siyasətinin bariz nümunəsidir. Prezidentimizin məktubunda məhz müharibədən sonra 302 vətəndaşımızın mina qurbanı olmasını xatırlatması Ermənistanı bir neçə istiqamətdə çarpaz ifşa edən faktdır. Bununla göstərildi ki, Ermənistan sivil azərbaycanlılardan qisas almaqdan heç vaxt çəkinmir, Azərbaycana daha çox insan itkisi və dağıntılar bəxş etmək istəyir, mina təcavüzünün hələ uzun müddət davam etdirilməsi üçün minalanmış ərazilərin dürüst xəritələrini Azərbaycana verməkdən imtina edir.
Azərbaycan Prezidenti Azərbaycanın minalardan təmizlənməsi işinin əsasən milli imkanlarla aparıldığını da xüsusi qeyd etdi. İlham Əliyev bununla həm də bu bəşəri əhəmiyyətli işdə Azərbaycana lazımi dəstəyi verməyən bəzi dünya qüvvələrinə əsaslı eyhamlarını da çatdırdı.
Prezident "Azərbaycanı minalarla ən çox çirklənmiş ölkələrdən biri kimi sübuta yetirməklə" dünyanı minalarla daha sıx kollektiv mübarizəyə səslədi və bu mübarizəyə böyük faydalar vermək istədiyini nümayiş etdirdi. Prezident məntiqi olaraq dünyaya mesaj verdi ki, təcavüzkarlar cəzalandırılmasa mina təhlükələri daimi mövcud olacaq. Prezident Əliyevin ən təsirli mesajlarından biri də bu oldu ki, təcavüzkarla təklikdə uğurlu mübarizə sonadək mümkün olmadığı kimi, mina təhlükələri ilə sonadək təklikdə uğurlu mübarizə də mümkün deyil.
İlham Əliyev konfransda dünyanı hələ çox illər təsirləndirə və yönəldə biləcək təkliflər də səsləndirdi. Minalardan ən çox təsirlənmiş ölkələrin Təmas Qrupunun yaradılması və Minalardan təmizlənmənin 18-ci Dayanıqlı Milli inkişaf məqsədi kimi qəbul edilməsi Azərbaycan Prezidentinin dünyaya yeni mütərəqqi fəaliyyət təmayülləri təqdim etməsi kimi əhəmiyyətlidir. Daha doğrusu, Azərbaycan Prezidenti gələcək nəsillərə daha təhlükəsiz dünya miras etmək üçün ən səmərəli konsepsiya təqdim etdi. Azərbaycanın erməni mina təcavüzünə qarşı mübarizəsinin iki mühüm hədəfi Prezidentin məktubunda aydın ifadə edildi - həm Azərbaycanı, həm də dünyanı bu bəladan qorumağın ən səmərəli mexanizmlərini yaratmaq.
Aydın QULİYEV