Ermənistan və “Artsax yunanları”nın “Patrida” təşkilatı və İrəvanın “Ponti” yunan icması Pontus yunanlarının Osmanlı İmperiyasında “soyqırım”ın ildönümü ilə əlaqədar anım tədbiri keçirib. Tədbirdə qeyri-hökumət təşkilatları, hərbi qulluqçular, siyasətçilər, mədəniyyət və elm xadimləri iştirak edib.
İrəvanda Müqəddəs Sarkis kilsəsində “soyqırımın” qurbanı olmuş Pontik yunanlarının xatirəsinə həsr olunmuş anım mərasimi də keçirilib. Anım mərasimindən sonra qısa görüş keçirilib. İddia olunur ki, 19 may - Osmanlı İmperiyasında Pontus yunanlarının soyqırımının anım günüdür. Guya 1914-1923-cü illərdə Osmanlı İmperiyasında 1 milyon 200 minə yaxın yunan “soyqırım” qurbanı olub.
Məgər indiyə qədər Qarabağda yunan icması olub? O cümlədən, Ermənistanda yunan icmasından söhbət gedir. Məgər orada yunan icması var? Ümumilikdə Qarabağda, İrəvanda haradan yunan icması ola bilər? Utanmadan deyirlər ki, Osmanlı İmperiyası 1,2 milyon nəfər yunanı, 1,5 milyon nəfər erməninin qırıb. Bu dərəcədə saxtakarlıq olar?
“Qarabağda, ümumiyyətlə, tarixən bir nəfər belə yunan olmayıb”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən AVCİYA-nın vitse-prezidenti, professor Məhərrəm Zülfüqarlı belə yanaşmanı ermənilərin xəstə təxəyyülü ilə əlaqələndirdi: “Bunun başlıca səbəbi odur ki, erməni toplumu xəstə bir millətdir. Bunların tarixçiləri ermənilərə saxta tarix yazırlar. Kiçik, cılız bir xalqı “böyük dövlət”, “böyük Ermənistan” kimi təqdim edirlər. Ermənilərin faciəsi də bundan qaynaqlanır. Ermənilər əsrlər boyu yaşadıqları əraziyə, dövlətlərə xəyanət ediblər və bunun da hər zaman əziyyətini çəkiblər. Əvvəla, Osmanlı İmperiyası dövründə etnik azlıq olaraq nə ermənilər, nə də yunanlar diskriminasiyaya məruz qalıb. Əksinə, Osmanlı dövründə çoxluq olan, yəni dövlətin əsasını təşkil edən türklər əziyyət çəkiblər. Əhali osmanlı adıyla tanınırdı. Digər tərəfdən, Osmanlı İmperiyasında bank, maliyyə sektoru, ticarət sahəsi qeyri-türklərin əlində olub və onlar da çox yaxşı yaşayıblar. Sadəcə olaraq, Osmanlı İmperiyası zəyifləyəndə ermənilər dövlətə xəyanət ediblər. Nəticədə onların bir qismi ölkədən çıxarılıb. Ermənilər isə utanmadan, saxtakarcasına bunu “soyqırım” kimi təqdim edirlər. Osmanlı İmperiyası dönəmində nə ermənilər, nə də yunanlar soyqırıma məruz qalıblar. Ermənilər ona görə saxta, olmayan “soyqırımı” dünyaya təbliğ edə bilirlər ki, onlardan böyük dövlətlər bir alət kimi istifadə edir. Bunu beynəlxalq aləmdə istəyən və bundan Türkiyəyə qarşı bir təzyiq vasitəsi kimi həyata keçirən qüvvələr var. Başqa bir tərəfdən, nə Ermənistanda, nə də Qarabağda yunan azlığı olub. Ermənistan monoetnik dövlətdir. Qarabağda ümumiyyətlə, tarixən bir nəfər belə yunan olmayıb. Ermənistanda çox cüzi sayda rus qalıb. Bu da ondan irəli gəlir ki, orada Rusiyanın hərbi bazası var. Baxmayaraq ki, Ermənistan Rusiyanın forpostudur, amma orada rus məktəbi yoxdur. Yunanlarla ermənilərin türkə münasibəti tarixən düşmənçilik üzərində qurulub. O baxımdan yunanlarla ermənilərin belə çıxışlar etməsi bu düşmənçilikdən irəli gəlir”.
Vidadi ORDAHALLI