ABŞ erməniləri ölkəmizə qarşı növbəti təxribata əl atıblar. Belə ki, Los-Anceles Şəhər Şurası şəhərin qərbində Uilşir bulvarı ilə Qrenvill prospektinin kəsişməsindəki yeri “Artsax Respublikası meydanı” adlandırmaq qərarına gəlib. Bu barədə “Azad İran” kanalı məlumat yayıb.
Sənəddə qərarın “Los-Ancelesdən minlərlə kilometr uzaqlıqda ermənilər üçün döyüşən bölgənin şərəfinə” verildiyi vurğulanıb.
Şəhər şurasının erməni sədri Pol Krekoryanın sözlərinə görə, Azərbaycanın Los-Ancelesdəki konsulluğu burada yerləşdiyi üçün məhz bu kəsişmə seçilib. Bu, əlbəttə ki, erməni məkrinin yeni formasıdır. Beləcə, separatçılığın təbliği ilə yanaşı, başqa bir fitnəkar hədəfin güdüldüyü ortadadır.
“Los-Anceles şəhər bələdiyyəsinin önündə beynəlxalq qanuna uyğun olmayan belə bir addımın atılması yolverilməzdir”
Mövzu ilə bağlı fikir bildirən AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Los-Anceles şəhər bələdiyyəsinin önündə beynəlxalq qanuna uyğun olmayan belə bir addımın atılması yolverilməzdir: “Məlumdur ki, nə əvvəl, nə indi, nə də gələcəkdə qondarma rejim respublika kimi tanınmayıb, tanınmayacaq da. Bütün bunlara baxmayaraq, Los-Ancelesdə erməni əsilli Paul Krikoryanın təklifi ilə Azərbaycanın bu şəhərdəki Konsulluğunun qarşısındakı yolayrıcının qondarma "Arsax Respublikası" kəsişməsi adlandırılması düzgün deyil. Bu, erməni diplomatiyasının son çırpıntısıdır. Onlar ümid edir ki, qondarma, varlığı olmayan bir məsələni yaşadacaqlar. Ancaq nə etsələr də, bu mümkün olmayacaq. Bu məsələ ilə bağlı “Azad İran” kanalının məlumat verməsi təsadüfi deyil. Çünki onlar məlum hadisəni bizi istədikləri üçün etmir. Məlumdur ki, İranın fars-molla rejimi ilə Ermənistanın mövqeyi eynidir. Onlar Azərbaycan və bütün türk dünyasının əleyhinə çalışırlar”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, ABŞ-da Los-Anceles Şəhər Şurasının şəhərin qərbində Uilşir bulvarı ilə Qrenvill prospektinin kəsişməsindəki yeri “Artsax Respublikası meydanı” adlandırması erməni həyasızlığının daha eybəcər formada təzahürüdür. Bundan öncə də ABŞ-da bəzi küçələrə “artsax” adının verilməsi halları olub. Azərbaycanın tam legitim hüququ var ki, Los-Anceles Şəhər Şurasının bədnam qərarına qarşı ABŞ hökumətinə müraciət eləsin, diplomatik kanallarla bu məsələ qaldırılsın, Azərbaycanın ərazi bütövlüyünə qarşı addım olduğu vurğulansın və qərarın ləğvi istənilsin”.
Günel CƏLİLOVA