Ermənistanın baş naziri Nikol Paşinyan NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Havyer Kolomina ilə Azərbaycanla sərhəddə və Qarabağdakı vəziyyəti və Xankəndi ilə Bakı arasındakı dialoqun təşkilində beynəlxalq mexanizmlərin tətbiqi ilə bağlı müzakirə aparıb. Bu barədə Ermənistan hökumətinin saytında məlumat verilib:
"Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət, Ermənistanla Azərbaycan arasında sərhədin demarkasiyası və sərhədin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi, Qarabağ ətrafındakı vəziyyət də qeyd olunub”.
Ermənistanın baş naziri Nikol Paşinyan Böyük Britaniyanın Avropa məsələləri üzrə dövlət naziri Leo Doçerti ilə də görüşüb.
Görüş zamanı Leo Doçerti Ermənistanla strateji dialoqun başlanması, müxtəlif istiqamətlərdə əlaqələrin genişləndirilməsində maraqlı olduqlarını deyib. Ticarət-iqtisadi əməkdaşlıqla bağlı məsələlər, günəş enerjisi və digər sahələrdə proqramların həyata keçirilməsi imkanları müzakirə olunub.
Tərəflər Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması prosesinə, regional nəqliyyat və iqtisadi infrastrukturun açılmasına, Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası və təhlükəsizliyinə, Qarabağ ermənilərinin təhlükəsizliyi və Xankəndi ilə Bakı arasında dialoqa beynəlxalq mexanizmin tətbiqindən danışıblar.
Çox maraqlıdır, həm NATO nümayəndəsi, həm də Britaniya rəsmisi Ermənistan rəhbəri ilə bizim daxili işlərimizə aid olan məsələni müzakirə edib. Avropa rəsmiləri niyə bu məsələni bizim iştirakımız olmadan müzakirə etməlidir?
Müstəqil siyasətçi Mirkazım Seyidov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Qarabağın erməni əhalisi məsələsini Azərbaycan özünün daxili işi hesab edir və bunu xarici qüvvələrlə müzakirə etmək niyyətində deyil: “Hətta Prezident də çıxışında bildirib ki, Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əhali bizim vətəndaşımızdır və biz onların həyatını necə qurmaq barədə heç bir beynəlxalq mərkəzlə müzakirə aparmayacağıq. Azərbaycan istər Brüssel danışıqlarında, istərsə də Vaşinqtonda xüsusi olaraq vurğulayıb ki, Bakı ölkəmizin suveren hüquqlarına aid olan məsələləri heç bir üçüncü tərəflə müzakirə etməyəcək. Qarabağda yaşayan erməni sakinlərin hüquq və təhlükəsizliyi Azərbaycan Konstitusiyası, qanunları və ölkəmizin beynəlxalq öhdəliklərinə uyğun öz həllini tapacaq. Azərbaycan beynəlxalq ictimaiyyətin məsuliyyətli üzvü olaraq, xoş niyyətinin göstəricisi və şəffalıq nümunəsi kimi öz vətəndaşları ilə apardığı dialoqa dair bir müddətdən sonra beynəlxalq tərəfdaşlara məlumat verə bilər. Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərinin hüquq və təhlükəsizliyinin müzakirə olunması üçün hər hansı bir beynəlxalq mexanizmin yaradılmasından söhbət getmir və gedə bilməz. Suverenlik Azərbaycanın qırmızı xəttidir. Beynəlxalq tərəfdaşlar da Azərbaycanın bu haqlı mövqeyini anlayışla və hörmətlə qarşılayır. Ermənistanın və bəzi beynəlxalq dairələrin Azərbaycanın suverenliyi ilə bağlı bu cür yanaşması bizim üçün tamamilə qəbuledilməzdir və Ermənistan rəsmilərini bu mövqedən çəkinməyə çağırırıq. Çünki bu yanaşma sülh prosesini zədələyə bilər. Danışıqların mahiyyətinin təhrif olunması, şəxsi mülahizələrdən çıxış edilməsi, müxtəlif manipulyasiyalara yol verilməsi doğru deyil”.
Məhəmmədəli QƏRİBLİ