Rusiya xarici işlər nazirliyi Paşinyanın Qarabağı Azərbaycanın bir hissəsi olaraq tanımağa hazır olduğu ilə bağlı sözlərinə münasibət bildirib.
Trend çərşənbə günü TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-in mətbuat katibi Mariya Zaxarova deyib.
"Moskva Paşinyanın Qarabağı Azərbaycanın bir hissəsi olaraq tanımağa hazır olduğu ilə bağlı bəyanatını onun 2022-ci ildəki mövqeyinin təsdiqi olaraq nəzərdən keçirir", - Zaxarova deyib.
Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasından danışan XİN sözçüsü bildirib ki, Rusiya hazırda sahib olduğu vasitəçilik funksiyaları ilə ərazidə vəziyyəti nəzərdən keçirir.
"Həm ərazidə, həm də siyasi planda vəziyyətin sakitləşməsi üçün bütün vasitələrdən istifadə edirik. Bütün səviyyələrdə danışıqlar aparılır, Rusiya, Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Moskvada görüşü keçirilib. Bu əlaqələr bütün səviyyələrdə davam etdirilir. Bu bizim konkret fəaliyyətimizin predmetidir", - o deyib.
Qeyd edək ki, Ermənistan baş naziri Nikol Paşinyan son bir ayda artıq üçüncü dəfə “Ermənistan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımağa hazırdır” bəyanatı ilə bu və digər şəkildə "Qarabağ Azərbaycandır!" deyib.