Mayın 23-də Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun İxtisasartırma Proqramlarının birgə təşkilatçılığı ilə jurnalistlər üçün "Media savadlılığı və dezinformasiya ilə mübarizə" mövzusunda təlim keçirilib.
Qeyd edək ki, mayın 22-də başlayan təlimin ilk günündə iştirakçılar Elm və Təhsil Nazirliyinin əməkdaşları və universitet müəllimləri olub.
Mayın 23-də keçirilən təlimə müxtəlif kütləvi informasiya vasitələrində fəaliyyət göstərən 20-dən çox jurnalist qatılıb. Çox maraqlı və faydalı şəkildə keçən təlimin birinci hissəsində media üzrə ekspert, professor Mətyu Hibet media savadlılığının əhəmiyyətindən, dezinformasiya ilə mübarizənin müxtəlif yollarından söhbət açdı. Professorun təlimi daha çox nəzəri və praktik təcrübəyə əsaslandığı üçün iştirakçılar üçün çox faydalı oldu.
Təlimin ikinci hissəsi isə daha çox nəzəriyyəyə söykənirdi. Bu səbəbdən daha çox nəzəri məlumatlar əsasında çıxış edən professor Hibet rəqəmsal savadlılığın hazırkı dövr üçün necə başa düşülməsi, fərqli məzmun alması barədə ətraflı məlumat verib.
Media nümayəndələri üçün təşkil olunan təlimin digər hissəsində isə geniş beynəlxalq media təcrübəsinə malik təlimçi, Avropa Xəbər Agentlikləri Alyansının rəhbəri Aleksandr Giboi dezinformasiya ilə mübarizənin praktik yolları barədə geniş mühazirə ilə çıxış edib.
Ümumilikdə təlim sual-cavab şəklində keçirilib, auditoriyanı maraqlandıran məsələlər barədə əlavə məlumatlar verilib.
Sonda təlim iştirakçılarına iştirak haqqında sertifikatlar təqdim olunub.
İradə SARIYEVA