ABŞ-da yaşayan güneyli milli fəal, Günaz TV-nin rəhbəri Əhməd Obalı 6 nəfərin hücumuna məruz qalıb və vəhşicəsinə döyülməsi ilə bağlı narahatlıq davam edir. Sosial şəbəkələrdə paylaşımlar edən dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar bu hadisıdən narahat olduqlarını ifadə edirlər.
Ancaq ABŞ-da yaşayan Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) rəhbəri Mahmudəli Çöhrəqanlı hadisəni terakt kimi qiymətləndirməyin tərəfdarı olmadığı barədə açıqlama verib. O iddia edib ki, hadisədə terror izi görünmür.
Çöhrəqanlı bildirib ki, Əhməd Obalının restoranı da var və bəzən müştəriləri problemlər yaradırlar. Başqa sözlə, Çöhrəqanlı Əhməd Obalıya hücumu məişət səviyyəsində qiymətləndirməyə çalışan yeganə güneyli milli fəal kimi çıxış edib. Bu isə birmənalı qarşılanmayıb.
Əhməd Obalıya hücumla bağlı Güney təşkilatları ardıcıl bəyanatlar yayırlar. Birmənalı olaraq bunu terror hadisəsi kimi qiymətləndirən güneyli milli fəallar və siyasi qurumların fikrincə, Əhməd Obalıya sui-qəsd cəhdinin arxasında İran fars-molla rejimi dayanır. Həm Çörəqanlı, həm də Obalı İran rejiminə qarşı mübarizə apadıqlarını deyirlər. Hər ikisi ABŞ-da yaşayır. Əslində, bir-birinə dayaq durmalıdırlar. Məntiqlə, Çöhrəqanlı Obalıya edilən hücumun arxasında İranın durduğu versiyasından daha möhkəm yapışmalıdır. Ancaq tam tərsini edir. Sizcə niyə?
Demokratik Dəyişim Partiyasının sədri Əli Mustafa “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Güneydən olan mübarizlərin, mücahidlərin heç də hamısı eyni formada birləşməyib: “Düzdür, onların hər biri İran rejiminə qarşı mübarizə aparır, hər biri Güney Azərbaycanın azadlığını istəyir. Demək olar ki, əksəriyyəti vətənpərvər, rejimdən əziyyət çəkmiş insanlardır. Amma təbii ki, siyasi baxımdan fərqli mövqeləri var. Bəzən münasibətlərində şəxsi mövqelər, incikliklər də görə bilərik. Ona görə də düşünürəm ki, Çöhrəqanlı ilə Əhməd Obalının münasibətləri bu inciklikdən də qaynaqlana bilər. Eyni zamanda onlar bir-birinin inciklərini qəbul etməyə də bilərlər. Burdan da qaynaqlana bilər. Hər halda, təəssüf edirəm və düşünürəm ki, bütün güneyli azərbaycanlılar bir mövqedən çıxış etməlidirlər. İrandakı molla rejiminə qarşı onların birgə mübarizəsi, koordinasiyalı fəaliyyəti, dik duruşu bizim Güneydəki qardaşlarımızın hüquq və azadlıqları üçün son dərəcə önəmlidir. İstərdim ki, xüsusilə belə ağır, çətin vəziyyətlərdə Güneydən çıxan bütün liderlər bir - birini dəstəkləsinlər. Əhməd Obalıya qarşı törədilən bu vəhşiliyi, terroru, zorakılığı hansı zəmində olmasından asılı olmayaraq, mən pisləyirəm və Əhməd bəyə şəfa diləyirəm. Əminəm ki, ABŞ höküməti cinayətkarı tapacaq və cinayətin motivi də bilinəcək. Bütün hallarda güneyli liderlərimizə çağırış edirəm ki, gəlin umu-küsünü bir kənara qoyaq, milli mücadilədə bir - birimizə dəstək verək”.
Bir çox sosial şəbəkə istifadəçiləri M.Çöhrəqanlının bu cür açıqlama verməsinin səbəbinin qısqanclığından irəli gəldiyi qənaətini bölüşürlər. Hesab edirlər ki, Çöhrəqanlı bu hadisədən sonra Əhməd Obalının milli fəallar, o cümlədən Güneydəki soydaşlarımız arasında nüfuzunun kəskin artacağını bildiyindən, indidən buna qarşı qısqanc münasibət sərgiləyir.
Məhəmmədəli QƏRİBLİ