Mayın 22-də Vilnüsdəki Prezident Sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub.
Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Litva Respublikasının Prezidenti Gitanas Nauseda və xanımı Diana Nausediene qarşıladılar.
Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verdi.
Azərbaycanın və Litvanın Dövlət himnləri səsləndirildi.
Azərbaycan Prezidenti İlham Əliyev və Litva Prezidenti Gitanas Nauseda fəxri qarovul dəstəsinin qarşısından keçdilər.
Litva nümayəndə heyəti Azərbaycan Prezidentinə və Birinci xanım Mehriban Əliyevaya, Azərbaycan nümayəndə heyətinin üzvləri isə Litva Prezidentinə və xanımı Diana Nausedieneyə təqdim olundu.
Sonra birgə foto çəkdirildi.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva xatirə kitabını imzaladılar.
XXX
Vilnüsdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Litva Respublikasının Prezidenti Gitanas Nauseda ilə məhdud tərkibdə görüşü olub.
Sonra isə Azərbaycan Prezidenti İlham Əliyevin Litva Prezidenti Gitanas Nauseda ilə geniş tərkibdə görüşü olub.
Görüşdə Litva Prezidenti Azərbaycanın xüsusilə son on ildə əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirdi.
Söhbət zamanı dövlət başçılarının qarşılıqlı səfərlərinin əhəmiyyəti vurğulandı. Bu xüsusda Litva Prezidentinin Azərbaycana səfəri və həmin səfər çərçivəsində keçirilmiş görüşlərin önəmi qeyd edildi.
Görüşdə ikitərəfli məsələlər müzakirə olundu, iqtisadi-ticari əlaqələrin daha da genişləndirilməsinin, ticarət dövriyyəsinin daha da artırılmasının vacibliyi vurğulandı. Bu xüsusda informasiya texnologiyaları, kibertəhlükəsizlik, bərpaolunan enerji, investisiyalar, nəqliyyat kimi sahələrdə əməkdaşlıq məsələləri müzakirə edildi. Litvada keçiriləcək biznes forumun əhəmiyyəti və biznes dairələri arasında birbaşa təmasların qurulmasının vacibliyi qeyd olundu.
Söhbət zamanı nəqliyyat məsələləri, o cümlədən Xəzər dənizi ilə Baltik dənizinin birləşdirilməsinə dair layihələr barəsində müzakirələr aparıldı. Azərbaycanın Avropa İttifaqı və NATO ilə əməkdaşlığına Litvanın dəstəyi yüksək qiymətləndirildi. Avropa İttifaqı ilə Azərbaycan arasında Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində həyata keçirilən Tvinninq layihələrində Litvanın fəal rol oynadığı xüsusi qeyd edildi. Həmçinin bu gün imzalanmış üç sənədin əhəmiyyəti vurğulandı.
Söhbət zamanı ekoloji təhlükələr haqqında ilkin xəbərdarlıq sisteminin qurulması və tullantıların idarəolunması sahəsində Litva təcrübəsinin Azərbaycanla bölüşdürülməsinin önəmi diqqətə çatdırıldı.
Həmçinin bu gün ölkələrimiz arasında imzalanmış gənclər siyasəti sahəsində əməkdaşlıq haqqında Sazişin əhəmiyyəti qeyd olundu, 200-dən çox azərbaycanlı tələbənin Litvada təhsil alması və ölkələrimizin təhsil müəssisələri arasında birgə əməkdaşlığın mövcud olması müsbət amil kimi qiymətləndirildi, bu sahədə əməkdaşlığın daha da genişləndirilməsi məsələləri müzakirə olundu.
Görüşdə, eyni zamanda, prokurorluq sahəsində əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıldı, hər iki ölkənin aidiyyəti prokurorluq orqanları arasında sənədlərin imzalanmasının vacibliyi vurğulandı.
Eyni zamanda Litvadakı Azərbaycan icmasının ölkənin inkişafına töhfə verdiyi, onların bu ölkənin sadiq vətəndaşları olduqları diqqətə çatdırıldı.
Görüşdə ikitərəfli əlaqələr, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması məsələləri barədə də fikir mübadiləsi aparıldı.
Prezident İlham Əliyev litvalı həmkarına Ermənistan ilə Azərbaycan arasında danışıqların aparılması və Cənubi Qafqazda təhlükəsizliyin təmin olunmasına dair ölkəmizin baxışları haqqında məlumat verdi.
Elə həmin gün Vilnüsdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Litva Respublikasının Prezidenti Gitanas Nausedanın iştirakı ilə Azərbaycan-Litva sənədlərinin imzalanması mərasimi olub.
“Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Litva Respublikasının Ətraf Mühit Nazirliyi arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığa dair Saziş”i Litva Respublikasının ətraf mühit naziri Simonas Gentvilas və Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev imzaladılar.
“Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Litva Respublikasının Sosial Təhlükəsizlik və Əmək Nazirliyi arasında gənclər siyasəti sahəsində əməkdaşlıq haqqında Saziş”i Litva Respublikasının sosial təhlükəsizlik və əmək naziri xanım Monika Navitskiene və Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov imzaladılar.
“Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Litva Respublikasının Baş Prokurorluğu arasında 2024-2025-ci illər üçün Əməkdaşlıq Proqramı”nı Litva Respublikasının Baş prokuroru xanım Nida Qrunskiene və Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev imzaladılar.
Daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Litva Respublikasının Prezidenti Gitanas Nauseda mətbuata bəyanatlarla çıxış ediblər.
Əvvəlcə Litva Prezidenti bəyanatla çıxış etdi.
Prezident Gitanas Nausedanın bəyanatı
- Zati-aliləri cənab Prezident.
Əziz qonaqlar.
Mən bu gün - Litvanın paytaxtı Vilnüsdə Sizi salamlayıram. Bir il bundan əvvəl Azərbaycana səfərim çərçivəsində biz əhəmiyyətli müzakirələrə start verdik, ikitərəfli əməkdaşlıq baxımından, həmçinin iqtisadiyyat və təhsil sahələrində də əlaqələrimizi gücləndirmək qərarına gəldik. Əminəm ki, bu səfər Azərbaycan ilə Litva arasında əməkdaşlıq münasibətlərinə yeni müsbət dinamika əlavə edəcək.
Bu gün cənab Prezident Əliyev ilə mən ikinci Litva-Azərbaycan biznes forumunun açılışını edəcəyik. Əminəm ki, bu platformada iqtisadi sahədə yeni imkanlar yaranacaqdır. Eyni zamanda, bu gün ətraf mühit, gənclər və hüquq-mühafizə sahələrində də Litva ilə Azərbaycan arasında əməkdaşlıq haqqında sazişlər imzalandı. Bu, bizim ikitərəfli münasibətlərimizin inkişafına mühüm təkan verəcəkdir.
Litva 2006-cı ildən etibarən beynəlxalq inkişafa dair layihələrdə Azərbaycan ilə bir yerdə iştirak edir. Azərbaycan Litvanın Avropa İttifaqının Tvinninq proqramı çərçivəsində tərəfdaşıdır. Həmçinin Azərbaycan Şərq Tərəfdaşlığı proqramı çərçivəsində də həyata keçirilən layihələrin sayına görə Litvanın əsas tərəfdaşıdır.
Litva Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlıq əlaqələrinin inkişafının tərəfdarıdır. Biz Şərq Tərəfdaşlığı proqramı çərçivəsində də strateji tərəfdaşlığımızın inkişafı üçün yeni imkanlar axtarmalıyıq. Biz Avropa İttifaqının Azərbaycan ilə enerji sahəsində əməkdaşlığı müsbət qiymətləndiririk. Bu əməkdaşlıq Avropa İttifaqının enerji bazarına müsbət təsir göstərmiş, həmçinin Avropa İttifaqının qış ayları üçün təchizatını təmin etmişdir.
Rusiyanın hazırda Ukraynada apardığı qəddar müharibə əməkdaşlığımıza yeni məzmun qatıb. Biz Rusiyanın sanksiyalardan yayınmaması üçün bir yerdə çalışmalı və Ukraynanı qələbəsinə qədər dəstəkləməliyik.
Litva Azərbaycan ilə Ermənistan arasında münaqişənin diplomatik yolla dinc, dayanıqlı və əhatəli həllinin tərəfdarıdır. Litva Avropa İttifaqı və Transatlantik müttəfiqlərimizin bu istiqamətdə səylərini güclü şəkildə dəstəkləyir.
Zati-aliləri, əminəm ki, ölkələrimiz və xalqlarımız arasında dostluq bağları bizi gələcək illər üçün də birləşdirəcəkdir. Təşəkkür edirəm.
X X X
Sonra dövlətimizin başçısı mətbuata bəyanatla çıxış etdi.
Prezident İlham Əliyevin bəyanatı
- Hörmətli cənab Prezident.
Hörmətli xanımlar və cənablar.
Cənab Prezident, ilk növbədə dəvətə və qonaqpərvərliyə görə Sizə təşəkkürümü bildirmək istəyirəm. Yenidən gözəl ölkənizdə olmağımdan çox məmnunam.
Bu gün biz geniş fikir mübadiləsi əsnasında bir çox önəmli məsələləri müzakirə etdik, bir daha bizim strateji tərəfdaşlığımızı təsdiqlədik. Keçən il Prezident Nauseda Azərbaycanda rəsmi səfərdə idi, bu il isə mən Litvada rəsmi səfərdəyəm. Biz bu ilin əvvəlində Davosda da görüşmüşdük. Yəni, bu, özlüyündə onu göstərir ki, aramızda çox fəal siyasi dialoq aparılır və bu dialoq konkret nəticələrlə də tamamlanır. Siyasi müstəvidə əldə edilmiş razılaşmalar təbii ki, bütün digər sahələrə də öz müsbət təsirini göstərir. Biz çox ümid edirik ki, gələcək illərdə iqtisadiyyat, ticarət sahələrində də siyasi səviyyədə olduğu kimi işlər sürətlə gedəcək. Əminəm ki, bu gün keçiriləcək biznes forum bu istiqamətdə atılan önəmli addım olacaqdır.
Biznes qurumlarının birgə fəaliyyəti əminəm ki, ticarət dövriyyəsinin artırılmasına da gətirib çıxaracaq. Onu da bildirməliyəm ki, hər iki tərəfdən çox böyük maraq var və keçən ilin may ayında Prezident Nausedanın Azərbaycana rəsmi səfəri çərçivəsində Bakıda da Litva-Azərbaycan biznes forumu keçirilmişdir.
Bu gün biz regional məsələlərlə də bağlı geniş fikir mübadiləsi apardıq. Litva Prezidentini Azərbaycan-Ermənistan sülh danışıqları haqqında məlumatlandırdım. Biz ümid edirik ki, sülh danışıqlarının aparılması nəticə etibarilə Qafqaza uzunmüddətli sülh gətirəcək. Baxmayaraq ki, Azərbaycan torpaqları uzun illər ərzində - 30 ilə yaxın Ermənistanın işğalı altında idi. Bir milyon azərbaycanlı bu işğal nəticəsində öz doğma torpaqlarından didərgin düşmüşdür, ərazilərimizin təxminən 20 faizi işğal altında idi. İşğal edilmiş ərazilərdə demək olar ki, bütün infrastruktur, binalar, o cümlədən tarixi abidələr işğalçılar tərəfindən dağıdılıb. Biz hesab edirik ki, sülh anlaşmasının imzalanması qaçılmazdır və çalışırıq ki, öz tərəfimizdən bu məqsədə çatmaq üçün konstruktiv səylər göstərək. Təbii ki, bu sülh anlaşması beynəlxalq norma və prinsipləri əhatə etməlidir.
Bizim Litva ilə ikitərəfli əməkdaşlıq çərçivəsində, eyni zamanda, Avropa İttifaqı-Azərbaycan əlaqələri də önəmli rol oynayır və Litvaya bu əlaqələrin inkişafı üçün göstərdiyi səylərə görə təşəkkürümüzü bildiririk. Prezident Nauseda Azərbaycana səfər edəndən iki ay sonra Avropa Komissiyası ilə Azərbaycan arasında Bakıda enerji sahəsində strateji tərəfdaşlıq üzrə Anlaşma Memorandumu imzalanmışdır və bu memorandum uğurla icra edilir. Azərbaycan təbii qazının Avropa bazarlarına nəql edilməsi ilə bağlı çox ciddi addımlar atılır. Nəql edilən, yəni, ixrac edilən qazın həcmi ildən-ilə artır və artacaq.
Biz bu gün, eyni zamanda, Litvada və Azərbaycanda bərpaolunan enerji növlərinin yaradılması ilə də bağlı fikir mübadiləsi apardıq. Biz gördük ki, bu istiqamətdə də demək olar, paralel şəkildə gedirik. Həm Litvada, həm Azərbaycanda bu sahəyə çox böyük diqqət göstərilir və hesab edirəm ki, yaxın gələcəkdə bu sahədə də ikitərəfli əməkdaşlıq mümkün olacaq.
Təbii ki, ölkələrimizi birləşdirən və ümumiyyətlə, qitələri birləşdirən Avrasiya qitəsində daha da rahat nəqliyyat-kommunikasiya imkanlarını yaratmaq üçün ölkələrimizin payına böyük vəzifələr düşür. Biz razılaşdıq ki, müvafiq qurumlar bu məsələ ilə bağlı ciddi məşğul olacaqlar. Çünki dünyada hökm sürən yeni geosiyasi reallıq bunu diktə edir.
Azərbaycan ərazisindən keçən tranzit yüklərin həcmi ildən-ilə artır və artacaq. Müasir infrastrukturumuz buna imkan yaradır. Xəzər dənizini, Cənubi Qafqazı Baltik dənizi ölkələri ilə birləşdirən nəqliyyat marşrutları da bəllidir. Sadəcə olaraq, biz birgə səylərlə həmin birləşmə layihələrini həyata keçirərək bu sahədə də uğurlu əməkdaşlığa nail olacağıq.
Bütövlükdə deyə bilərəm ki, bu gün müzakirə olunan məsələlərin önəmi bir daha onu göstərir ki, Litva və Azərbaycan strateji tərəfdaşlar kimi uğurla bir-biri ilə əməkdaşlıq edir. Əminəm ki, bu səfərdən sonra bu əməkdaşlığa növbəti güclü təkan veriləcəkdir.
Dəvətə və qonaqpərvərliyə görə, bir daha təşəkkürümü bildirirəm.
Mayın 22-də Vilnüsdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Litva Respublikasının Prezidenti Gitanas Nausedanın iştirakı ilə Azərbaycan-Litva biznes forumu da keçirilib.
Dövlət başçıları biznes forumda çıxış ediblər.
Prezident Gitanas Nausedanın çıxışı
- Zati-aliləri, Azərbaycan Respublikasının Prezidenti.
Hörmətli nazirlər, biznes ictimaiyyətinin nümayəndələri, möhtərəm qonaqlar, xanımlar və cənablar.
Mən litvalı həmkarlarının da iştirakı ilə Azərbaycandan olan çox sayda iş adamını Vilnüsdə salamlamaqdan məmnunam. Ümidvaram ki, bugünkü müzakirələr ölkələrimizə mövcud əlaqələri dərinləşdirməyə və yeni tərəfdaşlıqları inkişaf etdirməyə kömək edəcək.
Bu il Litva və Vilnüs 700 illiyini qeyd edir. Paytaxtımızın mövcudluğunun ilk günləri Litva hökmdarı Gediminas xarici liderlərə, tacirlərə, müxtəlif sosial təbəqələrdən və dindən olan sənətkarlara dəvət məktubları göndərməsi ilə yadda qaldı. O vaxtdan bu yana Litva başqaları ilə birgə fəaliyyət göstərmək, yeni ideyalar əldə etmək və inkişaf etmək üçün ambisiyalı yolla gedir.
Azərbaycan xalqının ulu əcdadları da bu hekayənin bir parçası olaraq hələ XV əsrdə Litva elçilərini qəbul ediblər. Bu gün biz ikitərəfli əlaqələrimizin sağlam vəziyyətinə arxalana bilərik. Azərbaycan Litvanın mühüm tərəfdaşıdır və biz qarşılıqlı faydalı imkanların axtarılmasında maraqlıyıq. Biz Azərbaycanı nəhəng enerji potensialına malik və şaxələndirməyə can atan inkişaf edən iqtisadi güc kimi görürük. Azərbaycan iqtisadiyyatının informasiya texnologiyaları, logistika, istehsal, qabaqcıl ərzaq sənayesi, bərpaolunan enerji kimi müxtəlif sahələri litvalı iş adamlarını cəlb edir. Biz bu qədər məsələləri müzakirə edə bilərik. Keçmişdə Litva özünü yeni şəraitə asanlıqla adaptasiya olmaq və ondan öz xeyrinə istifadə etmək bacarığını sübuta yetirib. Biz güclü sənaye ənənəsinə və intellektual işçi qüvvəsinə arxalanırıq. Bizim rəqəmsal infrastrukturumuz sürətli və əlçatandır, bütün Avropa İttifaqında ən yaxşılarından biridir.
2020-ci ildə qlobal tənəzzül zamanı Litva ümumi daxili məhsulun mənfi dəyişməsinə imkan vermədi. Bu uğurlu antitsiklik iqtisadi siyasət təcrübəsi yeni qlobal təlatümlərin öhdəsindən gəlmə prosesində istifadə edəcəyimiz mühüm təcrübə olmuşdur. Hazırda biz yaşıl texnologiyaların sənaye istehsalatını dəstəkləmək üçün Avropa İttifaqının planlarını nəzərdən keçiririk. Yeni imkanlar inqilabi və sıfır tullantılı istehsalatla təmin olunacaq. Bu, Litva iqtisadiyyatına fayda verəcək. Xalis sıfır tullantılı iqtisadiyyatların inkişafı, həmçinin Litva və Azərbaycan iqtisadiyyatlarını bir-birinə daha da yaxınlaşdıra bilər. Bizim bugünkü özgüvənimiz son on il ərzində möhtəşəm enerji keçidi prosesi ilə dəstəklənmişdir. Bu, Litvaya Rusiyadan enerjinin, o cümlədən, neft, elektrik enerjisi və təbi qazın təchizatını tamamilə dayandıran ilk Avropa ölkəsi olmağa imkan verdi. Hazırda iqtisadi model yanaşmasında fiksə edilmiş aşağı qiymətli enerji həm qurudakı, həm də dənizdəki bərpaolunan enerji mənbələrindən generasiya olunur. Bu, bizim istehsal və xidmət sektorlarımızın rəqabət qabiliyyətini əhəmiyyətli şəkildə gücləndirəcək. Azərbaycan sahibkarları bundan faydalanmaq üçün bu prosesə qoşula bilərlər.
Məmnuniyyətlə qeyd edirəm ki, birinci iqtisadi toplantı ötən il Bakıda keçirildi. Orada mənə Zati-aliləri Azərbaycan Respublikasının Prezidenti ilə biznes forumunun açılışını etmək şərəfi nəsib oldu. Bu gün mən həqiqətən də inanıram ki, ölkələrimiz təkcə iqtisadi cəhətdən yox, eyni zamanda, elm, təhsil və mədəniyyət sahələrində də bir-biri ilə əlaqələr qurmalıdırlar. Yol genişdir və bizim qarşımızdadır. Qoy, bu biznes forumu düzgün istiqamətdə atılmış əlavə addım olsun.
Mən bu biznes forumunu təşkil etdiklərinə görə Litvanın Litfood agentliyinə, İnnovasiya Agentliyinə, Sənayeçilər Konfederasiyasına və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu - AZPROMO-ya və iştirak edən bütün digər təşkilatlara xüsusi təşəkkürümü ifadə etmək istəyirəm. Hamınıza maraqlı və faydalı müzakirələr arzulayıram. Təşəkkür edirəm.
x x x
- Hörmətli Prezident Nauseda.
Əvvəlcə mən bir daha cənab Prezidentə göstərilmiş qonaqpərvərliyə görə təşəkkürümü bildirmək istəyirəm. Gözəl ölkənizə yenidən gəlməyimə, ikitərəfli və regional məsələlərə, o cümlədən iqtisadi gündəliyə dair cənab Prezidentlə geniş fikir mübadiləsi aparmaqdan çox şadam. Bir il ərzində ölkə rəhbərlərinin ikinci dəfə biznes forumda çıxış etməsi faktı ölkələrimizin biznes subyektləri və sahibkarları arasında təmaslara böyük əhəmiyyət verdiyimizin təzahürüdür.
Hesab edirəm ki, Prezident Nauseda ilə əməkdaşlığımız üçün çox güclü bünövrə qoymuşuq, çox fəal siyasi dialoq qurmuşuq. Artıq söylədiyim kimi, biz ötən ilin mayında Bakıda görüşdük. Sonra bu ilin yanvarında Davosda görüş keçirdik. İndi isə Vilnüsdə görüşürük. Bu, həqiqətən əməkdaşlığımızın dinamik xarakterini göstərir. İndi isə biznes icmaları üçün qarşılıqlı surətdə faydalı və məhsuldar əməkdaşlığı ehtiva edən uzun perspektivli plan üçün vaxt yetişib.
İki həftə öncə burada, Vilnüsdə Litva-Azərbaycan hökumətlərarası komissiyası iqtisadi gündəliyimizdə duran mühüm məsələləri müzakirə etmək məqsədilə öz iclasını keçirdi. Hesab edirəm ki, birgə iqtisadi komissiyanın oynadığı rol biznes dairələrinin səylərini əlaqələndirməkdən, potensial əməkdaşlıq üçün mühüm imkanları dəyərləndirməkdən və tərəfdaşlıq üçün çərçivənin yaradılmasından ibarətdir.
Bu baxımdan planlarımız barədə məlumat mübadiləsi çox əhəmiyyətlidir. Əminəm ki, bu gün keçirilən biznes forumda ölkələrimizdə icrası planlaşdırılan layihələrin növləri, o cümlədən işgüzar dairələrin onlarda iştirakı yolları barədə bir çox müzakirələr olacaq. Bu gün biz cənab Prezidentlə əməkdaşlıq üçün potensial sahələri geniş şəkildə müzakirə etdik. Prezident onları artıq qeyd etdi. Fikrimcə, potensial həqiqətən var. Biz bərpaolunan enerji sahəsinə yatırımlar baxımından eyni istiqamətdə gedirik. Hər iki ölkədə - Baltik və Xəzər dənizlərində çox böyük külək enerjisi potensialı var. Hər iki ölkə bu məsələni gündəliyimizə daxil edib. Bizə gəldikdə, bizdə enerji təhlükəsizliyi mövcuddur. Lakin, bununla belə, biz ixrac məqsədləri üçün daha çox təbii qaza qənaət etmək və elektrik enerjisinin istehsalı üçün təbiətimizin günəş və külək enerjilərindən istifadə etmək istərdik. Xüsusən də, nəzərə alsaq ki, ötən ilin iyulunda Avropa Komissiyası və Azərbaycan Enerji sahəsində Strateji Tərəfdaşlıqla bağlı Anlaşma Memorandumunu imzaladılar. Biz onun əsasında 2027-ci ilə qədər Avropaya təbii qaz təchizatımızı iki dəfə artırmağı planlaşdırırıq. 2021-ci ildə Avropaya təbii qaz təchizatımız 8 milyard kubmetr olmuşdur, bu il isə 12 milyard kubmetr olacaq və 2027-ci ilə qədər 20 milyard kubmetrə çatdırılacaq. Fikrimcə, bu, minimal həddi təşkil edir, çünki potensial çoxdur. Biz mövcud yataqlardan daha çox qaz hasil edirik. Bu yaxınlarda Xəzərdə ən iri yataqlardan birində hasilatın başlanmasını elan edəcəyik. Həmçinin bərpaolunan enerji mənbələrinə qoyulan sərmayələr təbii qaza ixrac məqsədləri üçün qənaət etmək imkanını yaradacaq.
Buna görə Avropanın etibarlı təchizatçısı kimi Azərbaycan bu gün nefti, təbii qazı və elektrik enerjisini ixrac edir. Biz hidrogeni, o cümlədən yaşıl hidrogeni ixrac etməyi planlaşdırırıq. Bütün bunlar bizim Avropa İttifaqı ilə əməkdaşlığımızın strateji çərçivəsinin bir hissəsidir. Biz Azərbaycanın və Avropa Komissiyasının daha yaxın olmaq səylərinə verdikləri daimi dəstəyə görə litvalı dostlarımıza və tərəfdaşlarımıza minnətdarıq.
Düşünürəm ki, işgüzar dairələrin nəzərə alacağı digər mühüm sahə logistika, şəbəkələr və daşımalarda olan böyük potensiala aiddir. Biz daşımalar sektorunu yalnız tranzit gəlirləri baxımından yox, o cümlədən kiçik və orta müəssisələr üçün marşrut boyunca istehsal qurmaq, biznes təmasları yaratmaq, xidmət göstərmək fürsəti kimi görürük.
Bu gün Litva və Azərbaycan öz regionlarında mühüm daşımalar qovşağıdır. Beləliklə, biz Xəzər və Baltik regionları arasında şəbəkə qurmalıyıq və bu, mümkündür. Çünki biz Avropanın enerji xəritəsinə nəzər salsaq, o, əsasən, Azərbaycanın təşəbbüsləri sayəsində kəskin şəkildə dəyişib. Neft və qaz boru kəmərləri tamamilə yeni vəziyyət yaradır. Eyni sözləri daşımalara da aid etmək olar. Biz qonşularımız və tərəfdaşlarımızla yeni bağlantılar yaratmışıq. Biz Bakının dəniz limanı infrastrukturuna böyük yatırımlar edirik. Xəzərdə daha çox yük daşıya biləcək əlavə gəmilərin tikintisinə investisiyalar qoyuruq. Buna görə, hesab edirəm ki, biznes dairələrə bu fürsəti dəyərləndirmək üçün münasib vaxtdır. Yubanmaq lazım deyil, çünki birmənalı olaraq, çox böyük daşımalar imkanları, xüsusən də hazırkı geosiyasi vəziyyətdə əlavə dəyər gətirəcək.
Həmçinin litvalı dostlarımıza məlumat vermək istərdim ki, Azərbaycan iqtisadiyyatı sabitdir, münbit investisiya şəraiti var və o, təbii sərvətlərə əsaslanır. Lakin, hazırda, eyni zamanda əsas hədəf şaxələndirmədir. Düşünürəm ki, biz iqtisadiyyatımızı xeyli şaxələndirə biləcəyik və enerji sektorundan asılılığı azaldacağıq. Baxmayaraq, enerji sektoru enerji təhlükəsizliyimizdə və Avropanın enerji təhlükəsizliyində öz mühüm rolunu oynamağı davam etdirəcək.
İqtisadi göstəricilərimiz müəyyən statistik məlumatlarda əks olunub. Litva şirkətlərini Azərbaycana daha çox cəlb etmək üçün demək istəyirəm ki, bizim xarici borcumuz çox aşağıdır, ümumi daxili məhsulun 10 faizindən də azdır. Milli valyutamız sabitdir. Əminəm ki, sabit qalacaq, çünki xarici ticarət balansında artıqlıq yaranıb. Bu, kifayət qədər böyük həcmdir. Dövlət Neft Fondumuzda topladığımız valyuta ehtiyatlarımız və Mərkəzi Bankın ehtiyatları xarici borcu on dəfədən çox üstələyir. Beləliklə, iqtisadiyyatımızın sabitliyi regional iqtisadi əməkdaşlıq və sərmayə mühiti üçün mühüm amildir, çünki münbit investisiya mühiti təkcə yaxşı qanunvericiliyin yazılması ilə şərtlənmir. Bu, kifayət deyil. Yaxşı biznes imkanlarının, çox dinamik yerli bazarın və qonşu bazarlara çıxışın olması vacibdir. Buna görə, Azərbaycan bazarı genişlənir, əhali artır. Mərkəzi Asiya bazarlarına çıxış təmin edilir. Həmçinin ölkənizin yerləşdiyi regionla güclü bağlantıların qurulması birmənalı olaraq əlavə imkanlar yaradacaq.
Bir sözlə, əminəm ki, bu görüş yaxşı nəticələr verəcək. Artıq qeyd edildiyi kimi, bu gün bir sıra sənədlər imzalandı. Ümid edirik ki, onların hamısı yaxşı nəticələr verəcək və bu cür toplantıların səmərəliliyini nümayiş etdirəcək. Həmçinin bu fürsətdən istifadə edərək, mən Litvanın biznes icmasından olan dostlarımızı Azərbaycana səfərə və dialoqu davam etdirməyə dəvət edirəm.
Çox sağ olun.
Litvanın iqtisadiyyat və innovasiyalar naziri xanım Auşrine Armonaite biznes forumda çıxış edərək Azərbaycanın Cənubi Qafqaz regionunda Litvanın önəmli tərəfdaşı olduğunu qeyd etdi. Nazir Litvanın iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsində maraqlı olduğunu bildirdi. İki ölkə arasında qarşılıqli ticarət dövriyyəsinin çoxşaxəli olduğunu qeyd edən Auşrine Armonaite Litvanın birbaşa qarşılıqlı xarici investisiyaların stimullaşdırmasında maraqlı olduğunu vurğuladı. Ölkələrimiz arasında əməkdaşlıq layihələrinin genişləndirilməsində çoxlu imkanların mövcud olduğunu qeyd edən litvalı nazir Azərbaycanla ən yaxşı təcrübə, ekspert biliyi və uğur hekayələri ilə bölüşməkdə maraqlı olduqlarını dedi.
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov iki ölkə arasında investisiyaların qorunması və ikili vergiqoymaya yol verilməməsi mexanizminin mövcud olduğunu bildirdi, bunun investorların fəaliyyətinə töhfə verdiyini qeyd etdi. Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi hədəfindən danışan Mikayıl Cabbarov ötən dörd ildə ölkəmizin qeyri-neft-qaz ixracının iki dəfə artdığını dedi. Alternativ enerji mənbələrindən danışan nazir bu enerji mənbələrinə keçidin Azərbaycanın iqtisadiyyatına əhəmiyyətli və müsbət təsir etdiyini vurğuladı.
Biznes forumda hər iki ölkədən iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən, ümumilikdə, 80-dək şirkət təmsil olunub.
Vilnüsdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Litva Respublikasının Baş naziri xanım İnqrida Şimonite ilə görüşü olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vilnüsdə Litva Respublikasının müstəqilliyi uğrunda mübarizədə həlak olanların xatirəsinə ucaldılan abidəni ziyarət ediblər.
Dövlətimizin başçısının şərəfinə burada fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident İlham Əliyev abidənin önünə əklil qoydu.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vilnüs Qədim şəhərini gəziblər.
Dövlətimizin başçısına və birinci xanıma Vilnüs Qədim şəhərinin tarixi haqqında məlumat verildi.
Bildirildi ki, Vilnüs Qədim şəhərin arxitekturasında keçmişin və gələcəyin vəhdəti hiss olunur. Şimali Avropanın Orta əsrə aid ən böyük şəhərlərindən sayılan Vilnüsün Qədim şəhər hissəsinin sahəsi təqribən 3,6 kvadratkilometrdir. Burada Avropanın ən qədim qotik, intibah, barokko və neoklassik memarlıq üslublarında inşa olunmuş binalar bir-birini tamamlayır. Ən mükəmməl memarlıq komplekslərindən biri Qədim şəhərin böyük bir hissəsini tutan və 13 həyəti olan Vilnüs Universiteti Memarlıq Ansamblıdır.
Qeyd olundu ki, Vilnüs Qədim şəhərinin universal dəyəri və orijinallığı nəzərə alınaraq 1994-cü ildə UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilib. Litvanın paytaxtına gələn qonaqlar mütləq Qədim şəhərlə tanış olurlar. Çünki Vilnüsün digər yerləri ilə müqayisədə Qədim şəhərdə diqqət cəlb edən memarlıq abidələri daha çoxdur.