Mayın 20-də ABŞ prezidenti Co Bayden azərbaycanlı həmkarı İlham Əliyevə məktub göndərdi, onu və xalqını 28 May - Müstəqillik Günü münasibətilə təbrik etdi. Bu məktubda səsləndirilən bəzi fikirlər isə onun sadəcə təbrik münasibətilə yazılmadığını göstərir. Məktubda incə mesajlar var.
Bayden məktubda qeyd edir:
“Biz birlikdə terrorizmlə mübarizə aparırıq”. “Biz birlikdə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı tədbirlər görürük”. “Biz birlikdə kütləvi qırğın silahlarının yayılmasının qarşısını alırıq”.
Məhz bu üç bənd Azərbaycanın İranla bağlı yürütdüyü prinsipial siyasətə edilən təşəkkür, ölkəmizin roluna verilən önəm sayıla bilərmi?
Politoloq Elşən Mustafayev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu
təbrik məktubu sıradan protokol nəzakəti hesab edilə bilməz və özündə ciddi məqamları ehtiva edir:
“Adətən belə məktublara xas olan sətiraltı eyhamlara yer verilməyib.
Cozef Baydenin məktubunda açıq mətnlə "Azərbaycanla Birləşmiş Ştatlar arasındakı tərəfdaşlıq regionda inkişafı təmin edib" ifadəsinə yer verməsi ilə Vaşinqton artıq rəsmən bəyan edir ki, bölgədə əsas önəm verilən ölkə Azərbaycandır. Bayden məktubda "Biz birlikdə terrorizmlə mübarizə aparır, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı tədbirlər görür və kütləvi qırğın silahlarının yayılmasının qarşısını alırıq" ifadəsinə yer verməklə Vaşinqtonun regional təhlükəsizliyin qarantı kimi məhz ABŞ-Azərbaycan tərəfdaşlığını gördüyünü gizlətmir. Bəli, bunu eyni zamanda Azərbaycanın İranla bağlı tutduğu prinsipial mövqeyinə də verilən yüksək qiymət kimi dəyərləndirə bilərik. Çünki həmin 3 bəndə aid olan mövzular əsasən İrana xasdır. ABŞ İranı terroru dəstəkləyən ölkə kimi tanıyır. Bəllidir ki, Azərbaycana ən böyük narkotik trafiki məhz İran üzərindən həyata keçirilirdi. Xüsusilə də işğal faktoruna son qoyulandan sonra İranın əlindən həmin gəlirli marşrut çıxdı. Kütləvi qırğın silahı ilə bağlı mübarizəyə işarə etməklə də ABŞ prezidenti İranı göstərir. Çünki bu proqramı məhz İran reallaşdırmaq istəyir. Bir sözlə, məktubda Azərbaycanın yaratdığı reallıqlar qəbul edilir və ölkəmizin dünya siyasətində oynadığı mühüm rolu açıq etiraf olunur. Yəni məktubda yalnız İranla bağlı məqamlara yer verilmir. Ölkəmizin digər sahələrdə də ABŞ-la əməkdaşlığının önəmi xüsusilə vurğulanır. Məktubda diqqət çəkən digər önəmli məsələ Birləşmiş Ştatların Cənubi Qafqazda gələcək nəsillər üçün təhlükəsizlik və inkişafın təşviqi niyyətidir ki, Azərbaycanın bütövlükdə dünya birliyindən yeganə gözləntisi də həmişə məhz bu amil olub. Xüsusən Baydenin Azərbaycanla Ermənistan arasında dayanıqlı və ədalətli sülhü dəstəkləmǝyǝ davam edəcəyi bəyanatı hazırda aparılan danışıqlar prosesində Bakının beynəlxalq hüququn prinsiplərinə əsaslanan mövqeyi ilə üst-üstə düşür”.
Məktubda daha bir məqam var ki, orada da Bayden Azərbaycanın oynadığı və iqtisadi sahəni əhatə edən prinsipial rolun önəmini ifadə edir.
“Xüsusən, Rusiyanın Ukrayna xalqına qarşı qəddar müharibəsi dövründə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində biz bir yerdə olmuşuq” deməklə, Bayden ona vurğu edir ki, Qərb-Rusiya geosiyasi qarşıdurması zamanı Rusiyanın ən böyük alətlərindən biri enerji şantajı idi. Rusiya neft-qaz ixracını azaltmaqla Avropanı enerji böhranı ilə hədələyirdi. Bu məqamda Azərbaycan yeni reallığı anında qiymətləndirdi və Avropa ilə enerji təhlükəsizliyi sahəsində əməkdağa üstünlük verdi.
Məhəmmədəli QƏRİBLİ