GünAz TV-nin rəhbəri, Amerikada mühacir həyatı yaşayan güneyli milli fəal Əhməd Obalı və oğlu Dəniz ABŞ-da vəhşicəsinə döyülüb.
Hadisə Əhməd Obalının Azərbaycandan dönüşündən 1 gün sonra baş verib. Hadisənin təfsilatı ilə bağlı dəqiq məlumat yoxdur.
Obalıya yaxın mənbələrdən verilən məlumata görə, hazırda Əhməd bəyin vəziyyəti ağırdır, oğlu isə reanimasiyaya yerləşdirilib. Güney Azərbaycan liderinin barmaqları qırılıb, boynunu qırmağa cəhd ediblər, bu səbəbdən də qolları və barmaqları işləmir. Obalılara sui-qəsd edən 6 nəfər olub. ABŞ polisi onları yaxalayıb.
Bu hadisəni İrana bağlı qüvvələrin törədə biləcəyi ehtimalı nə dərəcədədir? Bu sübut olunarsa, nələr yaşana bilər?
Müstəqil siyasətçi Bünyamin Qəmbərli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Əhməd Obalıya və oğlu Dənizə qarşı edilən bu hərəkət heç bir formada bağışlanası, qəbul ediləsi deyil: “İstənilən halda xoşagəlməz, narahatedici bir hərəkətdir. Bu hərəkətin İranla bağlanması haqda isə onu deyim ki, İranın terroru dəstəkləyən dövlət olması bütün dünyada qəbul olunub və həmin ölkənin özü də bunu müxtəlif formalarda sübut edib. Sizə xatırladım ki, həm keçən ilin sonları, həm bu ilin başlanğıcında Türkiyədə İranın bir neçə terror qruplaşması zərərsizləşdirildi. Həmin qruplaşmalar Türkiyədə olan İsrail vətəndaşlarına qarşı terror törətmək üçün göndərilmişdi. İranın Azərbaycanda millət vəkilinə qarşı etdiyi terror, İranın burda olan casus şəbəkələrinə verdiyi tapşırıqlar da Əhməd Obalıya və oğlu Dənizə qarşı edilən hərəkətin İran tərəfindən edildiyinə sübut hesab oluna bilər. Amma təəssüf ki, İran nə siyasi, nə mədəni, nə diplomatik yollara baş vurur, bu yolların hamısından qəti şəkildə imtina edir və yalnız güc vasitəsilə təsir yollarını əsas götürür. Bu da İranın sadəcə beynəlxalq icitimaiyyətdə nüfuzunun düşməsi ilə nəticələnmir, eyni zamanda bütün qonşuları ilə də münasibətlərinin pozulmasına səbəb olur. Əhməd bəyə və oğlu Dənizə uca yaradandan şəfalar diləyirəm. Arzu edirəm ki, Əhməd bəy tezliklə sağalsın, öz işinə qayıtsın. Bizim hələ qarşıda çox ağır mübarizələrimiz var. Əhməd bəylərə ehtiyacımız çoxdur”.
Əhməd Obalı deyib ki, bu hadisənin arxasında duranları da, onu həyata keçirənləri də bilir. Əhməd Obalının yaxınları onun ən ağır durumda dediyi bir neçə dəqiqəlik ifadəni lentə alıblar:
"Bugünə qədər alnıaçıq yaşadım, Vətən və millət yolunda fəaliyyət göstərdim. Hər zaman fikirlərimi açıq şəkildə bildirdim. 2 gün əvvəl isə hücuma məruz qaldım".
Qeyd edək ki, Əhməd Obalı və ailəsi uzun illər Amerikada mühacir həyatı yaşayıb. Hazırda o, ABŞ vətəndaşıdır. Əhməd Obalı İran rejiminə qarşı mübarizə aparan GünAz TV-nin rəhbəri və qurucusudur. Obalı Azərbaycana sıx-sıx gedib gəlirdi. Bu hadisə də Azərbaycandan dönüşdən 1 gün sonra baş verib.
Qardaşı xəstəxanada olan Əhməd Obalının son durumu barədə də danışıb.
O, Əhməd bəyin vəziyyətinin qənaətbəxş olduğunu deyib:
"Həyati təhlükəsi yoxdur. Ümumi diaqnoz ondan ibarətdir ki, sağ əlinin barmaqları qırılıb. Həmçinin baş nahiyəsindən və gözlərindən çox ciddi zədə alıb. Fikrimizcə, boynunu sındırmağa cəhd ediblər".
Məhəmmədəli QƏRİBLİ