ABŞ Ermənistanın bir neçə müəssisəsinə və bu ölkədə qeydiyyatdan keçmiş daha bir neçə şirkətə sanksiya tətbiq edib.
Mətbuatda yayılan məlumata görə, sənəd ABŞ-ın federal reyestrində dərc edilib və mayın 23-də qüvvəyə minəcək.
ABŞ Ticarət Nazirliyi Ermənistanın “Medisar” şirkəti də (sənaye və laboratoriya kimyası idxalı ilə məşğul olan) daxil olmaqla, 71 müəssisəyə qarşı ixrac məhdudiyyəti tətbiq edib.
Məlumata görə, Ermənistanda qeydiyyatdan keçmiş bir neçə şirkət, o cümlədən “Tako MMC” (digər adı Rusiyanın “Radioavtomatika” MMC-nin tərəfdaşı olan “Taco” MMC) və “Milur Electronics MMC” (mikrosxem istehsal edən “Milandr”ın Ermənistan filialı) da daxil olmaqla, ABŞ-ın Rusiya əleyhinə sanksiyalarına məruz qalıb.
Digər şirkətlər Rusiyanın 69 müəssisəsi (onlar Rusiyanın hərbi-müdafiə kompleksinə dəstək verir-red) və Qırğızıstanın “Tro.Ya” (elektron avadanlıq və komponentlərin tədarükçüsü) şirkətidir.
Qeyd edilir ki, Ermənistan şirkətlərinin siyahıya salınmasına səbəb onların hərəkətlərinin məhsullarının son alıcısının kim olmasının yoxlanılmasının uğurla başa çatmasına mane olması olub.
Xatırladaq ki, Ermənistanın bir sıra şirkətləri Rusiyanın ABŞ-ın sankiyaya məruz qalmış müəssisələri ilə sıx əlaqədədir.
ABŞ-in Ermənistana sanksiyaları gerçəkləşəcəkmi?
"...Nikol Paşinyanın Qərb tərəfindən növbəti dəfə hansısa bir mənada sıxışdırılması ilə nəticələnə bilər"
Politoloq Tural İsmayılov baki-xeber.com-a "Amerika Birləşmiş Ştatları (ABŞ) yaxşı fərqindədir ki, Rusiya ilə Ermənistanın qeyri - leqal əlaqələri davam edir. Təbii ki, bu qeyri-leqal münasibətlər bütövlükdə ABŞ-ın regional maraqlarını şantaj edir" - deyə bildirdi. T.İsmayılovun sözlərinə görə, belə olan təqdirdə, əlbəttə ki, özəlliklə ABŞ-ın Ermənistana sanksiyalar tətbiq etmək məsələsi gündəmə gəlir. "Bu gün ABŞ-ın siyasi sistemində çox ciddi Ermənistan lobbisi var. İnandırıcı deyil ki, erməni lobbisi Ermənistana sanksiya tətbiq etməsi üçün ABŞ-a imkan versin. Amma istənilən halda, ABŞ-la Ermənistan arasındakı münasibətlər bu məsələyə görə gərginləşir. Bu, eyni zamanda, Nikol Paşinyanın Qərb tərəfindən növbəti dəfə hansısa bir mənada sıxışdırılması ilə nəticələnə bilər"-deyə T.İsmayılov bildirdi.
İradə SARIYEVA