“Ararat” brendini istehsal edən İrəvan Konyak Zavodu Rusiyaya spirtli içki tədarükünü dayandıracaq. Bu barədə ölkənin iqtisadiyyat naziri Vahan Kerobyan Ermənistan parlamentinin iqtisadi məsələlər üzrə komissiyasının iclasında bildirib.
O bunu belə təqdim edib: “Rəsmi məlumatım yoxdur, lakin deyəsən, rəsmidir: İrəvan Konyak Zavodu Rusiyaya ixracı dayandıracaq. Bu, üzüm məhsulunun satın alınmasına təsir edə bilər və biz vəziyyətə nəzarət etməli, lazım gəldikdə cavab tədbiri görməliyik”.
Qeyd edək ki, İrəvan Konyak Zavodu ixracının 80%-dən çoxu Rusiyaya gedirdi. İrəvan Konyak Zavodu Fransanın “Pernord Ricard” şirkətinə məxsusdur. “Pernord Ricard” “Ararat” konyakı, "Chivas Regal” viskisi, "Jameson”, “Ballantine's”, “Olmeca” tekilası, “Havana Club” romu və “Absolut” arağı da daxil olmaqla onlarla brendin sahibidir. Fransa şirkəti Böyük Britaniyanın "Diageo”sundan sonra alkoqollu içkilərin ikinci ən böyük qlobal istehsalçısı hesab olunur.
“Bu gün Ermənistanda şərabçılığı ələ keçirən Fransa sabah digər iqtisadi sahələrdə hökmran olmağa çalışacaq”
Məsələ ilə bağlı “Bakı-Xəbər”ə açıqlamasında ekspert Rəsul Cahangirli qeyd etdi ki, fransız şirkətinin bu qərarının arxasında siyasi motivlər dayanır: “Belə bir qərarın yalnız “Pernord Ricard” şirkəti tərəfindən verildiyini düşünmək doğru olmaz. Nəzərə alsaq ki, Ermənistanda istehsal olunan alkoqollu içkilərin əsas bazarı Rusiyadır, o zaman bu, təkcə fransız şirkətinin qərarı sayılmamalıdır. Çox güman ki, bu, Fransa hakimiyyəti ilə Ermənistan rəhbərliyi tərəfindən əvvəlcədən razılaşdırılıb. Məsələ ondadır ki, Ermənistan iqtisadiyyatı Rusiyadan həm asılıdır, həm də bağlı. Ölkədə az-çox gəlirli sahələrdən biri də şərabçılıqdır. Fransa şərabçılıqdan başlayaraq Ermənistanın Rusiyadan iqtisadi asılılığını azaltmağa şalışır. Məlum qərar da bu siyasətin bir elementidir. Bu gün Ermənistanda şərabçılığı ələ keçirən Fransa sabah digər iqtisadi sahələrdə hökmran olmağa çalışacaq. Etiraf etmək lazımdır ki, bir sıra sənaye sahələri üzrə Fransanın texnoloji imkanları Rusiyadan qat-qat üstündür. Ona görə də bu, bir növ nüfuz müharibəsidir. Bəli, Fransa illərdir Ermənistanın bir nömrəli təəssübkeşidir. O zaman niyə məhz indi Fransa daha çox Ermənistana praktiki olaraq nüfuz etməyə, iqtisadiyyatda payını artırmağa çalışır? Ona görə ki, əvvəl bu imkanlar elə də yox idi. Köçəryan-Sarkisyan cütlüyünün hakimiyyəti dönəmində Ermənistan Rusiyanın vassalı idi. İndi vəziyyət elədir ki, Rusiya Ukrayna ilə müharibə apardığı üçün zəifləyir. Ermənistanda hakimiyyətdə olan qüvvələr Fransanın ora nüfuz etməsi üçün əlverişli şərait yaradır və s. Avroittifaqın himayəsi altında Fransa Ermənistanda möhkəmlənmək və iqtisadi sahələrdən Rusiyanı mərhələli şəkildə sıxışdırıb çıxarmaq istəyir. Bütün bu baş verənlər məhz bununla bağlıdır”.
Vidadi ORDAHALLI