“ABŞ ermənilərə deyir ki, gəlin, bizə tərəf gəlin, rusları ərazinizdən qovun”. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov "Tsarqrad" telekanalına müsahibəsində bildirib.
Rusiya XİN rəhbəri Ermənistanı amerikalıların məqsədlərindən biri adlandırıb: “Bizdə informasiya var, mən bilirəm, ABŞ ermənilərə deyir ki, gəlin, bizə tərəf gəlin, rusları ərazinizdən qovun, sərhədçiləri də qovun, hərbi bazanı çıxarın, amerikalılar təhlükəsizliyi təmin etməkdə sizə kömək edəcək. Bu, açıq təxribatdır. Bu diplomatiya deyil. Bu, açıq-aşkar və birbaşa ələ almaqdır”.
Lavrov onu da əlavə edib ki, Ermənistan vaxtında öz ərazisində KTMT missiyasının yerləşdirilməsinə razı olsaydı, uduşlu çıxardı və daha sabit vəziyyət əldə edərdi. Lavrov bildirib ki, son anda “Erməni dostlar elə sammitdə onun qəbulunun təxirə salınmasını” xahiş ediblər: “İndiyə qədər o, kağız şəklində qaldığına görə həyata keçirilə bilməz”.
Maraqlıdır, Rusiya tərəfi ABŞ-ın rusları oradan qovmasını bilirdisə, o zaman Kremlin Ermənistanla formaca yumşaq davranmasının səbəbi nədir?
“Moskva istəmir ki, bütün körpüləri yandırsın və o üzdən çox şeyi görməzdən gəlir”
Sözügedən məsələyə aydınlıq gətirən sabiq millət vəkili, hüquqşunaz Qulamhüseyn Əlibəyli “Bakı-Xəbər”ə açıqlamasında Rusiyanın Ermənistanla yumşaq davranmasını bir sıra faktorlarla əlaqələndirdi: “Rusiya Cənubi Qafqazda mövqeyini möhkəmləndirmək istəyir. Bunun üçün ən uyğun müttəfiq Ermənistandır. Niyə? Ona görə ki, Azərbaycan və Gürcüstan Rusiyanın orbitindən çıxıb. Bu ölkələrdə Rusiyanın hərbi bazaları yoxdur. Ermənistan isə bir sıra məsələlərdə Rusiyadan əhəmiyyətli dərəcədə asılıdır. Ermənistanın sərhədlərini Rusiya qoruyur. Ölkə iqtisadiyyatı əsasən Rusiya ilə bağlıdır. Ermənistan KTMT-də və Aİİ-də təmsil olunur və s. Düzdür, Paşinyan bu və ya digər dərəcədə çalışır Rusiyanın nəzarətindən çıxsın, amma bu o qədər də asan deyil. Üstəlik, Rusiyaya tətbiq olunan sanksiyalardan sonra Ermənistanla iqtisadi əlaqələr daha da artıb. Bütün bunlara görə Rusiya Ermənistanla yumşaq davranır. Onsuz da Rusiya yaxşı bilir ki, Paşinyanın hakimiyyətə gətirilməsi Qərbin planı idi. Ancaq onu da yaxşı bilirlər ki, Ermənistan nə Gürcüstandır, nə də Azərbaycan. Manevr imkanları daha məhduddur. Moskva istəmir ki, bütün körpüləri yandırsın və o üzdən çox şeyi görməzdən gəlir. Ermənistan nəzarətdən çıxsa, Rusiya Cənubi Qafqazı itirəcək. Çünki Cənubi Qafqaz uğrunda geosiyasi mübarizə güclənir. Bu mübarizədə Ermənistanda Rusiyanı əvəzləməyə çalışan dövlətlərdən biri də Fransadır. Bütün bunlarda məqsəd odur ki, Rusiyanı ən azından bölgədən siyasi cəhətdən uzaqlaşdırsınlar. Bu fəaliyyətin də arxasında həm ABŞ, həm də Avropa İttifaqı dayanır. Rusiya əvvəlki kimi Ermənistanla sərt davranmaq imkanına malik deyil. Çünki Qərbin regionda təsir imkanları güclənir. Ukrayna müharibəsi Rusiyanı zəiflədir. Qərb və Çin Mərkəzi Asiyaya daha çox maraq göstərir. Bütün bunlar Rusiyaya təsir edən faktorlardır. Qərb də, Rusiya da çalışır ki, Ermənistan vasitəsilə regionda möhkəmlənsinlər. Çünki Ermənistandan fərqli olaraq, Azərbaycan və Gürcüstan müstəqil siyasət yeridir. Kreml Ermənistana anlatmaq istəyir ki, ABŞ uzaqdadır, Rusiya isə daha yaxında yerləşir”.
Vidadi ORDAHALLI