Xankəndi şəhərində qanunsuz məskunlaşan erməni əsilli milyarder Ruben Vardanyan yenidən aktivləşib. O, separatçıların Azərbaycanın Qarabağ bölgəsində atdığı addımlara və Ermənistan hökumətinin təkliflərinə tabe olmayacağını deyib:
“Ermənistan hakimiyyəti başa düşməlidir ki, Qarabağın taleyini ölkəyə nəzarət edən yalnız bir qrup həll edə bilməz. Bu, partiya və ya idarəçilik problemi deyil, xalqımızın köklü problemlərindən biridir. Yaxşı olardı ki, bəyanatlardan sonra aydın və başadüşülən addımlar atılsın”.
Həmçinin, qondarma rejimin “parlament”inin “spiker”i Artur Tovmasyan Araik Arutyunyanı istefa verməyə çağırıb. O, Araiki baş verən proseslərin qarşısını almamaqda ittiham edib. Bu nə dalğa ola bilər? Separatçı meyllərə dəstək verən hansı amillərdi və onlarla mübarizədə nə etməliyik?
Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Ermənistan cəmiyyətində, Ermənistan siyasi çevrələrində sülh müqaviləsinin imzalanmasına qəti mane olan qüvvələr var: “Bütövlükdə, istər iqtidar, istər müxalifət Qarabağın Azərbaycanın tərkibində qalmasını istəmir. Düzdür, Paşinyanın bir mövqeyi var və bununla bağlı bizdə müəyyən ajiotaj yaranır. Ancaq Paşinyan bizim ərazi bütövlüysmüzü yalnız sözdə tanıyır. Əməldə isə qəti belə deyil. Konkret Ruben Vardanyana gələndə, bəlli idi ki, o, xüsusi missiya ilə Rusiyadan bura göndərilmişdi. Onun məqsədi də aydındır. Bir tərəfdən Qarabağda müqaviməti təşkil etmək, digər tərəfdən isə burdan tramplin kimi istifadə edib, Ermənistanda hakimiyyəti götürmək idi. Vardanyan menecer kimi yaxşı menecer ola bilər. Amma siyasətçi kimi zəif olduğu üzə çıxdı. Heç Qarabağda bu qondarma qurumun “dövlət naziri” postunda uzun müddət qala bilmədi. Faktiki, indi Vardanyan əsir vəziyyətindədir. Özü də etiraf edir ki, mən burdan çıxa bilmirəm. Ona görə də çabalayır, səs-küy salır və istəyir ki, dünyanın marağını bu bölgəyə cəlb edə bilsin. Vardanyanın nə deməsinin elə bir əhəmiyyəti yoxdur. Vardanyan artıq özünü məhv etmiş bir siyasi fiqurdur. Qarabağda elə rolu keçməyəcək. Qalan digər erməni yetkililəri də açıq-aşkar mane olurlar. Burda köhnə hərbçilər əsasən önə çıxırlar. Onların bir qismi də bu dəqiqənin özündə “müdafiə batalyonları” yaradıblar. Sona kimi də bu revanşist əhval-ruhiyyədən geri çəkilməyəcəklər. Azərbaycan cəmiyyətində də erməni yalançılığına inanmaq lazım deyil. Paşinyan hər yerdə fərqli sözlər verdi. Onu da nəzərə alaq ki, Paşinyanla bağlı bizdə də illüziya var ki, o Ermənistan cəmiyyətinin yarısının səsi ilə hakimiyyətə gəlib. Elə deyil. Paşinyan hakimiyyətə gələndə seçicilərin 49 faizi iştirak etmişdi. Onun da təqribi yarısı ona səs vermişdi. İndiki halda da açıq-aşkar ona basqı var. Paşinyanın özü də sözü məcburi deyir. Ona görə deyir ki, Azərbaycan ordusu Zəngəzurda və digər istiqamətlərdə onların cavabını verir, hətta irəliləyir. Dünya da bununla hesablaşma məcburiyyətindədir. Mən düşünürəm ki, ermənilərin başa düşdüyü bir dil var. Bu da hərbi dildir. Növbəti dəfə antiterror əməliyyatı keçirələcək, yeri gələndə toqquşma olacaq. Ermənistanı yenidən kapitulyasiya aktı imzalamağa məcbur etməliyik. Başqa yolu yoxdur. Yoxsa bu cür çağırışlar çox olacaq. Zaman da bir növ bizim xeyrimizə işləyir. Biz getdikcə toparlanırıq, məskunlaşma işlərini həyata keçiririk. Eyni zamanda dünyaya da sübut edirik ki, biz sülh istəyən tərəfik. Ermənilərdi aranı qarışdıran, müxtəlif qütblərə yalvaran, öz maraqlarını təmin etmək istəyən. Nəticə etibarı ilə mən bu proseslərə optimist baxıram. Vardanyanın , digərlərinin nə demələrindən asılı olmayaraq, Azərbaycan öz istədiyinə nail olacaq. Ermənistan sülh müqaviləsi yox, kapitulyasiya imzalamaq məcburiyyətində qalacaq”.
Məhəmmədəli QƏRİBLİ