ABŞ Dövlət Departamentinin mətbuat xidməti rəhbərinin müavini Vedant Patel mayın 25-də Moskvada Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilməsi nəzərdə tutulan görüş barədə danışarkən deyib ki, ABŞ, danışıqların harada aparılmasından asılı olmayaraq, Azərbaycan və Ermənistan arasında birbaşa dialoqun tərəfdarıdır.
Maraqlıdır ki, birbaşa dialoqu yalnız ABŞ dəstəkləyir, Rusiya heç vaxt bu təklifə dəstək ifadə etmir. Niyə? Birbaşa dialoq prosesə töhfə verə bilərmi?
Siyasi şərhçi Tofiq Abbasov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, əslində birbaşa dialoq bütün variantların hamısından daha məsləhətli, rasional görünür: “Çünki oturub prosesdə iştirak edən vasitəçilər öz maraqlarını güdürlər. Biz dəfələrlə Minsk qrupunun bədnam fəaliyyəti əsnasında da gördük ki, Qərbi təmsil edən Amerika ilə Fransa, Şərq tərəfində olan Rusiya nə dərəcədə iş ortaya qoydular. Üçlük daxilində daim onlar yerdəyişmələr edirdilər. Çalışırdılar ki, bizim gözümüzü, guya bizim dərdimizi çəkirlərmiş kimi boyasınlar. Ancaq əslində öz işlərini görürdülər və öz haqq-hesablarını çürüdürdülər. Amma burda Rusiyanın rolu son dərəcə neqativ və mənfidir. Rusiya çalışır ki, moderatorluq funksiyasını öz əlindən verməsin. Əgər bu məsələdə Rusiya moderatorluq edirsə, niyə o zaman astagəlliyə yol verir, niyə süründürür prosesi? Bu işlərdə anlaşılmaz mövqe sərgiləməsinin səbəbi heç cür bəlli deyil. Əgər Rusiyanın hər iki ölkədə marağı varsa, hər ikisi ilə qonşudursa, nə üçün bu proseslərdə belə böyük pauzalara yol verir? Həllini tapmış status məsələsinin gələcəkdə həll olunacağı barədə lazımsız mesajlar verir. Təbii ki, bu qeyri-sağlam yanaşmadır. Azərbaycan heç vaxt buna hə deməyəcək. Bəli, biz başa düşürük ki, Rusiyanın özünün Qafqaz bölgəsində, cənub istiqaməti ilə bağlı böyük qayğıları var. Amma onun bəlasını biz çəkməli deyilik. Rusiya özünün diplomatiyasının vasitəsilə həm Azərbaycan, həm Ermənistanla normal münasibət saxlaya bilər. Əgər balanslı bir tərzdə, tərəfkeşlik etmədən bizi barışdırsa, o başqa məsələ. Ancaq Rusiya gah onların tərəfindədir, gah bizim tərəfdə. Ona görə də, ABŞ başa düşür ki, Rusiya bu proseslərdə hansı məqsədləri güdür. Hər halda, indi Azərbaycanın qorxduğu bir şey yoxdur. Biz öz xəttimizi gedirik. Bizim öz kursumuz var. Ermənistan Rusiyaya və ya Qərbə güvənərək vaxtı süründürüb uzadırsa, öz kisəsindən verir. Digər tərəfdən də, əgər Ermənistan müharibə istəyirsə, onu alacaq və dəmir yumruğu yenidən başında görəcək. Odur ki, nə qədər onlar bu boş manevrlərdən uzaqlaşsalar, o qədər özlərinə xeyir olacaq. Keçmişin təcrübəsindən də bəlli olur ki, biz öz qüdrətimizi, bacarağımızı heç nəyə baxmadan genişləndiririk, inkişaf etdiririk. Odur ki, bu proseslərdə Rusiya da diqqətlə götür-qoy etməlidir. Onun Azərbaycanla Ermənistan arasındakı münasibətlərində yanaşması son dərəcə təhlükəli və ikibaşlıdır. Bu, Rusiya diplomatiyasına heç bir müsbət imic və başucalığı gətirmir”.
Qeyd edək ki, Prezident İlham Əliyev də birbaşa dialoqun tərəfdarı olduğunu dəfələrlə bəyan edib: “Düşünürəm ki, razılığa gəlmək üçün ən yaxşı yol Azərbaycanla Ermənistan arasında heç bir vasitəçi, köməkçi və ya pozucu olmadan birbaşa danışıqlardır”.
Məhəmmədəli QƏRİBLİ