Tural İsmayılov: “Azərbaycan öz suveren ərazilərində qanuni hüquqlarına qarşı çirkin dezinformasiya kampaniyasına bir daha böyük zərbə vurdu”

Məlum olduğu kimi, 17-18 may tarixlərində Beynəlxalq Qızıl Xaç Komitəsi Laçın yolu ilə tibb müəssisələri üçün dərman və digər ləvazimatlar çatdırıb. Bu barədə komitə öz "Facebook" hesabında paylaşım edib.
Bildirək ki, erməni media orqanlarında onların dərman təminatı ilə bağlı problem yaşandığı qeyd edilirdi. Hətta bir sıra erməni KİV-ləri bu günlərdə Beynəlxalq Qızıl Xaç avtomobillərinin Laçın yolundan keçmədiyini bildirirdilər. Ancaq eyni tarixlərində Beynəlxalq Qızıl Xaç Komitəsinin açıqladığı rəsmi məlumat erməni yalanını ifşa etdi.
- “Beynəlxalq Qızıl Xaç Komitəsinin Laçın yolundan keçməsi və ordan sərbəst hərəkət etməyə davam etməsi ermənilərin növbəti yalanını ifşa etdi”
Mövzu ilə bağlı fikir bildirən siyasi şərhçi Tural İsmayılov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Laçın yolunda daim manipulyasiya cəhdləri olub. Bu məsələdə informasiyanı terroru həyata keçirərək başqa cür göstərməyə çalışırdılar. Həm Laçın-Xankəndi yolunda eko-aktivistlərin aksiyaları zamanı, həm də sonrakı müddətdə bu proses davamlı şəkildə gedirdi: “Azərbaycanı blokadada saxlamaq, ölkəmizə qarşı qlobal aləmdə hücumlar təşkil etmək istəyirdilər. Onlar həqiqəti əks etdirməyən informasiya blokadası yaratmağa çalışırdılar. Ancaq baş verən hadisələr bir daha göstərdi ki, Azərbaycan çirkin niyyətlərin qarşısında bir sipərdir, ölkəmiz əleyhinə bu tip kampaniya aparmağın heç bir əhəmiyyəti yoxdur. Həmçinin, Azərbaycanı Qarabağda yaşayan erməniləri blokadada saxlamaqla bağlı ittiham etmək də absurd və gülüncdür. Bu səbəbdən də Beynəlxalq Qızıl Xaç Komitəsinin Laçın yolundan keçməyi və ordan sərbəst hərəkət etməyə davam etməsi ermənilərin növbəti yalanını ifşa etdi. Beləliklə, Azərbaycan öz suveren ərazilərində qanuni hüquqlarına qarşı çirkin dezinformasiya kampaniyasına bir daha böyük zərbə vurdu”.
Günel CƏLİLOVA