Ermənistan parlamentinin sədri Alen Simonyan Minskdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Parlament Assambleyası Şurasının iclasında yenə ölkəsi adından narazılıq edib:
“Təəssüf edirik ki, təşkilatımız hələ də Azərbaycanın KTMT üzvü olan Ermənistan Respublikasının suveren ərazisinə təcavüzü faktına, Azərbaycan silahlı qüvvələrinin Ermənistanın beynəlxalq səviyyədə tanınmış ərazisində qeyri-qanuni mövcudluğunun qalmasına dair vahid qiymətə malik deyil. KTMT-nin Azərbaycanla sərhəddəki müşahidəçi missiyası kontekstində vurğulamaq istərdim ki, missiyanın ölkə və bütövlükdə region üçün səmərəli olması üçün onun məsuliyyət sahəsinin dəqiqləşdirilməsi zəruridir. Ermənistanın yer üzündə təcavüz və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin pozulması ilə bağlı danılmaz faktlar mövcud olduqda, həmkarlarının mövqelərinin qeyri-müəyyənliyi çaşqınlıq yaradır”.
Bir daha aydın olur ki, Ermənistanın Azərbaycana qarşı KTMT kartından istifadə etmək cəhdi fiaskoya uğrayıb.
Hərbi-siyasi ekspert, ehtiyatda olan polkovnik-leytenant Daşdəmir Əliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, KTMT-nin köməyi ilə Azərbaycanın Ermənistan ərazisində “tutduğu mövqelərdən” çıxarılmasına nail olmağa çalışacaqlar.
Göründüyü kimi, Ermənistan növbəti dəfə KTMT ilə Azərbaycanı qarşı-qarşıya qoymağa çalışır. Buna nail ola biləcəklərmi?
Hərbi-siyasi ekspert, ehtiyatda olan polkovnik-leytenant Daşdəmir Əliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Ermənistan hər vəchlə KTMT-ni bizə qarşı qoymaq istəyir, ancaq onun səyləri heç bir nəticə vermir: “Ötən ilin sentyabr ayında Ermənistan sərhəddə təxribat törədəndə KTMT deyirdi ki, sərhədlər hələ müəyyənləşməyib. Bu yanaşma daha doğru idi. Çünki iki ölkə arasında olan sərhədlər hələ müəyyənləşməyib. KTMT-nin başında duran Rusiya ilə biz müttəfiqlik sazişi imzalamışıq. Qazaxıstan və Belarusla çox yaxşı ikitərəfli əlaqələrimiz mövcuddur. KTMT adından hansısa qərəzli qərar gözləmirik. Belə vasitələrlə bizə təzyiq etmək olmaz. Ermənistan bu dəfə sülh sazişini imzalamasa, özünün taleyini sual altına qoymuş olacaq. KTMT nə hüquqi, nə də qeyri səbəblərə görə bu prosesə qoşula bilər. Çünki sərhədlər dəqiq müəyyənləşməyib, bunu da istəməyən məhz Ermənistandır. Qarabağda baş verən proseslər isə Azərbaycanın daxili işidir və orada Rusiya sülhməramlıları var”.
Ekspertin sözlərinə görə, Simonyanın çıxışından bir daha məlum olur ki, Ermənistan bu cəhdi yenə edib: “Ermənistan əvvəl Azərbaycan sərhədi boyunca KTMT müşahidəçilərinin yerləşdirilməsini və Rusiya sərhəd məntəqələrini yaratmağı təklif edib.
Əslində, 2020-ci il noyabrın 10-da imzalanan bəyanatın tələblərindən yayınmağa çalışan Ermənistan hakimiyyəti, Nikol Paşinyan başda olmaqla, bu davranışı ilə həm də Rusiya və KTMT-ni təxribata çəkir. Rusiya ilə Azərbaycan arasında gərginlik ocağı yaratmağa cəhd göstərir. Başqa sözlə, Azərbaycan ərazisindəki Rusiya sülhməramlı hərbçiləri ilə sərhədə yerləşdirilməsini təklif etdiyi RF sərhədçilərinin birləşməsini, habelə onları Azərbaycana qarşı qoymağa çalışır.
Həm də erməni cəmiyyətinə “Rusiya və KTMT bizi Azərbaycandan qorumur” ismarışını verməyi hədəfləyirlər. Bir daha göründü ki, onların bu cəhdi tam fiaskoya uğramış oldu”.
Məhəmmədəli QƏRİBLİ