Fransa hansı demokratiyadan danışır?! Onlar bizi məcbur edirlər ki, onların demokratiyasından istifadə edək.
Xəbər verildiyi kimi, bu barədə NIDEM (Malinin İnkişafı Üçün Yeni Təşəbbüs) prezidenti Xəlil Sisse “Qlobal Çağırışlar Əsrində Afrikanın Gücləndirilməsi və Çoxtərəfliliyin Təşviqi: Qoşulmama Hərəkatının rolu” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.
X.Sisse qeyd edib ki, Malidə insan haqları Fransadan əvvəl olub: “Bizə belə dırnaqarası demokratiya lazım deyil. Bizdə insan hüquqları Fransadan öncə olub. Afrika sözün əsl mənasında azad olmalıdır. Müstəmləkəçilik hələ Afrikada bitməyib. Biz sadəcə kağız üzərində azadıq. Afrika ölkələri mütləq birləşməlidir. Gərək iqtisadi cəhətdən öz fabrik, zavodlarımız olsun. Biz gözləməməliyik ki, başqa qitələrdən bizə yemək gəlsin”.
Bütün bunlar Fransanın əsl simasını ortaya qoyur.
“Afrikanın keçmiş fransız müstəmləkəsi olan ölkələri Niger, Burkina Faso və Malidə anti-Fransa müxalifəti Makrona qarşı birləşib”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən “SƏS” Media Qrupunun rəhbəri, politoloq Bəhruz Quliyev hesab edir ki, müasir dövrdə də Fransa müstəmləkəçilik siyasətindən əl çəkmir: “Avropada yüz illər boyunca öz riyakarlığı, militarist siyasəti və qeyri-səmimiliyi ilə tanınan, daim insan hüquqlarından və humanizmdən dəm vuran qatı ermənipərəst Fransa bu gün də müstəmləkəçilik siyasətindən əl çəkmir. Təxminən 200 ildən artıq müddətdə başqa-başqa ölkələri, xüsusilə Şimali və Qərbi Afrikanı işğal edən, xalqlara zülm edən, onları soyqırımına məruz qoyan Fransanın bu gün demokratiyadan, haqq-ədalətdən danışması absurddur. Təbii ki, bunu bütün dünya, xüsusilə də vaxtilə fransızların müstəmləkəçiliyi altında inləyən, bu gün də bu ölkənin neomüstəmləkəçilik siyasətindən əziyyət çəkən ölkələrin xalqları daha yaxşı bilir. Ermənistan və Fransa imperiya xislətinə, işğalçılıq siyasətinə, başqa xalqlara qarşı irqi ayrıseçkiliyə, insan hüquqlarını tapdalamağa görə mənşəcə bir-birinə daha yaxın və daha çox bağlıdırlar. Xeyli müddətdir ki, Fransada pensiya islahatlarına etiraz edən xalqın Parisin küçələrində keçirdiyi aksiyalar polis tərəfindən qəddarlıqla dağıdılır, insanların üzərinə qaz bombaları atılır, su şırnağı ilə təzyiqlər göstərilir, polis dəyənəyi altında qalan etirazçıları küçə boyu yerdə sürüyür və təpikləyirlər”.
Politoloq qeyd etdi ki, bütün bu rüsvayçılığın qarşısında Avropanın mərkəzində, başda prezident Makron olmaqla, dövlət rəsmiləri çəkinmədən və utanmadan Fransada demokratiyadan, insan haqlarından, başqa dəyərlərdən danışırlar: “Bu onu göstərir ki, Fransa iqtidarı riyakarlığa, eqoizmə, yalan və böhtana adətkar olub. Halbuki, bu ağızdolusu danışdıqları heç bir demokratiyaya və əxlaqa sığmır. Öz gözündə tiri görməyən Fransa hökuməti başqalarının gözündə tük axtarır, özlərini deyil, özgələri günahlandırmağa cəhdlər edir. Fransada artıq gündəlik həyat tərzinə çevrilən insan hüquqlarının pozulması, dinc aksiya iştirakçılarına qarşı polis zorakılığı, islamofobiya, vətəndaşların sərbəst toplaşmaq azadlığına imkan verilməməsi ilə bağlı çoxsaylı faktları nə gizlətmək mümkündür, nə də danmaq. Dünya mediasının səhifələrini bəzəyən bu cür qanunsuzluqlar Fransasayağı demokratiyanın iç üzünü ortaya qoyur. Dünya arenasında nüfuzunu itirən Fransa başqa ölkələrin daxili işləri ilə bağlı məsələlərə münasibət bildirməkdənsə, yaxşı olar ki, öz vətəndaşlarına münasibətdə törətdiyi qanunsuzluqları aradan qaldırsın. Fransa artıq bir çox dövlət və xalqların nifrətini qazanıb. Afrikanın keçmiş fransız müstəmləkəsi olan ölkələri Niger, Burkina Faso və Malidə anti-Fransa müxalifəti Makrona qarşı birləşib. Bu da onu göstərir ki, həm açıqlamaları, həm də atdığı addımlarla xalqına və dövlətinə qarşı nifrət hissi oyadan Makron yerində oturdulmalıdır”.
Vidadi ORDAHALLI