Fransa prezidenti Emmanuel Makronun həyat yoldaşı Bricit Makronun qardaşı qızı Jan Batist Tronye ölkənin şimalındakı Amiens şəhərində siyasi səbəblərdən hücuma məruz qalıb.
Bu barədə xarici mediada məlumat yayılıb. Qeyd edilir ki, o, Makronun televiziya ilə çıxışından sonra hökumətin əleyhdarları tərəfindən döyülüb. 30 yaşlı Jan Batist başından, qollarından və ayaqlarından zərbələr alıb.
Tronye ətrafdakıların köməkliyi ilə xilas olunub. Ona hücum edən 8 nəfər saxlanılıb.
Makron hücumu qəbuledilməz adlandırıb: “Demokratik ölkələrdə zorakılığa yer yoxdur”.
Amiens şəhərində şokolad mağazasına sahibkarlıq edən Tronyenin ailəsi Makron vəzifəyə gəldiyi gündən bəri tez-tez etirazçılar tərəfindən hədəfə alınır. Fransada Makronun pensiya yaşını 62-dən 64-ə qaldıracaq pensiya islahatlarına etirazlar davam edir.
Fransadakı mənbələrimizin verdiyi məlumata görə, Makronun qohumunun hücuma məruz qaldığı ərazi ermənilərin kompakt yaşadığı yerdi. Ailənin həmin şəhərdə yaşayan ermənilərlə sıx münasibətlərinin olduğu, hətta tez-tez bir yerdə yeyib-içmək məclisləri təşkil etdikləri də bildirilir. Baş verən bu hadisə yerli əhalinin həm də Makron-erməni tandeminə etirazının göstəricisi sayıla bilərmi?
Azərbaycan Sosialist Partiyasının sədri Elşən Həsənov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, artıq baş verən hadisələr yerli əhalinin Makron və onun idarəçiliyindən bezdiyini deməyə əsas verir: “Bu hadisə Makronla bağlı baş verən ilk etiraz deyil. Mayın 1-də Fransanın Strasburq şəhərində yerli sakinlər prezident Emmanuel Makronun müqəvvasını yandırıblar.
Mərasim musiqi ilə müşayiət olunub.
Müqəvvanın yandırılması yerli anarxistlər tərəfindən təşkil olunub.
Qeyd edək ki, apreldə Fransanın şimal-şərqinə səfəri zamanı əhali Makronu fitə basıb. Dövlət başçısı üçün bu, pensiya islahatı haqqında qanunun qəbulundan sonra ilk səfər olub.
Xatırladım ki, aprelin 15-də Fransa prezidenti pensiya islahatını, o cümlədən qanunla müəyyən edilmiş pensiya yaşının 64 yaşadək artırılması haqqında qanunu imzalayıb. Ölkədə pensiya islahatı 2023-cü ilin payızında qüvvəyə minəcək.
Fransada cərəyan edən son hadisələr, etiraz aksiyalarına səbəb olan insanların üzləşdikləri çox sayda sosial problemlər onu göstərir ki, başı digər ölkələrin daxili işlərinə müdaxilə etməyə qarışan Makron hakimiyyəti öz xalqının problemlərinin həlli ilə məşğul olmaq istəmir. Dünyaya demokratiya, insan haqları dərsi keçən Fransa dinc aksiya iştirakçılarına qarşı da elə öz prinsiplərinə uyğun hərəkət edir. Belə ki, sosial tələblər səsləndirən insanlara zor tətbiq edilir, həbs olunurlar, polis onların üzərinə atlarla hücum edir, gözyaşardıcı qazdan, dəyənəklərdən istifadə edir.
Makron, bu çoxsaylı etirazlara baxmayaraq, seçkilər zamanı təqdim etdiyi proqramını həyata keçirəcəyini, təqaüd sistemində nəzərdə tutulmuş dəyişiklikləri reallaşdıracağını bir daha təsdiq etdi. Makron prezident seçkilərinin səhəri günü vətəndaşların çoxsaylı səslərini toplamasına rəğmən seçkiqabağı kampaniya zamanı təqdim etdiyi proqramının olmadığını boynuna alaraq, əskinə, ekstremist sağçıların hakimiyyətə gəlməsinə mane olmaq üçün seçildiyi faktını qəbul etmişdi. Bu gün ölkə prezidentinin seçkiqabağı kampaniyasındakı proqramını hər vasitə ilə həyata keçirməyə çalışması antidemokratik siyasət yürütdüyünü göstərir. Onun ermənilərə açıq dəstəyi də Fransada qıcıq yaradır. Məhz bu səbəbdəndir ki, narazı yerli əhali öz acıqlarını Makronun ermənilərlə dostluq edən qohumlarından çıxır”.
Məhəmmədəli QƏRİBLİ