Amerika Birləşmiş Ştatlarının (ABŞ) Dövlət Departamenti ermənipərəst mövqeyindən əl çəkmir, baxmayaraq ki, Azərbaycana qarşı tutduğu qeyri-obyektiv yol onu nüfuzdan salır, amma yenə də öz işindədir.
ABŞ-ın Dövlət Departamenti bu günlərdə dünyada dini azadlıqların vəziyyətinə dair növbəti illik hesabatı dərc edib. Hesabatda Azərbaycan və Ermənistana dair hissələr yer alır. Hər iki hissə mahiyyəti üzrə qeyri-obyektiv olmaqla, açıq-aşkar anti-Azərbaycan xarakteri daşıyır. Qəribədir ki, Dövlət Departamentinin sözügedən hesabatında Azərbaycan ilə bağlı iddiaların yeganə mənbəyi kimi ABŞ-ın Kornel Universitetinin, əslində isə “Ümumerməni Xeyriyyə İttifaqı”, “Aragats Fondu” kimi ekstremist təşkilatlar tərəfindən maliyyələşdirilən üç radikal millətçi erməni müəllifin (L. Xaçaturyan, H. Qulyan, S. Bokçeriyan) yazdıqlarına istinad edir. Sənəddə əks olunan iftiralar aşkar şəkildə onun qərəzli olduğunu sübut edir.
ABŞ-ın Dövlət Departamentinin dünyada dini etiqad azadlığının vəziyyəti ilə bağlı yaydığı hesabatın Azərbaycanla bağlı olan hissəsində radikal dini erməni təşkilatları tərəfindən maliyyələşdirilən üç erməni müəllifinin məlumatlarına əsaslanması sözün həqiqi mənasında fəlakətdir. Bu hesabatın Azərbaycanla bağlı hissəsinin üç ermənidən alınmış informasiyanın üstündə qurulması həm də ABŞ dövlətinin özünə qarşı təxribatdır. Bu dövlətin özünə qarşı yönələn bir məsələdir.
“Azərbaycandan gələn rəyləri, bəyanatları diqqətlə oxusalar görərlər ki, üç erməninin qərəzli məlumatlarına istinad edib Azərbaycanla münasibətləri korlamaq olmaz”
Milli QHT Forumunun prezidenti Rauf Zeyni “Bakı-Xəbər”ə şərhində bildirdi ki, ABŞ Dövlət Departamentinin rəsmi saytında 2022-ci il üzrə Beynəlxalq Dini Azadlığa bağlı hesabatda Azərbaycan barədə əks olunanlar tamamilə qərəzlidir. O, qeyd etdi ki, Prezident İlham Əliyevin 2021-ci il iyunun 16-da imzaladığı “Dini etiqad azadlığı haqqında” qanunu bir daha göstərir ki, ölkəmiz bu istiqamətə xüsusi önəm verir. “Amerika Birləşmiş Ştatları Dövlət Departamentinin dünyada dini azadlıqların vəziyyətinə dair illik hesabatı QHT-lər tərəfindən müzakirə olundu və bu hesabata qarşı etiraz bəyanatı qəbul etdik. Bu hesabat Azərbaycana qarşı tam əsassız fikirlərlə doludur, burada əks olunan iddiaların heç bir əsası yoxdur. Azərbaycan tolerant və multikultural bir dövlətdir, demokratik ölkədir. Hesab edirəm ki, erməninin qərəzli, riyakar məlumatına əsaslanan ABŞ Dövlət Departamenti Azərbayanda dini etiqad azadlığı sahəsində görülən işləri, əldə edilən uğurları görmək istəmir. Bu eyni zamanda başqa beynəlxalq qurumlara da aiddir. Bu hesabat hazırlanarkən radikal qurumlar tərəfindən maliyyələşən üç erməni müəllifinin qərəzli məlumatlarından istifadə olunması ABŞ-ın özünə qarşı yönəlmiş təxribatdır. Bu, ABŞ-ın nüfuzuna ciddi ziyan vuran amildir. Hər kəs bilir ki, hansısa bölgə, eləcə də Cənubi Qafqaz üzrə hesabat hazırlanırsa, bu prosesdə müstəqil, neytral, heç bir təsirə məruz qalmayan ekspertlərin rəyi alınmalıdır. Radikal dini erməni qruplarından maliyyələşən erməni ekspertlərdən rəy almaq yolverilməz idi. Bu artıq son həddir, qərəzin ən yüksək pilləsidir”.
R.Zeyninin sözlərinə görə, bu səbdən də ABŞ Dövlət Departamentinin bu hesabatı obyektiv ola bilməz, tamamilə yanlışdır, qərəzlidir. “Bu təbii ki, Azərbaycana qarşı tam qərəzli mövqedən verilmiş bir hesabatdır. Fikrimcə, ABŞ Dövlət Departamentində Azərbaycandan gələn rəyləri, bəyanatları diqqətlə oxusalar görərlər ki, üç erməninin qərəzli məlumatlarına istinad edib Azərbaycanla münasibətləri korlamaq olmaz”-deyə R.Zeyni qeyd etdi.
R.Zeyni əlavə etdi ki, Azərbaycan Respublikasında Rus və Gürcü pravoslav kilsələri, Erməni Apostol Kilsəsi, Yeddinci günün adventistləri, Molokan kilsəsi, Roma katolik kilsəsi, Yevangelistlər, Baptistlər və Yehovanın şahidləri, Yəhudilərin və Bəhailərin sinaqoqları, məbədləri və digər dini evlərin fəaliyyət göstərməsi Azərbaycandakı dini etiqad azadlığı mühitinin mövcudluğuna bir daha subutdur.
Əli TURABOV