Ukrayna mediası yazır ki, Fransa israrlı vədlərdən sonra Ermənistana ölümcül silahların tədarükünə başlamaq qərarına gəlib.
Bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi də təsdiqləyib: “Ukrayna xüsusi xidmət orqanları 2022-ci ilin ortalarından Ermənistan-Azərbaycan münaqişəsi zonasında vəziyyətə nəzarət edir. Kiyev qorxur ki, Ermənistana verilən Qərb hərbi texnikası ruslarin əlinə keçə və onlar tərəfindən istifadə oluna bilər. İrəvan və Moskva arasında sıx hərbi əməkdaşlıq, o cümlədən ölkədə iki Rusiya hərbi bazasının olması ehtimalı olduqca yüksəkdir”.
Eyni zamanda, Fransa-Ermənistan dostluq qrupunun rəhbəri Jilber-Lyuk Devinaz qarşıdan gələn silah tədarükü ilə bağlı bunları deyib: “Biz Ermənistana imkan verməliyik ki, öz sərhədlərinin təhlükəsizliyini təmin etsin, yəni onun silahlanmasına kömək etməliyik”.
Görünən odur ki, Fransanın Ermənistana müxtəlif növ silahlar verməsi artıq bir sıra mənbələrdə öz təsdiqini tapır.
“Bütün bunlarda məqsəd odur ki, Ermənistanın müharibədən əvvəlki üstünlüyünü təmin etsinlər”
Məsələ ilə bağlı “Bakı-Xəbər”ə açıqlama verən media eksperti Yadigar Məmmədli hesab edir ki, Ukrayna mediasında bununla bağlı məlumatların öz əksini tapması təhlükəli məqamlardan xəbər verir: “Məlum olduğu kimi, Fransa beynəlxalq aləmdə Ermənistanın ən sadiq vəkili kimi çıxış edir. Xüsusən də 44 günlük müharibədən sonra daha çox canfəşanlıq edir. Fransa Senatı separatçıların “müstəqilliyini” tanıdı. Avropanın müxtəlif qurumlarında Azərbaycan əleyhinə qətnamələrin qəbul olunması ilə bağlı Fransa dəridən-qabıqdan çıxır. Bununla bağlı müxtəlif təşəbbüslərlə çıxış edirlər, ölkəmizin əleyhinə bəyanatlar qəbul olunur. Bu həmin Fransadır ki, Avropa İttifaqının monitorinq missiyasını Ermənistan-Azərbaycan sərhədinə gətirdi. Bütün bunlarda məqsəd odur ki, Ermənistanın müharibədən əvvəlki üstünlüyünü təmin etsinlər. Bunu siyasi yollarla edə bilmədikləri üçün indi də hərbi yolla Ermənistanı dirçəltmək, revanşist qüvvələri hərəkətə gətirmək istəyirlər. Ancaq Fransa Ermənistanı silahlandırsa belə, öz məqsədlərinə çata bilməyəcəklər. Ona görə ki, Azərbaycan regionda üstün mövqedədir və resursları daha böyükdür. Bütövlükdə, Fransanın Ermənistana silah ötürməsi mürəkkəb məsələdir. Ona görə ki, Ermənistanın açıq dənizə çıxışı yoxdur. Gürcüstan, Türkiyə və Azərbaycan üzərindən bunu həyata keçirmək mümkünsüzdür. İran üzərindən Ermənistana silah ötürə bilər, amma burada da müəyyən risqlər var. Yəni müasir silahlar və onların hazırlanma sirləri İranın əlinə keçə bilər. Bütün hallarda, Fransa çox təhlükəli oyun oynayır və bu regionda sabitliyi pozmağa, qarşıdurmaya xidmət edir”.
Vidadi ORDAHALLI