Avropa İttifaqının Ermənistandakı səfiri Andrea Viktorin erməni mətbuatına açıqlamasında qeyd edib ki, Azərbaycanla sərhədin bir-iki yerində Ermənistanın qoşun birləşmələri var:
“Aydın qeyd olundu ki, Ermənistan qoşunlarının sərhədyanı ərazilərdə olduğu bir-iki nöqtədə çox dəqiq delimitasiya və demarkasiya aparılmalıdır. Bu, Brüssel ifadəsi idi, sadəcə təkrar edirəm. Qrafikə gəlincə, bu, danışıqlardan asılıdır. Ümid edirəm ki, dünənki iclasda müzakirə olunan bütün məsələlər yenidən cızıldı və bir sıra məsələlər başqa səviyyələrdə də müzakirə olunacaq. Ümid edirəm ki, biz tezliklə keyfiyyətcə həll yoluna gələcəyik və bu, həm də qoşunların çıxarılmasını nəzərdə tutan ərazi bütövlüyünə hörmətə gətirib çıxaracaq”.
Aİ səfirinin mətbuat konfransında iştirak edən xarici işlər nazirinin müavini Paruyr Ovannisyan da bu suala dəqiq cavab verməyib.
O da məlumdur ki, Ermənistan zaman-zaman Azərbaycanla sərhəddə heç bir ordu birləşmələrinin olmadığını deyir. Guya sərhədçilər və bəzi yerdə də polislər sərhədə nəzarət edir. Ancaq Aİ səfirinin timsalında Ermənistanın bu yalanı ifşa olundu. Bu, əslində Aİ-dən Ermənistana mesajdır ki, siz Azərbaycanın ərazisinə girmisiniz və hələ də ordunuz oradadır.
“2021-ci ildən ermənilərin sərhədlə bağlı səsləndirdikləri arqumentləri darmadağın etdi”
“Bakı-Xəbər”ə açıqlama verən hərbi ekspert Ramil Məmmədli deyir ki, Aİ rəsmisinin bu açıqlaması Ermənistana od qoyub: “Erməni mediasında açıq-aşkar bunun əlamətləri özünü göstərir. Həm səfirin bu fikirləri, həm də mayın 14-də Avropa Şurasının prezidenti Şarl Mişelin sərgilədiyi mövqe erməniləri ciddi şəkildə məyus edib. Mişel Qarabağ separatçılarının gözləntiləri ilə bağlı bir kəlmə fikir belə işlətmədi. Aİ səfiri A.Viktorinin səsləndirdiyi fikirlər isə 2021-ci ildən ermənilərin sərhədlə bağlı səsləndirdikləri arqumentləri darmadağın etdi. Ermənilərin təbliğatı ondan ibarətdir ki, guya Azərbaycan 2021-ci ilin mayından başlayaraq Ermənistanın suveren ərazisinin bir hissəsini, 139 kvadrat kilometr ərazini işğal edib. Halbuki, Azərbaycan dəfələrlə bu iddiaları rədd edib və sərhədləri dəqiqləşdirdiyini bildirib. Məsələ ondadır ki, 1992-ci ildə Laçın, 1993-cü ilin aprelində Kəlbəcər rayonları işğal olunandan sonra Ermənistan qanunsuz olaraq sərhədləri qabağa çəkmişdi. Vətən müharibəsində Azərbaycanın şanlı qələbəsindən sonra sərhədlərimiz ordumuz tərəfindən bərpa olundu. Ölkəmizə aid olan yüksəkliklər nəzarətə götürüldü. Ermənistan haqsız tərəf olduğu üçün onların qaldırdığı hay-küyə nə KTMT, nə də Qərb müsbət reaksiya verdi. Bir neçə ay əvvəl Nikol Paşinyan bəyan etdi ki, Laçınla sərhəddəki qüvvələr sərhəd qoşinları ilə əvəzlənib. Orada ordu birləşmələri yoxdur. Aİ səfiri A.Viktorinin açıqlamasından belə məlum oldu ki, Ermənistan hakimiyyəti yalan danışır. Səfirin o açıqlaması Ermənistanın ifşa olunması baxımından mühüm əhəmiyyət kəsb edir. Bunu erməni tərəfi də yaxşı bildiyindən, Avroittifaqı tənqid atəşinə tutublar”.
Vidadi ORDAHALLI