Qardaş Türkiyədə seçkilərin cəmi 2.8 milyon və ya 5 faizdən bir az artıq səsini toplamış autsayder iddiaçı Sinan Oğan 2-ci turda kimi dəstəkləyəcəyini hələ dəqiqləşdirməyib və sadəcə həmişə dediyi 5 şərti açıqlayaraq gözləyir. Təbii ki, ən sərfəli bazarlıq imkanları axtarır. Normal bir şeydir, adam araşdırıb tapmalıdır ki, Ərdoğan və Kılıcdaroğlunun hansı qalib olacaq.
Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.
A.Quliyev daha sonra yazır:
Sinan bəy yaxşı başa düşür ki, onun verəcəyi qərar Ərdoğan və ya Kılıcdaroğludan daha çox onun özünün Türkiyə siyasətindəki gələcəyini müəyyən edəcək. Elə qərar verə bilər ki, bu onun siyasətdə yeni sıçrayışına səbəb olar, elə qərar da verə bilər ki, siyasətdən silinər...
Bilmirəm Sinan bəy bu sözləri doğrudanmı deyib ki, ona vitse-prezident və bir neçə nazir postu verə bilən namizədi dəstəkləyə bilər. Özüm bunu onun dilindən eşitməmişəm. Hətta bu şərtin həqiqətən müəllifi olsa da belə, burada qəribə bir şey axtarmaq gərək deyil. Siyasətin və siyasətçilərin dəyərlərlə bərabər praqmatik motivlərə də bağlılığı kimsənin timsalında istisna deyil. Ancaq dünəndən Sinan bəyin 5 şərtlə çıxış etdiyini də duyduq. Bunlar terror təşkilatlarına, iqtisadi böhrana, inflyasiyaya, türklüyə münasibətə bağlı məsələləri əhatə edir. Bunlar elə məsələlərdir ki, qardaş ölkədə seçki prosesi başlayandan bütün iddiaçıların platformasında açıq deyilir, hətta kənar şəxslər olaraq bizlər bilirik ki, kim bu şərtlərə daha çox uyğun gəlir. Bəlli şeylərin üzərində uzun-uzun düşüncələr anlaşılmır… Qərar vermək Sinan bəy üçün niyə bu qədər çətin olub? Hər şey göz önündə deyilmi?
Yadıma məşhur "Qatır Məmməd" filmindən bir fraqment düşür. Qatır Məmməd Göyüş kişiyə birləşməyi təklif edir, Göyüş "başçı kim olacaq" deyə soruşur, Qatır Məmməd "Mən səni həmişə özümə böyük bilmişəm" deyə kinayəli cavab verir, cavabında Göyüş "İncimə Məmməd, mən gərək əməlli-başlı fikirləşəm" deyir. Kinodan xatırlatmamın ən ibrətamiz yeri Qatırın son cavabıdır: "Bəzən lap çox fikirləşirik, Göyüş kişi"...
Bəzən çox fikirləşirik, Sinan bəy...
Sonda daha bir fikrimi də deyim.
İkinci turda Sinan Oğanın 2.8 milyonluq elektoratı seçkinin taleyində həlledici olmaya da bilər. Çünki ikinci səsverməyə qatılacaq seçicilərin tərkibində və sayında dəyişiklik olacağı ehtimalı böyükdür...
Qardaş ölkə xalqının seçim iradəsi var olsun...
Tahir TAĞIYEV