Azərbaycan və Ermənistan liderlərinin Brüsseldə Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə baş tutan üçtərəfli görüşündə rəsmi Bakının Qarabağda yaşayan ermənilərlə dialoqu məsələsi müzakirə edilib.
Bu barədə Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişelin görüşdən sonrakı bəyanatında bildirilib.
Daha sonra Ş.Mişel bunları qeyd edib: “Biz keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində yaşayan ermənilərin hüquq və təhlükəsizliyi məsələsinə dair fikir mübadiləmizi davam etdirdik. Mən Azərbaycanı beynəlxalq ictimaiyyətlə sıx əməkdaşlıq yolu ilə bu əhalinin hüquq və təhlükəsizliyini təmin etmək üçün müsbət gündəliyin işlənib hazırlanmasında iştirak etməyə təşviq etdim. Mən, həmçinin, Bakı ilə bu əhali arasında şəffaf və konstruktiv dialoq aparılmasına olan ehtiyacı vurğuladım”.
Mişelin “mən Azərbaycanı beynəlxalq ictimaiyyətlə sıx əməkdaşlıq yolu ilə bu əhalinin hüquq və təhlükəsizliyini təmin etmək üçün müsbət gündəliyin işlənib hazırlanmasında iştirak etməyə təşviq etdim” fikri nə deməkdir? Bununla o nə demək istəyir? Axı Azərbaycan bunu öz daxili işi hesab edir. Belə olan halda Mişel nə demək istəyir və nəyə eyham vurur?
“Erməni icması ilə dialoq Azərbaycanın daxili işidir və bu məsələdə hansısa beynəlxalq mexanizmdən söhbət gedə bilməz”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadə buna bir neçə aspektdən yanaşdı: “Brüsseldə Azərbaycan və Ermənistan liderləri arasında keçirilən görüşdə Şarl Mişelin Qarabağda erməni icması ilə bağlı dedikləri, xüsusilə beynəlxalq ictimaiyyətin iştiraki ilə bağlı dialoqu qeyd etməsi İrəvanın təklifidir. Məhz Ermənistan baş naziri Nikol Paşinyan çalışır ki, beynəlxalq səviyyədə erməni icması ilə dialoq təmin olunsun. Daha sonra bu onlara status verilməsi ilə nəticələnsin. Ermənilərin planı və istəkləri əsasən bundan ibarətdir. Məhz bu, Ermənistanın olanıdır. Ancaq Şarl Mişel burada da məsələnin Azərbaycanın daxili məsələsi oldugunu unutmadı. Sadəcə, erməni tərəfini küsdürməmək üçün belə ümumi fikir işlətdi. Əslində bunun elə bir siyasi-hüquqi əsası yoxdur. Hesab edirəm ki, erməni icması ilə dialoq Azərbaycanın daxili işidir və bu məsələdə hansısa beynəlxalq mexanizmdən söhbət gedə bilməz. Azərbaycan bir neçə dəfə bunu reallaşdırıb. Bunun beynəlxalq müstəviyə çıxarılması böhrana gətirib çıxarar. Bu da yeni konfliktdi. Ermənistan bununla da Laçın yolunda nəzarət-buraxılış məntəqəsinin götürülməsinə nail olmağa çalışır. Bu məsələyə üçüncü tərəflər qarışmamali və Azərbaycan özü daxili işini həll etməlidir. Digər oyunçuların olması yalnız böhrana gətirib çıxarır. Bu da bizə lazım deyil. Ona görə ki, bir neçə oyunçunun iştirakı ilə Minsk Qrupunun 30 illik mənasız vasitəçiliyini biz yaxşı bilirik. Buna bənzər hansısa digər beynəlxalq oyunçuların prosesə qoşulmasına və daha sonra təşəbbüsü ələ almalarına yol vermək olmaz”.
Vidadi ORDAHALLI