Ermənistanın baş naziri Nikol Paşinyan Çexiyanın “Respekt” nəşrinə müsahibəsində bildirib ki, Rusiyanın tələblərini qarşılamaqdan məmnunuq, ancaq gördüyümüz işlər bizim üçün "qırmız xətt" hesab olunur: "Sizi narazı salmaq istəməzdik, ancaq özümüzə sanksiya tətbiq edilməsindən narahatıq. Burada gizlin heç nə yoxdur".
Paşinyan bəyan edib ki, Ukrayna hadisələri ilə əlaqədar logistika zəncirləri pozulub. Onun sözlərinə görə, Rusiyaya çatdırılmalı olan bir çox mallar indi üçüncü ölkələr vasitəsilə daşınır. Paşinyan əlavə edib ki, ölkəsi sanksiya mallarına münasibətdə şəffaf olmağa çalışır və bu məsələ ilə bağlı Avropa İttifaqı, ABŞ və Rusiya ilə işləyir.
Çox təzadlı yanaşmadır, Həm pul qazanır, həm də Rusiyaya minnət qoyur. Paşinyanın bu açıqlamasında səmimiyyətdən daha çox siyasi alver cəhdləri hiss edilirmi? NATO məkanında Rusiyaya qarşı sanksiyalara qoşula biləcəyinin anonsunu verməklə nəyi hədəfləyir?
Politoloq Yeganə Hacıyeva “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Ermənistan Rusiyanın təsir dairəsində olsa da, NATO ilə əməkdaşlığa açıq şəkildə can atır: “Hətta elə ölkələr var ki, Ermənistanla bu yöndə əməkdaşlığa maraq da göstərirlər. Bura Fransa, Yunanıstan kimi ölkələri aid edə bilərik. Fransanın Ermənistana təyin etdiyi hərbi attaşesi açıq şəkildə həmin ölkəyə hərbi sahədə yardımlar etdiklərini sübut edən addımlar atır. Faktiki olaraq, bəzi Qərb ölkələrinin Ermənistana hərbi sahədə ciddi işlər gördüyünə dair məlumatlar var. Son zamanlar Ermənistanla Yunanıstan orduları arasında da əməkdaşlıqlar nəzərə çarpır. Hətta birgə hərbi təlimlər də həyata keçirirlər. Belə təlimlərin qəribə adı da var. Maraqlıdır, “Regionlararası” adlanan bu təlim kimə qarşıdır və Ermənistanın həmin formatda nə işi var? Bir neçə belə layihə var ki, Ermənistan orada NATO ölkələri ilə əməkdaşlığa başlayıb. Bu işlərin böyük əksəriyyəti NATO-nun sabiq Baş katibi Rasmussenin əlaqələri vasitəsilə həyata keçirilir. Sabiq Baş katibin özünə məxsus iki təşkilat var ki, Ermənistan onlara külli miqdarda vəsait ödəyir. Sübutlar var ki, Rasmussen vəzifə başında olanda da vəzifə səlahiyyətlərindən Ermənistanın xeyrinə istifadə edib. Paşinyanın Rusiyanı hədələməsi həmin istiqamətdə yerini isti etmək cəhdi ilə bağlıdır. Rusiya hər zaman ətrafında olan ölkələrin NATO ilə əməkdaşlığına qısqanc yanaşıb. Görünən budur ki, Ermənistana bir qədər fərqli yanaşır. Ola bilər ki, bunun dünyada dəyişən geopolitik yeniliklərlə də əlaqəsi var. Ancaq düşünmürəm ki, Ermənistan Rusiyaya qarşı olan sanksiyalarda açıq yer alacaq. Cünki rəsmi İrəvan bu sanksiyalardan Rusiyanı yayındırmaq üçün kifayət qədər ciddi pullar qazanır”.
Məhəmmədəli QƏRİBLİ