Ermənistan rəsmilərinin Qarabağla bağlı təxribatçı xarakterli açıqlamaları azalmaq əvəzinə, nümayişkaranə formada artır.
Ermənistanın hakim “Vətəndaş sazişi” fraksiyasının üzvü, parlamentin müdafiə və təhlükəsizlik məsələləri üzrə komissiyasının rəhbəri Andranik Köçəryan bəyan edib ki, Ermənistan həmişə Azərbaycanın ərazi bütövlüyünü tanıyıb, lakin Qarabağın öz ərazisi və statusu var: “Bu gün “DQR” yəqin ki, ən müstəqil dövlətdir və yaxın 3-4 ildə də belə olacaq. Sonra baxarıq. İndi bir şeyi düzəltmək vacibdir - danışıqlar gedir. Danışıqlar prosesi başa çatdıqda, müzakirələrin bütün məntiqi və addımların ardıcıllığı dərc edildikdə hər şey həll olacaq. Bu gün Azərbaycan Ermənistanın, biz isə onların ərazi bütövlüyünü tanımalıyıq. Amma bir yandan öz fəaliyyətini bəyan etdiyi prinsiplər əsasında qurduğunu deyən Dağlıq Qarabağ da var”.
Bir tərəfdən Paşinyan Brüsseldə Azərbaycanın 86,6 min kvadrat kilometrlik ərazisini tanıdığını deyir, bu biri tərəfdən Köçəryan “Qarabağın öz ərazisi və statusu var” deyir. Yəni Ermənistan təxribatçı mövqedən çıxış edərək “Qarabağsız ərazi bütövlüyünü tanımaq” prinsipindən dəm vurur.
“Qarabağ daxil olmaqla Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazır deyil”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən Demokratik Dəyişim Partiyası Təşkilat Komitəsinin sədri Əli Mustafayevin fikrincə, Ermənistan rəsmilərinin bu sayaq spekulyasiya xarakterli açıqlamaları yeni deyil: “Son 30 ilə baxsaq görərik ki, onlar davamlı olaraq müxtəlif söz oyunları ilə Qarabağı Azərbaycandan ayrı təqdim etməyə çalışırlar. A.Köçəryanın məlum fikirləri də bu söz oyunun bir növ davamıdır. Bütün bunlarda əsas məqsədləri, nəyin bahasına olursa-olsun, Azərbaycanın bir hissəsini ələ keçirməkdir. Konkret Qarabağı işğal etmək. Nəzərə almaq lazımdır ki, bu, erməni xalqının, dövlətinin missiyasıdır. Ona görə də Nikol Paşinyan siyasi oyun oynayır. Gah deyir ki, Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazırdır, gah da deyir Qarabağın buna dəxli yoxdur. Bu isə onu göstərir ki, Qarabağ daxil olmaqla Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazır deyil. Qalan məsələlərin hamısı bir oyundur. Bunlar prosesi uzatmaqla, sanki bir əlverişli məqam gözləyirlər. Xüsusən də Türkiyədəki seçkilər hansısa başqa istiqamətdə nəticələnəcəyi təqdirdə onların revanş götürmək istəkləri, cəhdləri var. Qərbin, Rusiyanın himayəsini arxalarına alıb yenidən Azərbaycan ərazilərini işğal etmək istəkləri var. Bax, əsl gerçəklik bundan ibarətdir. Ona görə də biz arxayın olmamalıyıq. Azərbaycan tərəfi konkret vəziyyəti nəzərə almalıdır və Qarabağla bağlı məsələnin bir həlli var. Qarabağda yaşayan etnik ermənilər ya Azərbaycan vətəndaşlığını qəbul edir, ya da oranı tərk etməlidilər. Bunların heç biri edilmirsə, o zaman həmin ərazi güc yolu ilə nəzarətə götürülür. Bunu edə bilsək, biz Qarabağ məsələsini birdəfəlik həll etmiş olacağıq. Əks təqdirdə Ermənistan rəsmilərinin bu söz oyunları uzun müddət davam edəcək. Ermənilər vaxt uda-uda əlverişli məqamı gözləyəcəklər və fürsət düşən kimi, yenidən hücuma keçəcəklər. Ona görə də biz daha sərt mövqedən çıxış etməliyik”.
Vidadi ORDAHALLI