Mayın 14-də Prezident İlham Əliyev Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb.
Aİ Şurasının Prezidenti Şarl Mişel həmin görüşdə deyib ki, azaraq qarşı tərəfə keçən əsgərlər, əvvəlki kimi, sürətləndirilmiş şəkildə qarşı tərəfə keçirilməlidir:
"Humanitar məsələlərə gəlincə, yaxın həftələrdə daha bir neçə məhbusun azad ediləcəyi anlaşılırdı. Qarşılıqlı anlaşmanın gücləndirilməsinin vacibliyini vurğuladım ki, sadəcə olaraq azaraq digər tərəfə keçən əsgərlər əvvəlki kimi sürətləndirilmiş şəkildə qarşı tərəfə keçirilməlidir. İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması və minalardan təmizlənməsi istiqamətində işlərin gücləndirilməsinin vacibliyini də müzakirə etdik".
Ermənistan bu qəti tələbi yerinə yetirəcəkmi?
Milli Qeyri Hökumət Forumunun prezidenti, hüquq müdafiəçisi Rauf Zeyni “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Brüsseldə keçirilən görüşdə Mişelin Naxçıvandan azaraq Ermənistana keçən əsgərlərimizlə bağlı konkret tələbi Ermənistanda heç də xoş qarşılanmadı: “Çünki onlar hər zaman belə hadisələrin, insanların üzərində siyasət qurmağı bacarırlar. Azərbaycan əsgərlərinin də onların əllərinə keçməsindən siyasət düzəldirlər, tələblər qoyurlar və o tələblərdən müəyyən şeylər çıxarmağa çalışırlar. Ona görə də, Şarl Mişelin belə bir şərt qoyması onlar üçün arzuolunmaz bir məsələdir. Ancaq bütün bunlara baxmayaraq, onlar bu şərtlərə əməl etmək məcburiyyətindədirlər. Əvvəla, bizim əsgərlərin heç bir günahları yoxdur. Onlar yalançı, böhtan kampaniyası ilə günahlandırılıblar. Saxta məhkəmə hökmü verilib onlar haqqında. Ona görə də onlar bizim əsgərləri geri qaytarmasalar, bu çox narazı vəziyyət yaradacaq. Qeyd etmək lazımdır ki, bu, ölkə Prezidenti İlham Əliyevin konkret mövqeyindən irəli gələn məsələdir. Mən tam əminəm ki, o, Şarl Mişelin qarşısında məsələ qoyub ki, bizim əsir düşən hərbiçilərimiz dərhal geri qaytarılmalıdır. Əgər tərəflər müqavilə imzalamaq istəyirsə, belə məsələlər avtomatik olaraq həll olunmalıdır. Elə bu mövqedən irəli gələrək də cənab Mişel belə sərt şərt qoyub ortaya. Düşünürəm ki, Ermənistanın bunu yerinə yetirməkdən başqa yolu qalmır. Amma biz Ermənistanı yaxşı tanıyırıq. Müxtəlif oyunlar və hoqqalar çıxaracaqlar ki, bu şərtə əməl etməsinlər. Əsasən də, bununla alver etməyi düşünürlər. Əsgərlərin verilməsinin müqabilində nəsə əvəz gözləyirlər”.
Qeyd edək ki, Azərbaycan ordusunun hərbi qulluqçuları - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu Ermənistanla sərhəddə olan Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu ərazisində əlverişsiz hava şəraiti şəraitində görmə qabiliyyətinin məhdudlaşdırılması şəraitində itkin düşüblər. Daha sonra Ermənistan mətbuatında Axundov Hüseyn Əhliman oğluna qarşı Ermənistanda işgəncələrin video görüntüləri və fotoları yayılıb.
Mayın 8-də Ermənistanda qondarma “məhkəmə” azərbaycanlı hərbçi Aqşin Bəbirovu 11 il 3 ay müddətinə azadlıqdan məhrum edib. Əsir düşən ikinci əsgərimiz Hüseyn Axundova qarşı saxta “istintaq” davam edir.
Məhəmmədəli QƏRİBLİ