Fransa Ermənistandakı səfirliyinə yeni hərbi attaşe təyin edir. Bu, ilk dəfə 2022-ci ilin sentyabrında Ermənistan Respublikasının müdafiə naziri Suren Papikyanın Fransaya səfəri zamanı yüksək səviyyədə müzakirə edilib və hazırda faktiki rəsmiləşmə mərhələsindədir.
Yayılan məlumaya görə, Fransa hərbi attaşesi Fransanın öldürücü silahlarının Ermənistana tədarükünə nəzarət edəcək. Məlumatda qeyd edilib ki, Parisin Ermənistana öldürücü silahların tədarükü ilə bağlı hərbi-siyasi qərarına əsas dəstəyi şəxsən Fransa Prezidenti Emmanuel Makron verib. Beləliklə, Avropa İttifaqının aparıcı ölkələrindən biri regiona öldürücü silahların verilməsindən imtina etmək kimi ənənəvi ümumavropa siyasətini kobud şəkildə pozub, bununla da regionda hərbi balansa Ermənistanın xeyrinə təsir göstərməyə çalışıb.
“Bu o deməkdir ki, Paris konfrontasiyanı hərbi müstəvidə qızışdırmaq məqsədi güdür”
Sözügedən məsələ ilə bağlı “Bakı-Xəbər”ə açıqlama verən hərbi ekspert Azad İsazadə ümumən Fransanın belə bir addım atmasına birmənalı yanaşmasa da, bunu istisna da etmədi: “Məlum olduğu kimi, Fransa Avropa İttifaqının aparıcı üzvlərindən biridir. Avroittifaqın daxili qanunlarına görə, münaqişə olan ölkələrə silah vermək olmaz. Belə bir hal baş verərsə və bu təsdiqini taparsa, o zaman belə qərar Avropada ciddi etirazlarla üzləşə bilər. İkincisi, vasitəçi qismində çıxış edən ölkə münaqişə tərəflərindən birinə silah verərsə, o zaman danışıqlar prosesindən çıxmalıdır. Məlum olduğu kimi, ATƏT-in Minsk Qrupu praktiki olaraq fəaliyyət göstərməsə də, Fransa digər formatlarda vasitəçi qismində çıxış etmək istəyir. Ən azından, Avropa İttifaqının vasitəçiliyi ilə ötən ilin oktyabrında Praqada keçirilən danışıqlarda Fransa prezidenti Makron da iştirak edib. Görünən odur ki, bütün vasitələrlə Fransa çalışır sülh prosesində hansısa formada iştirak etsin. Fransanın Ermənistana yeni silahlar verməsi təsdiqini taparsa, bu zaman danışıqlarda neytral vasitəçi statusunu tamamilə itirmiş olacaq. Onsuz da Azərbaycan Fransanı neytral vasitəçi kimi qəbul etmir. Çünki rəsmi Paris açıq şəkildə tərəfkeşlik edir və Ermənistanın mövqeyindən çıxış edir. Bu tərəfdən də Fransanın Ermənistana silah verməsi tamamilə yeni vəziyyət yaradır. Bu o deməkdir ki, Paris konfrontasiyanı hərbi müstəvidə qızışdırmaq məqsədi güdür. Bu zaman əlimizdə real arqumentlər olacaq və bu, Fransanın əleyhinə işləyəcək. Ola bilsin ki, belə bir informasiyanı dövriyyəyə buraxmaqla fransızlar onun çəkindirici gücə malik olacağını düşünüblər. Belə versiyanı da istisna etmək olmaz. İstənilən halda, çox mürəkkəb bir prosesdir, amma heç nəyi istisna etmək olmaz. Yəni hər şey ola bilər. Ona görə ki, son bir neçə ayda Fransa Qafqazla bağlı aqressiv siyasi mövqe sərgiləyir”.
Vidadi ORDAHALLI