Qarabağda Rusiya sülhməramlıları ilə yanaşı fəaliyyət göstərən əsas xarici təşkilat Beynəlxalq Qırmızı Xaç Komitəsidir. Komitə, faktiki olaraq, Xankəndidəki missiyasını İrəvandan idarə edir. Halbuki, Xankəndi Azərbaycanın ərazisidir və bu, BMT tərəfindən qəbul edilmiş faktdır.
Bütün bunlar azmış kimi, BQXK də ermənilərə satılıb. Mayın 9-da BQXK bəyan edib ki, Xankəndidən Ermənistana xəstələrin aparılmasını dayandırmalı olublar. Guya Azərbaycan Laçın yolunun başlanğıcında nəzarət-buraxılış məntəqəsi qurandan sonra Qarabağdan Ermənistana xəstələrin daşınmasına imkan vermir. Halbuki, bu deyilənlərin heç bir əsası yoxdur. Necə olur ki, Laçın yolundan mülki ermənilər gedib-gələ bilir, amma xəstələrin çıxarılmasına imkan verilmir? Xüsusən də BQXK-nin avtomobillərinə heç bir maneə yoxdur. Görünən odur ki, BQXK də ermənilərə satıldı və belə yalan məlumatlar yaymaqla məşğuldur.
“Bununla vəziyyəti dramatikləşdirmək məqsədi güdürlər və açıq şəkildə ermənipərəst mövqedən çıxış edirlər”
“Bakı-Xəbər”ə açıqlama verən sabiq millət vəkili, hüquqşünas Qulamhüseyn Əlibəyli hesab edir ki, BQXK təmsilçilərinin səsləndirdiyi fikirlər ağ yalandır: “Bu, ermənilərin şaxələnmiş yalanlarından biridir və BQXK də onların bu yalanlarının təsiri altına düşüb. Elə vaxt olub ki, BQXK avtomobilləri ilə silah aparılsa belə, onların maşınları yoxlanılmayıb. Mülki ermənilər yoldan istifadə edirsə, o zaman necə olur ki, BQXK-nin xəstələri çıxarmasına imkan verilmir? Bu mümkün olan iş deyil. Hər bir suveren ölkənin hüququdur ki, öz sərhəddində buraxılış məntəqələri qursun. BQXK ölkəmizdə fəaliyyət göstərirsə, bizim qanunlara əməl etməlidir. Komitə, faktiki olaraq, Xankəndidəki missiyasını İrəvandan idarə edir. Halbuki, Xankəndi Azərbaycanın ərazisidir və bu BMT tərəfindən qəbul edilib. 44 günlük müharibədən sonra Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib. Belə olan halda BQXK-nin Xankəndidəki ofisinin Ermənistana bağlı olması qondarma vəziyyət yaradır. Çünki bununla BQXK Azərbaycanın ərazi bütövlüyünü pozur və humanitar missiyasını siyasiləşdirmiş olur. Nəticədə Komitənin Xankəndidəki ofisinin Ermənistana bağlı olması Qarabağdakı separatçılara bu və ya digər formada dəstək, onların mövcudluğuna de-fakto tərəf çıxmaq deməkdir. Komitə də özünü beynəlxalq təşkilat hesab edirsə, o zaman beynəlxalq hüququn tələblərinə əməl etməlidir. Ancaq biz görürük ki, BQXK-ni təmsil edənlər ermənilərin təsiri altına düşərək siyasiləşmiş açıqlamalarla çıxış edirlər. Bununla vəziyyəti dramatikləşdirmək məqsədi güdürlər və açıq şəkildə ermənipərəst mövqedən çıxış edirlər. Bu baxımdan hesab edirəm ki, belə halların qarşısı alınmalıdır”.
Vidadi ORDAHALLI