Ermənistan Konstitusiya Məhkəməsinin keçmiş Aparat rəhbəri Edqar Qazaryan baş nazirlik ofisinə yazılı sorğu göndərib.
“İnanıram ki, qaldırılan sualların cavabları təkcə məni deyil, bütün cəmiyyəti narahat edir. Cavabı alan kimi dərc etməyi özümə məcburi hesab edirəm”, - deyə Qazaryan öz Facebook səhifəsində sorğunun skrinşotunu yerləşdirərək yazıb.
Müraciətdə deyilir:
“2023-cü il mayın 5-də Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan Çexiyanın erməni icmasının nümayəndələri ilə görüşü zamanı bu fikri ifadə etdi: “...Son 5 il ərzində mən yüzlərlə dəfə öldüm və yüzlərlə dəfə dirildim...”
Ermənistan Respublikası Konstitusiyasının 42 və 51-ci maddələrinə, “İnformasiya azadlığı haqqında” Ermənistan Respublikası Qanununun 6-cı maddəsinə əsasən, Paşinyanın ötən müddət ərzində öldüyü və dirildiyi bütün günlər barədə məlumat vermənizi xahiş edirəm.
Eyni zamanda, aşağıdakı suallara cavab verməyinizi xahiş edirik:
Baş nazir Nikol Paşinyanı ölümü zamanı – dirilməsinə qədər kim əvəz edib?
Ermənistan Respublikası Konstitusiyasının 158-ci maddəsinə uyğun olaraq baş nazirin vəfatı ilə əlaqədar baş nazir vəzifəsinin boş qaldığı günlərdə hansı proseslər baş verib?
Nikol Paşinyanın maaşı öldüyü günlərə görə hesablanıbmı?
Bu amil Ermənistan siyasətindəki qeyri-ciddi təzahürlərdən xəbər verir. Təbiidir ki, Paşinyan bunu məcazi mənada deyib, ancaq bunu ciddiləşdiriblər. Sorğunu verən də bilir ki, söhbət fiziki ölməkdən yox, mənəvi ölməkdən gedir. Ancaq buna baxmayaraq, yenə də Paşinyanı ələ salırlar.
Azərbaycan Sosialist Partiyasının sədri Elşən Həsənov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Ermənistan Konstitusiya Məhkəməsinin keçmiş aparat rəhbəri Edqar Kazaryanın Baş nazirin aparatına ünvanladığı yazılı sorğusunu oxuyunca onun yumor və ya satira hisslərini dəyərləndirməmək olmaz: “Necə deyərlər, bu da bu!
Ədəbi-ritorik janr olaraq özündə yumor, satira elementlərini ehtiva edən, sarkazm və ironiya qatılmış yazı köşə yazısı və ya maksimum sosial şəbəkə statusu formatından çıxarılaraq hakimiyyətə ünvanlanmış rəsmi sorğu səviyyəsinə qədər diqqətə çatdırılırsa, bu artıq, hakimiyyət daxilində mübarizənin qeyri-ciddi təzahüründən xəbər vermiş olur ki, bu da Ermənistan siyasi palitrasını özündə əks etdirir.
Bu yaxınlarda ABŞ-da yüksək səviyyədə keçirilmiş Azərbaycan – Ermənistan danışıqlarından sonra elə həmin Baş nazirin söylədiyi – Xarici işlər nazirinin fikirləri onun öz fikirləridir – kimi heç bir siyasi etika və normal düşüncə tərzinə sığmayan bir mühitdə bundan artığına ümid etməyin heç yeri də yoxdu məncə. Bu, həm də, Paşinyan barədə qeyri-ciddi adam imici formalaşdırmaq cəhdidir”.
Məhəmmədəli QƏRİBLİ