Məlum olduğu kimi, Birləşmiş Ştatlardakı erməni lobbisi konqresmenlərdən uzun illərdir öz məqsədləri üçün istifadə edir. Konqresdə təmsil olunan bir sıra konqresmenlərin erməni diasporası tərəfindən satın alınması da sirr deyil.
Bu arada erməni lobbisi Azərbaycana qarşı ABŞ Senatını hərəkətə gətirib. ABŞ Senatının Xarici Əlaqələr Komitəsi bəyanat yayıb. Bəyanatda deyilir ki, Vaşinqton Laçın yolunun açılması üçün Bakıya təzyiq göstərməklə yanaşı, Azərbaycanın yüksək rütbəli məmurlarına qarşı da sanksiyalar tətbiq etməlidir: “Bakının Dağlıq Qarabağı blokadasından 150 gün sonra məlum olur ki, Əliyev humanitar böhran yaradır və kritik infrastruktura elektrik enerjisinin verilməsini kəsir. Laçın dəhlizinin açılması üçün Bakıya təzyiq göstərməklə yanaşı, Azərbaycanın yüksək rütbəli məmurlarına qarşı sanksiyalar masada olmalıdır”.
Görünən odur ki, erməni lobbisi ABŞ Senatının Komitəsini də satın alıb. Artıq ABŞ Senatı erməni lobbisinin çaldığı havaya oynayır. Məgər Qarabağ blokadaya alınıb?
“Bu necə blokadadır ki, hər gün onlarla maşın Laçın yolu ilə Qarabağa daxil olur və əks istiqamətdə hərəkət edir?”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən siyasi ekspert Elşad Həsənov hesab edir ki, bütün bunlar ermənilərin növbəti oyunlarıdır: “Nikol Paşinyan mayın 9-da Moskvada olarkən Laçın yolu ilə bağlı Rusiyaya şikayət etdi. Qarabağ ermənilərinin “blokadaya” salınması haqda əsası olmayan fikirlər səsləndirdi. Ardınca digər xarici dövlətlərə bu barədə şikayət etdi. Bununla yanaşı, İrəvana gələn Rusiya XİN nümayəndəsi İqor Xovayevə blokada haqqında yenidən şikayət etdi. Halbuki, Azərbaycan Qarabağı blokadaya almayıb. Bu necə blokadadır ki, hər gün onlarla maşın Laçın yolu ilə Qarabağa daxil olur və əks istiqamətdə hərəkət edir? Azərbaycanın Laçın yolunun başlanğıcında qurduğu nəzarət-buraxılış məntəqəsindən ermənilər rahatlıqla keçir. Onlara hansısa təzyiq yoxdur, sənədlərini təqdim etməklə qısa yoxlanışdan sonra yollarına davam edirlər. Məgər bütün bunları ABŞ senatorları bilmir? Çox yaxşı bilirlər. Problem ondadır ki, Birləşmiş Ştatlarda bir sıra konqresmenlər, senatorlar uzun illərdir erməni lobbisinin əlində alətə çevriliblər. Erməni lobbisindən bəsləndikləri üçün onların girovuna çevriliblər. Blokada ilə bağlı deyilənlər informasiya müharibəsinin bir detalıdır və senatorlar da bundan istifadə edirlər. Halbuki, kəşfiyyatçılar, diplomatlar, ABŞ-ın İrəvandakı səfirliyinin heyəti çox gözəl bilir ki, Qarabağda blokada yoxdur. Qarabağda yaşayan ermənilər sərbəst şəkildə gedib-gəlirlər. Fərq yalnız ondan ibarətdir ki, Laçın yolu ilə Qarabağa silah daşınmasının qarşısı alınıb. Revanşist qüvvələr, o cümlədən xarici vətəndaşlar artıq Qarabağa gedə bilmir. Bu da, təbii ki, Azərbaycanın suveren hüququdur. Azərbaycan dövləti qanun çərçivəsində iş aparır və ərazisinə terrorçuların, silahlı quldur dəstələrinin daxil olmasına imkan vermir. Bu bütün dünyada belədir. O baxımdan ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin yaydığı bəyanat absurddur. Bu, Azərbaycan dövlətinin daxili işlərinə qarışmaqdır. Heç bir təzyiq vasitəsi Azərbaycanı öz düz yolundan çəkindirə bilməz”.
Vidadi ORDAHALLI