Azərbaycanlılar işğal altında olan Hadrut şəhərinin mərkəzi kitabxanasını dağıdıblar. Bu barədə “Artsakhpress”-ə müsahibəsində kitabxananın direktoru Varsik Amircanyan bildirdi.
O qeyd edib ki, Hadrut şəhərindəki kitabxana binasını tamamilə dağıdılıb: “Hadrutun mərkəzi kitabxana binası hələ 1932-ci ildə tikilib. Azərbaycanlıların yayımladığı videodan da görünür ki, kitabxananın binasından, demək olar, heç nə qalmayıb. 2020-ci ilin məlumatına görə, kitabxananın fondunda 39 720-yə yaxın kitab olub. Hazırda kitab fondundan heç bir məlumat yoxdur”.
“Azərbaycan dağıdıcı təfəkkürdə deyil, bu cür düşüncə, dağıtmaq, məhv etmək yalnız ermənilərə məxsusdur”
Mövzu ilə bağlı siyasi şərhçi Azər Həsrət “Bakı-Xəbər”-ə açıqlamasında qeyd etdi ki, belə əsassız iddialarla ermənilərin çıxış erməsi bizi təəccübləndirmir: “Danılmaz faktdır ki, onların özləri müxtəlif əməllər törədir və öz gördükləri işi də bizim adımıza yazırlar. Indi də iddia edirlər ki, guya azərbaycanlılar Hadrutda olan kitabxananı dağıdıb. Azərbaycan niyə mədəniyyətini məhv etsin? Illərdir onlar Azərbaycan mədəniyyəti məhv edir, bunu bütün dünya bilir. Ermənilən məlum fikrinə az da olsa inananlar Azərbaycanın torpaqlarını işğaldan azad etdikdən sonra nələr etdiyinə diqqət etsə daha yaxşı olar. Danılmaz faktdır ki, Azərbaycan qısa müddətdə işğaldan azad edilmiş torpaqlarda dinc tikinti quruculuq işləri görür, o əraziləri yenidən dirçəldir. Ermənilər tərəfindən dağıdılmış abidələrimiz bərpa edilir. Yaşayış məntəqələri salınır, yollar düzəlir. Bu işləri görən bir dövlət kitabxananı dağıdarmı? Biz niyə kitabxananı dağıtmalıyıq? Nəzərə almaq lazımdır ki, Azərbaycan dağıdıcı təfəkkürdə deyil. Bu cür düşüncə, dağıtmaq, məhv etmək yalnız ermənilərə məxsusdur. Məlumdur ki, ermənilər 30 illik işğal dövründə kitabxanaları, muzeyləri, abidələri, ibadət yerlərini birsözlə Azərbaycan mədəniyyətini dağıdaraq məhv ediblər. Biz o millətik ki, Bakının ortasında erməni kilsəsini onları özləri olmadan belə qoruyuruq və üstəlik onun içərisində olan çoxsaylı zəngin kitabları belə qoruyuruq. Bizə belə bir ittiham irəli sürməzdən əvvəl bu faktları nəzərə alsınlar. Bakıda olan həmin kitabxananı biz qoruyuruqsa Hadrutda olan kitabları niyə məhv edək?”.
Günel CƏLİLOVA